MEK könüllüləri tərəfindən Azərbaycan və xarici dilli Vikipediya da 100-dən artıq məqalə yaradılıb

MEK könüllüləri tərəfindən Azərbaycan və xarici dilli “Vikipediya”da 100-dən artıq məqalə yaradılıb

MEK könüllüləri tərəfindən Azərbaycan və xarici dilli “Vikipediya”da 100-dən artıq məqalə yaradılıb

 

Azərbaycanın mənəvi paytaxtı Şuşa xalqımızın doğma və dəyəri olmayan əziz məkanlarından biridir. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi mövcudluğunun bir hissəsidir. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin bu il 270 ili tamam olur. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, Prezident İlham Əliyev yanvarın 5-də imzaladığı “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncama əsasən, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib.
“Şuşa İli” ilə əlaqədar AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən tədbirlər planı hazırlanıb. Plana əsasən, ilin əvvəlindən başlayaraq işlərə artıq start verilib. Belə ki, Şuşa və Qarabağa aid kitabların elektron formata çevrilərək MEK-in rəsmi saytına əlavə edilir, virtual sərgilər, elmi konfranslar və yığıncaqlar keçirilir, həmçinin Şuşanın tarixinə, mədəniyyətinə aid biblioqrafiyanın nəşri ilə əlaqəli işlərə də artıq başlanılıb.

 

Tədbirlər planında əsas məsələlərdən biri də "Şuşa İli" çəriçivəsində Mərkəzi Elmi Kitabxananın könüllülərinin dünyanın ən iri onlayn ensiklopediyası olan “Vikipediya”da fəaliyyətidir. Belə ki, kitabxana könüllüləri tərəfindən Azərbaycan və xarici dillərdə olan “Vikipediya”da əsaslı redaktələr aparılıb, çoxsaylı məqalələr yaradılıb. Son iki ay ərzində “Vikipediya”da Şuşa şəhərinin tarixi, mədəniyyəti, musiqisi, ədəbi mühiti, memarlıq abidələri, ictimai-siyasi həyatı, görkəmli şəxsiyyətləri, təbiəti, toponimikası və s. barədə yeni məqalələr hazırlanıb. Həmçinin, Şuşaya aid mövcud məqalələr yenilənib və yaxud zənginləşdirilib.

 

Qeyd edək ki, hələ 44 günlük Vətən müharibəsi ərzində MEK könüllüləri “Vikipediya”da həm müharibə, həm də Şuşa haqqında 100-ə yaxın məqalə yaratmış və redaktə etmişdilər. “Zəfər günü”, “Anım günü”, “Xarıbülbül”, “Qələbə paradı” və s. barədə məqalələr yaradılıb. Vətən müharibəsində Azərbaycanın Zəfərindən dərhal sonra işğaldan azad edilmiş bölgələrdə infrastrukturun qurulması ilə başlanan “Böyük qayıdış” çərçivəsində xeyli sayda məqalələr düzəldilib. Xüsusilə “Ağdamın baş planı”, “Zəfər yolu” olan “Əhmədbəyli-Füzuli-Şuşa” magistral yolu, “Murovdağ tuneli”, “Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu” və “Füzuli Beynəlxalq Aeroportu” adlı məqalələr bu qəbildəndir.

 

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada həyata keçirilən nəhəng layihələr də könüllülərin diqqətindən kənar qalmayıb. Bu layihələrdən olan “Şuşanın baş planı”, “Molla Pənah Vaqif”in büstü, “Bülbülün ev-muzeyi” və “Üzeyir Hacıbəylinin heykəli” haqqında məqalələr yenilər sırasındadır. Cıdır düzündə keçirilmiş “Xarıbülbül musiqi festivalı” və “Vaqif Poeziya Günləri” məqalələri “Vikipediya”nın Azərbaycan seqmentində yeni yaradılıb, rus, türk və ingilis dilli seqmentlərdə isə yeni məlumatlar əlavə edilərək zənginləşdirilib.

 

MEK könüllüləri tərəfindən "Şuşa İli" çərçivəsində son iki ayda ümumilikdə 100-dən artıq məqalə yaradılıb və redaktə olunub. Onlar arasında “Cıdır düzü”, “Köçərli məscidi, “Mamayı məhəlləsi”, “Köçərli məhəlləsi”, “Çöl Qala məscidi”, “Saatlı məhəlləsi”, “Şuşa Humanitar Kolleci”, “Qazançalı məhəlləsi”, “Mirzə Məhəmmədqulu Hakim”, “Firuzə xanım Qovanlı-Qacar, “Əbdül Səməd bəy hamamı”, “Mir Faseh qəbiristanlığı”, “Çuxur məhəllə məscidi”, “Bülbülün büstü”, “Yusif Vəzir Çəmənzəminlinin evi”, “Firudin bəy Köçərlinin evi”, “Qasım bəy Zakirin qəbirüstü abidəsi”, “Cabbar Qaryağdıoğlunun evi”, “Sadıqcanın evi”, “Zülfüqar Hacıbəyovun evi”, “Üzeyir Hacıbəyovun ev-muzeyi”, “Şuşa Dövlət Rəsm Qalereyası”, “Xoca Mərcanlı məscidi”, “Təbrizli məhəlləsi”, “Qurdlar məhəlləsi”, “Çuxur məhəllə”, “Mamayı məhəlləsi”, “Mərdinli məhəlləsi”, “Şuşa qəzası” və digərlərini göstərmək olar.

 

Azərbaycan dilli seqmentlə yanaşı müxtəlif dillərdə olan “Vikipediya”da məqalələrin yaradılmasında əsas məqsəd Şuşada çoxsaylı maddi-mədəniyyət abidələri və tarixi irsinin Azərbaycana aid olduğunu nümayiş etdirməkdir. Həmçinin xarici dilli “Vikipediya”da işlər daha çox şəhərdə olan sarayların, mülklərin, məhəllələrin, məscidlərin, bulaqların, hamamların, küçələrin və meydanların bizə məxsus olmasının toponim vasitəsi ilə sübutuna yönəldilmişdir. Bu məqsədlə könüllülər tərəfindən “Şuşa toponimləri” adlı məqalə də hazırlanmışdır.

 

“Vikipediya”nın xarici dilli seqmentlərində Şuşa haqqında yaradılan və redaktə edilərək zənginləşdirilən məqalələr sırasında “Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi”, “Mehmandarovların evi”, “Zöhrabbəyovun evi”, “Aşağı meydan”, “Qurdlar məhəlləsi”, “Hacı Quluların mülkü”, “Əsəd bəyin evi” və digərləri vardır. Bu məqalələr əsasən rus və ingilis dilli “Vikipediya” yaradılmışdır. Məqalələrinn əsas xüsusiyyəti onlarda təkcə abidələrin tarixi haqqında yox, Qarabağ və aid olduqları dövr barədə ətraflı ictimai-siyasi, habelə mədəni həyatı barədə məlumatların verilməsidir.

 

Dünyanın ən iri onlayn ensiklopediyasında “vikipediyaçı”lar tərəfindən Azərbaycan və müxtəlif dillərdə məqalələrin yaradılmasında əsas prioritet təkcə maddi-mədəniyyət abidələri və tarixi irslə bağlı olmayıb. Həmçinin, Şuşanın ekologiyasına da diqqət ayrılıb. Belə ki, könüllülər tərəfindən “Şuşanın flora və faunası” adlı silsilə məqalələr yaradılıb. Şuşanın bəzəyi olan onun bulaqları haqqında məqalələr də xarici və Azərbaycan dilində “Vkipediya”da yerləşdirilib. “Xan qızı bulağı”, “Mamayı bulağı”, “Çuxur məhəllə bulağı”, “Qotur bulağı”, “Novlu bulaq”, “Seyidli bulağı”, “Köçərli bulağı”, “Şor bulaq”, “Yusifli bulağı”, “Çöl qala bulağı” və “Xoca Mərcanlı bulağı”nın və digərlərinin tarixi və təbii əhəmiyyəti barədə məlumat yerləşdirilib. Məqalələrdə Şuşanın ekologiyasının da ermənilərin terroruna məruz qalması qeyd olunub.

 

Mərkəzi Elmi Kitabxananın könüllüləri qeyd olunanlarla yanaşı, qlobal resursda Şuşa işğaldan azad edildikdən sonra 500-ə yaxın yeni çəkilmiş şəkillər də yerləşdiriblər. Bu şəkillər erməni terrorunun qurbanına çevrilmiş şəhər haqqında ən tutarlı sübutlardır. Son bir ildən artıq müddətdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin əks olunduğu fotoşəkillər isə Şuşa şəhərini yenidən həyata qaytaran əsl sahiblərinin kimliyini göstərir.

 

Beləliklə, AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüləri sistemli şəkildə Şuşa haqqında silsilə məqalələrin yaradılması istiqamətində çalışaraq “Şuşa İli”nə öz töhfələrini verməyə çalışırlar. Bu qlobal resursda müxtəlif dillərdə Şuşa haqqında məqalələrin yaradılması ermənilərin yalan, uydurulmuş təbliğatının qarşısını alır və Qarabağla birlikdə şəhərin əzəli Azərbaycan torpağı olduğunu ciddi elmi mənbələrə əsaslanaraq sübuta yetirir. MEK könüllüləri tərəfindən aparılan bu işlər mədəniyyət paytaxtımızın inkişafı və nüfuzunun daha da artılması istiqamətində görülən işlərə dəstəkdir.

 

Rövşən Məmmədli
AMEA Mərkəzi Elmi Kitabxanasının
Elektron Resurslar şöbəsinin baş mütəxəssisi, t.ü.f.d.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]