Hərəkət etməkdə çətinlik, titrəmə və ağrı - Parkinson xəstəliyi necə yaranır? - MÜSAHİBƏ

Hərəkət etməkdə çətinlik, titrəmə və ağrı - Parkinson xəstəliyi necə yaranır? - MÜSAHİBƏ

Aprelin 11-i Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd edilir. Xəstəliyi təsvir edən ingilis alimi Ceyms Parkinson  XIX əsrin əvvəllərində onu “titrəyən iflic” adlandırmışdır.  Parkinson mərkəzi sinir sistemində dopamin neyronlarının azalıb yox olması ilə inkişaf edir. Dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan  bu xəstəliyə daha çox yaşlı insanlarda rast gəlinir. Mərkəzi Gömrük Hospitalının həkim-nevroloqu Arzu Məhərrəmova Parkinson  xəstəliyinin yaranma səbəbləri və müasir müalicəsinə dair suallarımızı cavablandırıb.


Arzu xanım, parkinson xəstəliyi necə yaranır? Bu xəstəliyin əmələgəlmə səbəbləri nələrdir?


Parkinson xəstəliyi beyində yerləşən substansia nigra (qara maddə) adlanan hissəsində dofamin sintez edən neyronların öldüyü zaman yaranır. Bu neyronlar normal olaraq beyin hüceyrələri arasında əlaqə yaranmasında rol oynayan dofamin adlanan neyrotransmitteri istehsal edir. Bu hüceyrələr öldükcə dofaminin sintezi azalır. Beynin bu sahəsi hərəkətləri idarə eden mərkəzdir. Dofaminin azalmasi parkinsonlu xəstələrdə hərəkət pozulmalarına səbəb olur. Parkinson xəstəliyi əllərin titrəməsi, hərəkətlərin azalması və yavaşlaması, əzələlərdə sərtlik,  postural reflekslərdə azalma (tarazlıqda dayanmada çətinlik, yıxılma) kimi simptomları olan, yavaş inkişaf edən neyrodegenerativ xəstəlikdir.


Parkinson xəstəliyinin qarşısını necə almaq olar?


Sadəcə Parkinson xəstəlikləri deyil, bütün neyrodegenerativ beyin xəstəliklərindən qorunmaq üçün düzgün, sağlam və balanslaşdırılmış qidalanma  seçilməli, zərərli vərdişlərdən, konservantlardan, emal edilmiş qidalardan uzaq durmaq lazımdır. Belə ki, Parkinson xəstəliyinin qarşısını almaq və mümkün olan maksimum sağlamlığı inkişaf etdirmək üçün xəstələr müntəzəm olaraq sağlam pəhriz saxlamalıdırlar.  Rasional  yaşıl tərəvəzlər, meyvələr, tərkibində vitaminlər, zülallar, minerallar, antioksidantlar və sağlam yağlar olan qida növlərindən ibarət olmalıdır. Gün ərzində  2-3 saat aralarla az miqdarda yemək qəbulu tövsiyə olunur. Gün ərzində lif və bol su (2-2,5 lt) qəbul edilməlidir. Yuxu insan beyninin öz funksiyalarını düzgün yerinə yetirməsi və Parkinson xəstəliyinin qarşısının alınması üçün çox vacibdir. Parkinson xəstəliyinin qarşısını almaq üçün tibbi müayinə və müalicələri vaxtında etmək lazımdır.


Daha çox hansı yaşda olan insanlar bu xəstəliyə tutulur?


Yaşlanma bütün neyrodegenerativ xəstəliklər üçün risk faktorudur. Parkinson xəstəlikləri üçün isə ortalama başlanğıc yaşı 60-dır. Bu problem 60 yaşdan yuxarı əhalinin 1%-ni əhatə etdiyi halda, 85 yaşın üzərindəki insanlarda 5%-ə qədər yüksəlməkdədir. Kişilərdə bu xəstəliyə qadınlara nisbətən daha çox rast gəlinir.


Parkinson xəstəliyinin ilkin əlamətlərini necə ayırd etmək olar?


Xəstəliyin erkən simptomları– qoxuda azalma və ya qoxu itməsi, yuxu pozğunluğu, depresiya kimi simptomlarla özünü göstərir. Bu erkən əlamətlər çox zaman diqqətdən qaçmaqdadır. Həkimə müraciət edərkən əsasən hərəkət etməkdə çətinlik, titrəmə, ağrı kimi əlamətlər qeyd olunur.


Son illər Parkinson xəstəliyinin müalicəsində hansı müasir və innovativ metodlar tətbiq olunur?


Parkinson inkişaf edən, zaman keçdikcə daha çox simptomlarla özünü göstərən və xəstənin vəziyyətini ağırlaşdıran bir xəstəlikdir. Doğru müalicə və təqib sayəsində bir çox xəstə uzun müddət normal həyatına davam edə bilər. Erkən müalicə ilə  xəstəliyin gedişatını yavaşlatmaq mümkündür. Bu xəstəlikdə cərrahi müalicə ( dərin beyin stimulasyonu, levodopa infüzyonu və digər cərrahi müdaxilələr) formaları mövcud olsa da, bu, ilkin seçiləcək yol deyil. Xəstəlik nəzarət edilə bilmirsə və ya  dərman ilə yan təsir ortaya çıxırsa, o zaman cərrahi yol seçilə bilər. Müalicə zamanı əsas prinsip hər xəstəyə eyni müalicə deyil, xəstəliyin simptomlarına və onun hansı mərhələdə olmasına, eləcə də yaş və yanaşı xəstəliklərə görə fərqli üsuallar tətbiq etməkdir.


Xəstəliyin yaranmasında genetik faktorlar nə dərəcədə rol oynayır?


Xəstələrin 5-10%-ndə genetik faktorlar, ailədən keçid formaları görülməkdədir. Pasiyentlərin əksər hissəsində bu epigenetik faktorlar ilə yanaşı, yaşam tərzi, ətraf mühitin də təsiri ilə xəstəlik ortaya çıxmaqdadır.


Tarixdə hansı məşhur insanlar bu xəstəlikdən əziyyət çəkib?


Məşhur insanlar  arasında da bu xəstəlikdən əziyyət çəkənlər olub. Onlara Məhəmməd Əli (boksçu), Maykl Foks və Robin Vilyams (aktyor), Bülent Ecevit (siyasətçi) və s. misal göstərmək olar.
 


Müsahibə üçün təşəkkür edirik!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]