Ağalar İdrisoğlu: İki qardaşın söhbəti

Ağalar İdrisoğlu: İki qardaşın söhbəti

Ağalar İdrisoğlu: İki qardaşın söhbəti

(Bədii, sənədli həyat hekayəsi)

 

-Salam, qardaşım Ağalar. Necəsən?

 

-Salam. Belə də. Səhhətim pis deyil, əlhəmdülillah, qardaşım Ağa. Amma dərdimi dağıtmaq, evsizlik problemimi unutmaqçün yenə də dəniz sahilinə gəlmişəm...

 

-Bilirəm. Evsizlik sənə çox böyük əzab, əziyyət verir. Bunu da yuxarıda əyləşən daş ürəkli məmurlar başa düşə bilmir ki, bilmir... Daha xahiş-minnət edəcəyin yüksək rütbəli məmur qalmayıb. Eşitmişəm, son ümid yeri kimi, Ulu Tanrıya müraciət etmək istəyirsən...

 

-Yüksək rütbəli məmurların məni başa düşməsi üçün onlar mən yaşadığım dərdi, problemi yaşamalıdırlar. Axı onlar mənim kimi, on nəfər ailə üzvü ilə iki otaqlı mənzildə yaşamırlar. Onların hər birinin sağlığına qismət olsun, ən azından beş-on evi, villaları, bağları var. Mənim isə vur-tut iki otaqlı mənzilim var.

 

-Sən də əgər hansısa kapitalist ölkəsində yaşasaydın, yazdığın 7 romana, 10 povestə, 16 pyesə, 20-dən çox ssenariyə, 150 hekayəyə, 1500 publisist yazıya, məqaləyə, oçerkə, rejissor kimi quruluş veridyin 140 tamaşaya, aktyor kimi oynadığın 40 rola görə aldığın qonorarın hesabına bir neçə evin, villan, geniş bağın olardı.

 

-Hə, elədi. Bizdə isə bədii əsərlərə, incəsənətə indi lazım olan qiymət verilmir qardaş. Bu sahələrdə çalışanlar indi çox məşəqqətli, ağır durumda yaşayırlar. Gərək elə Moskvada oxuduğum vaxt müəllimlərimin sözünə qulaq asıb, orada qalıb işləməliydim. Dedim Vətəndi. Bura döndüm. Fikirləşdim, mən burada daha çox lazım ola bilərəm. Amma düşünmədim, ağlıma gəlmədi ki, buradakı “çaqqallar”, şərəfsizlər mənə imkan verməyəcək... Hər an qarşımı kəsəcəklər. Əgər Moskvada qalsaydım, indi özümə hər cürə şərait yaradardım. Özü də aldığım əmək haqqı ilə. Yazdığım əsərlərin qonorarı ilə.

 

-Axı sən elə bu məmləkətdə də 26 il teatrlara rəhbərlik eləyibsən. Bəs nə əcəb başqa rəhbərlər kimi rüşvət alıb, özünə bir yaxşı şərait yaratmayıbsan? Axı bu məmləkətdə rəhbər işləyən adam ilk öncə özünü, öz ətrafını, qohumlarını, tayfasını fikirləşir, sonra işçilərini.

 

-Beş barmağın beşi də bir olmur, qardaş. Elə mənim vaxtımda, mənim kimi rüşvət almayan, işçilərini birinci, özünü ikinci fikirləşən rəhbərlər də olub. Elə onlar da indi mənim günümdədir... Çoxları da ehtiyac, səfalət, ehtinasızlıq ucbatından artıq dünyasını dəyişiblər.

 

-Bəs eşitməyibsən ki, düz olan elə düzdə qalar?

 

-O vaxt biz öz işçilərimizin üzünə kişi kimi mərdi-mərdanə baxmaq istəyirdik.

 

-Söz dedin də. Kişilik elə sizə qalmışdı...

 

-Axı mən elə ailədə tərbiyə almışdım ki, o ailəyə bir manat da kənar yerdən rüşvət adında pul, hədiyyə gəlməmişdi. Hər birimiz öz zəhmətimizin qazancını yemişik. Çünki işləməyə başlayanda dədəmiz bizə belə demişdi: “Kimdənsə bir manat rüşvət alsanız, elə həmin günü fikirləşin ki, mənim övladım deyilsiniz. Bilin ki, kimdənsə rüşvət alıb, gözü kölgəli yaşamaq kişi hərəkəti deyil”.

 

-Hə. Çox tərs kişi idi dədəmiz. Sözü də bircə dəfə deyirdi... Mən göydən, mələklərin yanından onun bu hərəkətini çox seyr eləmişəm. Qocalana kimi xəncəri də belindən çıxarmadı...

 

-Elə kişinin özladları rüşvətxor ola bilməzdi. O, çörək verən kişi olduğuna görə biz də öz işimizdə insanlara çörək vermişik. Hətta imkanım olub ki, mən ev bölgüsündə özümə ən azı üç otaqlı əlavə mənzil də götürə bilərdim. Buna görə heç bir işçim mənə heç nə deməzdi. Amma onlar evsiz olduğuna görə mən həmin evləri onlara vermişəm.

 

-Buna görə heç olmasa sonra sənə “sağ ol” deyən olubmu?

 

-Bəziləri olub, bəziləri yox... Belə fikirləşiblər ki, bu, mənim borcumdur.

 

-Bax, görürsənmi? Əgər həmin evləri özün götürsəydin indi daş ürəkli məmurlardan ev istəməzdin... Nə isə... Mən qanını qaraltmaq istəmirəm. İstəyirəm yadına salım ki, mart ayının 16-sı sənin ad günündür.

 

-Mart ayının 15-də sənin ad günüdür. Sən məndən düz on yaş böyüksən. Anam deyirdi ki, sən 1940-cı ilin mart ayının 15-də anadan olmuşdun. Ad gününə 16 gün qalmış, 1944-cü ilin fevral ayının 28-də dörd yaşında haqq dünyana qovuşubsan.

 

-Hə. Həmin vaxtı atamız müharibədə idi. Məndən böyük iki qrdaşımız -Balaməmmədlə Həzrxanı da anamız dolandıra bilmədiyindən dayımız Davud kişi internata vermişdi. Evdə xəstə anamla mən qalmışdım. Həmin gün çox möhkəm qar yağmışdı. Bir çovğun vardı ki, gəl görəsən. Evimiz də çox soyuq idi.

 

-Anam mənə bunları danışıb. Hər dəfə həmin günü yada salanda ala gözləri bulud kimi dolurdu, hönkür-hönkür ağlayırdı. Mən də ona qoşulub ağlayırdım...

 

-Həmin vaxtı atamız müharibədə olduğundan, dayımız da öz ailəsini, müharibədə olan qardaşlarının ailəsini dolandırdığından, bizə də azdan-çoxdan köməklik edirdi. Amma həmin gün evimizdə yeməyə heç nə yox idi. Anam məni sakitləşdirirdi ki, səhər açılsın, qonşulardan bir tikə də olsa çörək taparıq sən yeyərsən. Səhər isə açılmaq bilmirdi...

 

-Anam özü yaxşı bilirdi ki, qonşularda da çörək yoxdur. Xəstəlikdən, aclıqdan əziyyət çəkən dörd yaşlı səni sakitləşdirməyə çalışırdı ki, təki sabah açılsın. Sabah isə heç cürə açılmaq bilmirdi... Anam deyirdi ki, mən nə qədər yaşamışam həmin gecə kimi uzun, əzablı gecə heç vaxt görməmişəm və yaşamamışam...

 

-Hə. Sabah açılmaq bilmirdi... Anamız onsuz da nazik olan paltarına məni möhkəm büksə də isinmirdim, qızınmırdım. Anamın ürək döyüntüsünü eşidir, üzümə tökülən göz yaşlarını görürdüm. Üzümə tökülən göz yaşları bir andaca soyuyur, buz parçasına çevrilir və elə bil üzümü dağlayırdı. Anam məni sakitləşdirmək üçün laylalar, bayatılar deyirdi. Amma xəstəlik və aclıq mənə elə güc gəlmişdi ki, onları eşitsəm də başa düşə bilmirdim... Həmin gecə məni mələklər yanına çağırırdı... Gəlib qapımızın ağzında dayanmışdılar. Özü də elə gözəl idilər ki... Ağ qanadları vardı. Adam elə özü onlara qoşulub getmək istəyirdi...

 

-Anam bunu da mənə danışıb. Deyirdi ki, “sən deyirmişsən ki, möhkəm yatmaq istəyirsən, amma yata bilmirsən”. Deməli, həmin “möhkəm yatmağ”ı mələkləri gördüyünə görə əbədi yuxuya getmək kimi başa düşürmüşsən.

 

-Hə. Fikirləşirdim ki, yatsam, yəqin aclıq da, xəstəlik də keçib gedəcək...

 

- Amma yata bilmədin. Beləcə anamızın qucağında zarıdın və sonra... sonra əbədi yuxuya getdin. Bilirsən, səndən sonra anamız necə bir sağalmaz xəstəliyə tutuldu? Ürəkkeçmə xəsəliyinə. Qonşu arvadların köməkliyi ilə həyətin bir küncündə, sən anadan olan gün dədəmizin sənin şərəfinə əkdiyi palıd ağacının altında bir metr qarı öz əllərilə kənarlaşdırıb, barmaqları ilə yaş torpağı qazıb, səninçün qəbir yeri düzəltdi anamız. Özü səni göz yaşları, ürək dağlayan ağıları ilə həmin qəbrə qoydu.

 

-Hə. Mən onları görürdüm. Qadınların müharibəni törədən vəhşilərə dediyi acı sözləri, qarğışları da eşidirdim...

 

-Sonra anamızın ürəyi gedib, elə sənin cansız bədəninin üstünə yıxılıb. Qonşu arvadlar onu soyuq, damı sökülmüş evimizə gətiriblər. Üç gün ona keşik çəkiblər. Elə biliblər ki, o da ölüb. Amma üç gündən sonra ayılıb və səni soruşub. Sənin öldüyünü deyiblər. Sonra yenə də bayılıb. İki gündən sonra onun qıyhasını, naləsini eşidən qonşu arvadlar gəliblər. Bax, həmin vaxtdan, səni qəbrə qoyandan sonra anamız ürəkkeçmə xəstəliyi tapıb. Ömrünün sonuna qədər də bu xəstəlikdən əziyyət çəkdi. Çarəsinə heç bir təbib də əlac tapmadı...

 

-Hə. Mən həmin vaxtı mələklərin yanından onu görürdüm. İlk əvvəl darıxdığımdan anamızı da yanıma çağırırdım. Sonra mənim yaşımda, müharibə vaxtı aclıqdan, səfalətdən, düşmən bombalarından, güllələrindən ölənlər çox gəldi. Onlarla dostlaşdıq. Daha darıxmadım. Qanlı 20 Yanvar, birinci, ikinci Qarabağ müharibəsi vaxtı da rus, erməni güllələrindən qətlə yetirilən çoxlu həmvətənlərimiz gəlmişdilər. Onların arasında Xocalıdan, Ağdabandan gələn uşaqlar daha çox idi. Onlarla da çox söhbət edirdik. İndi də Ukraynadan mənim yaşımda gələn uşaqlar çoxdur. Onlarla da söhbət edirik. Onu bil ki, biz darıxmırıq. Mələklər biz yaşda, həyatda heç bir pislik eləməyən uşaqları darıxmağa qoymurlar. Onlar deyir ki, Yer üzündə insan cildində olan çoxlu vəhşi var. Onlar nəinki uşaqlara, heç qocalara da aman vermədən qətlə yetirirlər. Onlar neçə əsrlərdir Yer kürəsini bölməyə çalışırlar, amma bölə bilmirlər ki, bilmirlər. Mələklər deyir ki, “Ulu Tanrının səbri çox böyükdür. Hələ də fikirləşir ki, görüm vəhşi, yırtıcı heyvanlardan, əsasən də çaqqallardan törəyən bu bəndələrim sonda nə edəcəklər”.

 

-Artıq Böyük Tanrının fikirləşməyindən keçib. Bu şərəfsizlər Yer kürəsinin pərsəngini pisliyə doğru çox əyiblər. Onları yəqin Ulu Tanri da, daha dayandıra bilməz...

 

-Biz də burada, Yer kürəsində sağ qalan valideynlərimizçün çox darıxırıq. Bilmirik onların taleyi necə olacaq...

 

-Anamız da burada səninçün çox darıxırdı qardaşım. Tez- tez səni yada salıb, ağlayırdı. Elə ona görə də mart ayının 16-da mən dünyaya gələndə atamız mənə sənin adına “lar” əlavə etməklə Ağalar qoydu. Məni həvəsləndirdilər ki, sənin yarımçıq qalan ömrünü, arzularını da mən reallaşdırım.

 

-Bilirəm. Amma uşaq yaşlarında sən də tez-tez xəstələnirdin. Mən də mələklərə yalvarırdım ki, səni qorusunlar. Axı sən məni də yaşadırdın. Anamız isə sənin qoluna taxdığı “göz muncuğunu” yalnız on yaşın olanda qolundan çıxardıb.

 

-Hə, elədi. Mən də sənin əvəzinə nasir, dramaturq, jurnalist oldum. Bədii əsərlər, publisist yazılar, məqalələr yazdım.

 

-Sağ ol. Öz əvəzinə də aktyor-rejissor, teatr rəhbəri oldun. İki ali məktəb bitirdin. Həm mənim, həm də öz əvəzinə. Həmişə də paralel iki işdə işlədin.

 

-Bəli. Axı mən həm səni, həm də özümü yaşatmalıydım. Mənim bu uğurlarıma paxıllıq edənlər, ayağımın altını qazanlar isə yaşadığım bu illərdə həddindən çox olub, qardaşım. Bilsən onlar mənə həyatda nə qədər pisliklər eləyiblər... Bilsən həyatda nə qədər zalım, namərd, anasının əmcəyini kəsən şeytan xislətli adamlarla rastlaşmışam...

 

-Bilirəm. Onlardan təkcə sənət yoldaşların, illərlə çörək kəsdiyin, özünə dost bildiyin adamlar yox, həm də yüksək rütbəli məmurlar da çox olub. Hətta elələri olub ki, qorxublar onları çıxarıb, səni onların yerinə qoyarlar deyə, sənə çoxlu çirkab atıblar... Səni gözdən salmaq, el qınağına çevirmək üçün çoxlu hədyan, böhtan, təhqiramiz yazılar yazdırıblar sənin haqqında...

 

- Hə. O şərəfsiz məmurların bəziləri məni rüşvət verməyə də məcbur eləyiblər. Bu alınmayanda mənə çoxlu çirkab atıblar. Bu yolla rəhbərlik elədiyim Sumqayıt Dövlət Musiqili-Dram Teatrını məndən sonra böyük bataqlığa salıblar. Məni məcbur eləyiblər ki, çox böyük əziyyətlə respublikanın aparıcı teatrı elədiyim bu teatrı təhvil verim, ora yaxşı rüşvət almağı bacaran birisini gətirib, onun əlilə həmin teatrı dağıtsınlar. Bax, buna da nail oldular. Üç il həmin şərəfsizlər hətta məni respublikadan didərgin də salıblar. Həmin illəri mən qonşu Dağıstan elinə sığınmışdım. Özüm orada, ailəm burada əziyyət çəkdi. Amma orada da bekar qalmadım. Azərbaycan-Dağıstan Beynəlmiləl Musiqili Teatr Truppasını yaratdım. Bütövlükdə Dağıstanı həmin kollektivlə gəzdik. Hər yerdə ayağımızın altında qurbanlar kəsdilər. Maraqlı çıxışlarımızı sürəkli alqışlarla qarşıladılar. Hətta 1948-ci ildən taleyi dərin quyuya düşən Dağıstan Azərbaycan Dövlət Dram Teatrını da düz 50 ildən sonra o quyudan çəkib çıxarıb, onun yenidən dövlət səviyyəsində statusunun bərpasına nail oldum Seyid Qurbanov, Məhəmməd Qurbanov və Hüseynbala Hüseynovla birlikdə. 1991-ci ildə Sumqayıt Dövlət Darm Teatrını, Sumqayıt Dövlət Musliqili-Dram Teatrına çevirdiyim vaxtı çox böyük çətinliklə, ağır məhrumiyyətlərlə aldığım 80 ştatın pulunu teatrdakı və ondan yüksək rütbəli məmurlar ata malı kimi mənimsədiklərinə görə, on ildən sonra Maliyyə Nazirliyi bunu başa düşüb, həmin ştatları geri aldı. O vaxtı bilirsən mən necə böyük sarsıntılar keçirdim? Hətta qan təzyiqindən xəstəxanaya da düşdüm... Elə bu gün, bu yazını işlədiyim mart ayının 14-də Sumqayıt teatrının yarandığı gündür. Ömrümün on səkkiz ilini mən bu teatrın yolunda şam kimi əritmişəm. Əlimdən gələni bu teatr və kollektivçün eləmişəm... 1990-cı illərdə başqa teatrların aylarla əmək haqqı almadığı, həftələrlə tamaşa oynaya bilmədiyi bir vaxtda mən bu kollektivi bəy balası kimi dolandırmışam, yaşatmışam. Hər həftə də tamaşalar oynamışıq.

 

-Sən teatrdan işdən çıxandan, üç il Dağıstanda yaşadığın illərdən sonra infarkt keçirib, xəstəxanaya düşmüşdün. Ölümlə əlləşirdin. Məgər yadından çıxıb?

 

- Hə, yadımdadır. O vaxt məni mədəniyyətə rəhbərlik eləyənlər, amma özləri millətimizin mədəniyyətinin düşməni olanlar ölkə başçısına dissident kimi təqdim eləyirdilər. Mənə qarşı olan olmazın haqsızlıqları ilə barışa bilmədiyimə və həmin çaqqal sürüsü ilə vuruşmağa gücüm qalmadığına görə möhkəm sarsılmışdım. Axı hər şeyin itən, yağla-şorun qiymətinin eyni olduğu məmləkətdə yaşamaq, bu dərdlərə dözmək də çox çətindir, qardaşım. Əl boyda ürəyim də buna tab gətirmədi... Düşmənlərim fikirləşirdilər ki, mən o vaxtı xəsətəxanadan salamat çıxmayacam. Çünki geniş infarkt keçirmişdim...

 

-O vaxt mən mələklərə, Ulu Tanrıya yalvardım ki, səni qorusunlar. Axı sən bizim ikimizi yaşadırdın. Onlar da məni eşitdilər...

 

- Bəli. Həkimlər mənim sağalmağıma inanmadılar. Dedilər ki, “bu, Ulu Tanrının böyük möcüzəsidi. Belə infarktdan adamlar sağ çıxa bilmir”. Həmin vaxtı mənim ölümümə “halva” çalmağa hazırlaşan düşmənlərimin bəzilərinin özlərinə, bəzilərinin isə əzizlərinə qismət oldu həmin “halva”... Artıq bu hadisədən də düz 21 il vaxt keçir. Hələki dözür ürəyim...

 

-Səni şərləyib, həbs elədiklərini nə tez yaddan çıxardın? 58 gün səni heç nədən həbsxanada saxladılar...

 

-Hə, elədi. Məni sındırmaq, diz çökdürmək, düz sözümün qarşısını almaq, məddah eləmək istədilər. Düşmənlərimin həmin arzusu da ürəklərində qaldı... Amma “həbsxana damğası” vura bildilər mənə o şərəfsizlər.

 

-O vaxt da mən mələklərə, Ulu Tanrıya çox yalvardım. Çünki ailən, uşaqların, qohumların çox böyük əziyyət çəkirdilər. Hətta illərlə dost bildiyin adamlar da o vaxt sənin yanından qaçdılar... Heç bir köməklik eləmədilər.

 

-Həbsxanda olan vaxtı sən tez-tez yuxuma girirdin. Anamız sənin sifət cizgilərini mənə elə danışıb ki, səni yüz adamın arasında aydınca görüb, tanıya bilərəm. Mənə nə isə deyirdin... Hə. O vaxtı başa düşdüm ki, məhz sənin, ailəmin, övladlarımın mələklərə, Ulu Tanrıya dualarıyla mən 58 gündən sonra haqq olduğumu sübut edib, azadlığa çıxdım. Amma haqqın-ədalətin olmadığı bu məmləkətdə, Yer kürrəsində yaşamaq da çox çətindir qardaşım. Günü-gündən də Yer kürrəsi böyük bir həbsxanaya çüvrilir...

 

- Çox şeyə fikir vermə. Hər şeydə qara rəng axtarma. Axı müqəddəs Kəbə daşında da qara rəng var. Heç olmasa bu gün yaxşı şeyləri fikirləş. Əsas odur ki, sən varsan, yaşayırsan, canın sağlamdır. Doğum günüdür. Özünün 72 yaşında mənim də 82 yaşımı qeyd edərsən.

 

-Adaşım. Bilirsən ki, mən fevral və mart aylarını sevmirəm. Ad günlərimi də adi bir gün kimi keçirirəm. Dədəmiz də, anamız da bu ayları sevmirdilər...

 

-Bilirəm. Amma niyə?

 

-Çünki fevral ayının 28-də səni, 29-u isə anamızı itirmişik. Fevral ayı gələndə anamız da çox pəjmürdə olurdu. Elə hey səndən danışırdı. 2000-ci ilin yanvar ayında yaşadığım Sumqayıt şəhərindəki həkimlər onu yaxşı müalicə eləmişdilər. Amma ürəyində dörd övlad xalı vardı. Axı dörd övladını itirmişdi anamız. Azadxanı, Adiləni, səni və Balaməmmədi. Ana üçün dörd övladın dağını və dədəmiz kimi mərd kişinin ölümünü görmək sənə asan gəlməsin...

 

Məni məcbur elədi ki, bir neçə günlüyə qardaşım Rafətin yanına Bakıya getmək istəyir. Razılaşdım. Onu Rafətgilə apardım. Orada isə Rafəti məcbur eləyib ki, Masallıya getmək istəyir. Rafəti dədəmizin goruna and içdirib ki, bunu Ağalara demə. Bir neçə gündən sonra qayıdacam. Beləliklə, fevral ayının 28-də rayona gedib. Qardaşım Sabir deyir ki, fevral ayının 28-də səndən, 4 yaşlı fidan balasından çox danışıb. Deyib ki, əgər Ağa yaşasaydı indi 60 yaşı olacaqdı. Qardaşım Sabirə onu da yalvarıb ki, rayona getdiyini o, mənə deməsin. Bir neçə gündən sonra qardaşım Sabir onu yenidən bizə, Sumqayıta gətirəcəkmiş. Həmin gecə Sabir onu məcbur eləyib ki, ata evimizə getməsin, elə axşam onlarda qalsın. Razılaşmayıb. Deyib öz evimdə mənə daha rahatdır. Yəqin ata evimizə ona görə gedib ki, səni yadına salsın. Ürəyində səninlə danışsın. Axı anamız ürəyində danışmağı, saatlarla tək oturub, fikirlərə dalmağı xoşlayırdı. Beləcə ürəyində səninlə danışa-danışa elə həmin gecə də haqq dünyasına qovuşub... Səhər tezdən qardaşım Sabir gəlib onu səhər yeməyinə çağırsın. Görüb ki, anamız haqq dünyasına qovuşub. Bunu mənə trelefonda deyəndə çaşıb qaldım... Dünyam tərsinə fırlandı... Fikirləşdim axı anam qardaşım Rafətgildə idi. Bəs necə olub ki, Masallıya gedib?..

 

-Hə. Həmin gecə biz onunla çox danışdıq. Yenə də hönkürtü ilə ağladı. Dedi ki, “sən öləndən bir il sonra dədən müharibədən qayıtdı. Sənin öldüyünü biləndə bu, ona çox pis təsir elədi. Müharibədə saçı ağarmayan dədənin üç günə saçı ağardı. Gedib qardaşlarını internatdan gətirdi. Qohumların, qonşuların 17 uşağını da gətirib öz övladları kimi saxladı, böyütdü, evləndirdi. Onlar da qardaşların kimi dədənə “Lələ” dedilər, əziz balam. Dədən də səni ölənə kimi heç vaxt unutmadı... O, saatlarla sənin şərəfinə əkdiyi palıd ağacının altında oturub, dərin fikirə dalırdı. Yaz və yay aylarında demək olar ki, elə bütün günü orada düzəltdiyi stulda otururdu. Biz, mən və gəlinlər çayı da, yeməyi də onunçün ora aparırdıq. Sənin qəbrinin üstünə isə ağ rəngdə bir böyük çay daşı qoymuşdu. Elə hey həmin daşa, sənin qəbrinə baxırdı... Sənin adaşın Ağaları da məcbur eləyirdi ki, qardaşının arzularını həyatda çin elə”...

 

29-na keçən gecə saat üç radələrində anamızın ruhu uçub mənim yanıma gəldi. Biz yenidən görüşdük. Artıq dədəmizin də, qardaşlarımın, bacımın da ruhu burada, mənim yanımda idi. Ata arxam yanımda idi, ana arxam da gəldi. Amma səni hələ çağırmaq istəmirəm yanıma. Çünki sən orada, Yer kürəsində bizə hələ çox lazımsan. Dədəmizin adını özünə soyadın və mənim adımı da öz adın götürməklə bizi əbədi yaşadırsan.

 

-Əgər Yer kürəsindəki bəzi şərəfsizlər, çaqqallar imkan versələr yaşayaram qardaşım. Onu bil ki, təkcə bir ömrü bu qarmaqarışıq, böyüyü, kiçiyi bilinməyən, haqq-ədalətin itdiyi zəmanədə yaşamaq belə çox çətindir, nəinki iki ömrü yaşayasan. Bəzən fikirləşirəm ki, siz, çirkaba batmayan uşaqlar nə yaxşı ki, elə vaxtında mələklərin sırasına qovuşubsuz. Amma mən bu 72 ildə nə qədər dəhşətli hadisələrlə, şeytan xislətlilərlə rastlaşmışam... Əgər hələ də sağamsa ona da təəccüb və şükür eləyirəm. Başa düşürəm ki, məni yaşadan 4 yaşlı mələk simalı qardaşım sən, mələklər, ailəm və Ulu Tanrımdır. Təkcə bir şeyi səndən, mələklərdən, Ulu Tanrımdan xahiş edirəm. Məni qoruyun ki, ürəyimdə olan arzularımı reallaşdırım. Onlar elə də çox deyil. Ailəmə, qohumlarıma, dostlarıma, millətimə bacardığım köməklikləri eləyim ki, haqq dünyama rahat qovuşum. Bir də Ulu Tanrıdan bir arzum, istəyim var. Siz mələklər mənim bu arzumu, istəyimi hökmən Ona çatdırın. Ona deyin ki, Yer kürəsində yaşayan təmiz əqidəli, sülsevər insanlar acizanə tərzədə xahiş edir ki, bu müharibələrin, xəstəliklərin qarşısını almaq üçün onları törədənləri cəzalandırsın. Qoy hər bir insan ahıl yaşına qədər yaşayıb, haqq dünyasına qovuşsun. Axı O, bu Yer kürəsini yaradanda fikirləşməmişdi ki, bu cənnətməkan yerləri xarabalıqlara çevirənlər olacaq. Axı O, Adəm babamıza, Həvva nənəmizə 400 il yaşamağa imkan vermişdi. İndi heç olmasa insanlar 100 il sağlam, xoş güzaranla, mehribanlıqla yaşayıb, haqq dünyalarına qovuşsunlar. Yəqin ki, Böyük Yaradan sizi daha tez eşidər. İnsanların daxilindən şeytan xislətini çıxarıb atar. Onda Yer kürəsi bir cənnətə dönər. Hamı da firavan, bir-biri ilə mehriban, əsl dost, doğma, qardaş-bacı kimi yaşayar. Nə qıfıla, nə hasara, nə tikanlı sərhəd dirəklərinə, nə həbsxanalara, nə də insanları buxovlayan dinlərə ehtiyac olmaz. O zaman hamıya adam yox, yalnız və yalnız İNSAN demək olar.

 

Belə olarsa, yaşamaq necə də gözəl olar qartdaşım. Gözəl olar...

 

Sumqayıt şəhəri,

13- 14 Mart- 2022-ci il

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]