MEK-də Macar ədəbiyyatı həftəsi adlı sərgi keçirilir +FOTO=10

MEK-də “Macar ədəbiyyatı həftəsi” adlı sərgi keçirilir +FOTO=10

MEK-də “Macar ədəbiyyatı həftəsi” adlı sərgi keçirilir 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Macar ədəbiyyatı həftəsi” adlı kitab sərgisi təşkil edilib.

 

“Macar ədəbiyyatı həftəsi”nin açılışında Macarıstanın Azərbaycandakı səfirliyinin ikinci katibi, mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Mihay Qruber, Macarıstanın Arcanum şirkətinin direktor müavini Bizsak Elod, tələbələr, oxucular və MEK əməkdaşları iştirak ediblər.

 

Qonaqlar ilk öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub, Diplomatik fondda xarici ölkə nümayəndələri, eləcə də macar nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən kitablardan ibarət stendlərə baxıb, kitabxana haqqında ətraflı məlumat alıblar.

 

Dəyirmi masa ətrafında davam edən tədbiri giriş nitqi ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları kitabxanada görməkdən məmnunluğunu ifadə edib, macar şairlərin, yazıçı və alimlərinin nəşrləri, həmçinin Azərbaycan yazarlarının macar dilində olan kitablarının sərgiləndiyi “Macar ədəbiyyatı həftəsi”nin əhəmiyyətini vurğulayıb.

 

Professor Məmməd Əliyev iki ölkə arasında tarixə dayanan mədəni əlaqələrdən və bu işdə kitabxanaların üzərinə düşən vacib məsələlərdən danışıb. Alim bildirib ki, hər iki ölkənin kitabxanaları arasında qarşılıqlı əməkdaşlıq, beynəlxalq kitab və informasiya mübadiləsinin inkişafında mühüm rola malikdir. Baş direktor dünya miqyasında tanınmış türkoloq alim, Macarıstan EA-nın həqiqi üzvü Georg Xəzainin şəxsi kitab kolleksiyasının vaxtilə MEK-ə hədiyyə edildiyini, hazırda 1814 nüsxədən ibarət olan həmin kolleksiyanın kitabxana fondunda xüsusi şəraitdə mühafizə edildiyini də vurğulayıb.
Diplomat Mihay Qruber çıxışı zamanı beynəlxalq kitab mübadiləsinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət göstərdiyini vurğulayıb, MEK-in fondunda macar dilində olan ədəbiyyatlardan, xüsusilə G.Xəzainin kolleksiyasından təsirləndiyini ifadə edib.

 

Tədbir çərçivəsində Macarıstanın ən böyük və daim genişlənən rəqəmsal dövri məlumat bazası olan Arcanum şirkətinin direktor müavini Bizsak Elodun məruzəsi dinlənilib. Arxiv işlərində müasir rəqəmsallaşma layihələrinə həsr olunmuş məruzəsində Bizsak Elod Arcanum şirkətinin 30 illik təcrübəsindən danışıb. O, 30 milyon rəqəmsallaşdırılmış nəşrlərin, ən müasir infrastruktur və innovativ proqram mühitinin əks olunduğu, elmi və ixtisaslaşdırılmış jurnallar, ensiklopediyalar, həftəlik və gündəlik qəzetlərlə yanaşı, xalçaların, müxtəlif illüstrasiyalı şəkillərin də rəqəmsallaşdırıldığını diqqətə çatdırıb. Məruzəçi dövlət müəssisələrinin, o cümlədən kitabxanaların Arcanum şirkəti ilə əməkdaşlıq perspektivlərindən bəhs edib.

 

Tədbirdə iki müəssisə arasında möhkəm əsaslara dayanan tərəfdaşlıq məsələlərinə aydınlıq gətirilib, suallar cavablandırılıb.
MEK tərəfindən hazırlanan “Macar ədəbiyyatı həftəsi”nin virtual sərgisi də təqdim olunub və ənənəvi sərgiyə baxış keçirilib.

 

Sonda qonaqlara MEK adından Çingiz Qacarın müəllifi olduğu “Qədim Şuşa” kitabı və digər simvolik hədiyyələr təqdim edilib. Qonaq həmin kitabın gün ərzində Arcanum şirkətinin platformasına daxil ediləcəyini qeyd edib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]