"COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşmalar" mövzusunda seminar keçirilib - FOTO

"COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşmalar" mövzusunda seminar keçirilib - FOTO

5 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə “COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşmalar” mövzusunda seminar həyata keçirilib.


Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov seminar iştirakçılarını salamlayaraq qurumlararası əməkdaşlıq sahəsində ilk təcrübə olan seminarın təkcə elmi-praktik baxımdan deyil, həm də hər iki təşkilatın tibb idarələri arasında gələcək qurumlararası əməkdaşlıq perspektivləri üçün də əhəmiyyətli olduğunu qeyd edib. Pandemiya ilə mübarizədə Mərkəzi Gömrük Hospitalının həkimlərinin təqdirəlayiq təcrübə əldə etdiklərini qeyd edən İftixar Qurbanov çıxışının sonunda seminar iştirakçılarına və məruzəçilərə uğurlar arzu edib.


Seminarın rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, tibb xidməti mayoru İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, eləcə də idarənin tabeliyində çalışan qurumların fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təcrübə mübadiləsi üçün hər zaman əməkdaşlığa hazır olduğunu qeyd edən İsmayıl Əfəndiyev çıxışının sonunda seminar iştirakçılarını müzakirələrdə aktiv olmağa dəvət edib.


Seminarın rəsmi hissəsində eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibb xidmətinin Vərəm üzrə təlim mərkəzinin rəisi, tibb xidməti mayoru İradə Məmmədova və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, gömrük xidməti kiçik leytenantı Şəhla Mirzəzadə də çıxış edib. Onlar müvafiq olaraq həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də həkimlərin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi istiqamətində Vərəm üzrə təlim Mərkəzi və Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən həyata keçirilmiş elmi tədbirlər barədə məlumat veriblər, həkimlərin təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.


Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibb xidmətinin Vərəm üzrə təlim mərkəzində həyata keçirilmiş seminarın rəsmi hissəsindən sonra Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi, tibb xidməti mayoru Sevinc Gülmalıyeva “COVID-19 infeksiyasının diaqnostika və müalicəsində laborator müayinələrin əhəmiyyəti”, Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti, tibb xidməti leytenantı Mədinə Abdullayeva “COVID-19 müalicəsində diqqət edilməli vacib məqamlar”, Mərkəzi Gömrük Hospitalının terapevti, tibb xidməti leytenantı Xumar Novruzova “Postkovid sindrom: nələrə diqqət etməliyik?” mövzularında məruzələrlə çıxış ediblər. Təqdimatlardan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş idarəsinin tabeliyindəki müxətlif müəssisələrin 25 nəfər müvafiq ixtisaslı həkimlərinin iştirakı ilə həyata keçirilmiş seminar eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]