Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub +FOTO=5

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub +FOTO=5

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub 

 

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) Yaponiyada fəaliyyət göstərən dünya şöhrətli azərbaycanlı alim, LCD monitorun əsas yaradıcılarından biri professor Xəlil Kələntərlə görüş keçirilib.

 

Görüşdə AMEA YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, YTP-nin rezidentləri – “Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov, Təcrübə-Sənaye Zavodunun (TSZ) icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov və bir sıra aidiyyəti şəxslər iştirak ediblər.

 

Görüşdə prof. Xəlil Kələntərə texnoparkın əsas fəaliyyət istiqamətləri, istehsal olunan məhsullar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artrılması və ən əsası elmin kommersiyalaşmasını icra etməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verən YTP Azərbaycanda elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əməkdaşlıq edir.

 

Daha sonra qonaq YTP-nin ərazisi, texnoparkın rezidentlərinin istehsal sahələri ilə yaxından tanış olub, alimə istehsal olunan innovativ texnoloji məhsulların imkanları barədə ətraflı məlumat verilib. Həmçinin “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən istehsal olunan dronların, yeni inkubator rezident “Troniq” MMC-nin istehsal etdiyi robototexnikanın imkanları əyani nümayiş etdirilib.

 

Professor Xəlil Kələntər TSZ-də dünya standartlarına tam cavab verən yerli baza yağları əsasında mühərrik yağlarının istehsalı prosesi ilə də yaxından tanış olub. O, bundan başqa, AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işlərinə baxış keçirib. Qeyd olunub ki, Milli Akkreditasiyadan keçmiş, müasir tələblərə cavab verən 4 laboratoriyadan ibarət bu Mərkəz ən yeni texnoloji avadanlıqlarla təchiz olunub.

 

Qonaq YTP-də yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib. Gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasına dair fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, professor Xəlil Kələntər dünya elminə verdiyi böyük töhfələri, əldə etdiyi elmi nailiyyətləri nəzərə alınaraq bu günlərdə 27 mart - “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]