Xocalı soyqırımı ümumbəşəri cinayət kimi heç zaman unudulmamalıdır!

Xocalı soyqırımı ümumbəşəri cinayət kimi heç zaman unudulmamalıdır!

Xocalı soyqırımı ümumbəşəri cinayət kimi heç zaman unudulmamalıdır! 

 

XX əsrin sonlarında baş verən Xocalı soyqrımı bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir. Bu faciə tarixdə ermənilərin həyata keçirdiyi yeganə soyqırımı aktı deyil. Artıq dünya ictimaiyyəti də Xocalıda yaşananlarla bağlı daha çox məlumatlıdır. Çünki tarixi faktlar, sübutlar ermənilərin həyata keçirdiyi soyqırımı gerçəklərinin gizlədilməsinə əngəl olur. Hətta ermənilər – cinayəti törədənlər də soyqırımını etiraf edirlər.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalı şəhərini zəbt etdilər.

 

 

Hücumdan əvvəl – fevralın 25-də axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə, şəhərdə yanğınlar baş vermiş və fevralın 26-da səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdama çatmaq ümidilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.

 

Bu qırğının nəticəsində 613 nəfər həlak oldu, onlardan 63-ü uşaq, 106-sı qadın,70-i qoca, ahıl insanlar idi. 8 ailə bu soyqırımı nəticəsində tamamilə məhv oldu, 25 uşaq hər iki valideynini, 130 uşaq valdeynlərindən birini itirdi. 487 nəfər yaralandı. Yaralananların 76-sı uşaq idi. 1275 sakin isə əsir götürüldü. Onlardan 150 nəfər isə bu gün də itkin hesab edilir. Rəqəmlər tükürpədicidir. Acı həqiqətdir ki, xalq olaraq biz bunu yaşamışıq.

 

Azərbaycan xalqı hər zaman öz ləyaqəti ilə tarix yazan toplumlardan biri olmuşdur. Belə bir xalqa qarşı mənfur qonşu tərəfindən törədilən bu qətliam tək bizim üçün deyil, həm də dünyanın mütərəqqi dəyərlərinə qarşı xəyanət idi. Artıq 30-cu ilini tamamladığımız bu soyqırımı hadisəsi bizim qan yaddaşımıza çevrilib.

 

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim ta¬rixi abidələr indiyə qədər qalmaq¬dadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı–Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada Son bürünc və İlkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş kitabələr, qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri – dairəvi qəbir (1356–1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birinin üzərində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmış¬dır.

 

Əhali, əsasən, üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxu-culuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

 

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 axıska türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.

 

Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

 

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Bunu erməni yazıçısı Anna Payatyan da etiraf edir: “Xocalıda soyqırımı olub və bunun üçün quldurlar cavab verməlidirlər. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Koçaryan. Onların hamısı uşaq və qadınların qatilləridir!” Əlbəttə, zaman gələcək, ola bilər biz bunu görməsək də, gələcək nəsillərimiz erməni xalqının bütünlüklə bu soyqırımı etiraf etdiyinə şahidlik edəcək. Çünki Xocalıda baş verənlər 100 il bundan əvvəlki qondarma erməni soyqırımı hadisəsinə bənzəməz, bu, yaxın və canlı, danışan tarixdir. Arqumentlər və faktlar isə qətidir. Bu vəhşiliklər haqqında “Krua l'Eveneman jurnalı” (Paris) yazır: “25 fevral 1992-ci il ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər”.
Londondan “Sandi Tayms” qəzeti erməni əsgərlərinin minlərlə ailəni məhv etdiyini, “Faynenşl Tayms” qəzeti ermənilərin Ağdama tərəf gedən dəstəni güllələdiyini, azərbaycanlıların 1200-ə qədər cəsəd saydığını, livanlı kinooperatorun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərməsini, “Tayms” qəzeti Xocalıda sakinlərin eybəcər hala salındığını, körpə qızın ancaq başının qalmasını, Moskvada nəşr olunan “İzvestiya” qəzeti videokameranın qulaqları kəsilmiş uşaqları göstərdiyini, bir qadının sifətinin yarısının kəsildiyini, kişilərin skalplarının götürüldüyünü təsdiqləyirdi. Demək olar ki, dünyanın ən öndə gedən mətbu orqanları Xocalıdan yazırdı. O zaman Çingiz Mustafayevin Xocalıda çəkdiyi nadir görüntülər də xalqımızın başına gətirilən soyqırımı həqiqətinin dünyaya çatdırılmasında misilsiz rol oynadı.

 

Alınmış məlumatlar qiymətləndirilərkən məlum olmuşdur ki, Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Azad dəhliz barədə məlumat Xocalı əhalisinin çoxuna çatdırılmamışdır. Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz. Memorial Hüquq-Müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasının, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) bir sıra maddələrinin kobud şəkildə pozulması deməkdir.

 

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara – Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır. Bu faciə, həmçinin Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyinin də səriştəsizliyini ortaya qoymuşdur.

 

Bu gün doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Qarabağ münaqişəsinin 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində ədalətli həllini gördülər. Azərbaycan bütün BMT qətnamələrini təkbaşına özü icra etdi. Azərbaycan Ordu-su Ermənistandan fərqli olaraq, müharibənin ən ağır, Gəncə və Bərdədə düşmən terrorunun tüğ-yan etdiyi bir vaxtda da təmkinini qorudu, yağı ordusunu döyüş meydanında darmadağın edərək hərb tariximizin qızıl səhifələrini yazdı. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin timsalında özünün böyük sərkərdəsini, ölkəsini bütün hücumlardan qoruyan, onu qalibiyyətə aparan liderini gördü. Bütün bunlara Xocalının sağ qalmış sakinləri də şahid oldu. Biz Xocalının qisasını döyüş meydanında aldıq və beynəlxalq hüquqi müstəvidə gələcəkdə də alacağıq. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar.

 

Bu gün Heydər Əliyev Fondu Azərbaycanın bütün sahələrdə dinamik inkişafına, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə layiqli töhfə verir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayın 8-də elan olunmuş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu soyqırımının dünyaya tanıdılması və beynəlxalq müstəvidə qəbul edilməsi istiqamətində səmərəsi ildən-ilə artmaqdadır. Azərbaycan dövləti Ermənistan üzərində parlaq Qələbə qazansa da, Xocalı soyqırımına beynəlxalq müstəvidə qiymət verilməsi üçün durmadan fəaliyyət göstərir və bu dəhşətli faciənin dünya xalqları və təşkilatları tərəfindən unudulmaması üçün əlindən gələni edir. Şübhəsiz ki, tarix heç bir saxtakarlığı qəbul etmir. Erməni lobbisinin və Ermənistan dövlətinin illərdir Xocalıda törədilən insanlığa zidd cinayəti pərdələmək, dünyanın diqqətindən yayındırmaq cəhdləri bundan sonra da heç bir nəticə verməyəcək. Xocalı Azərbaycan xalqının şəhidlik tarixində misilsiz bir səhifə, eyni zamanda, ümumbəşəri cinayət olaraq hər zaman təbliğ olunacaq və öyrəniləcəkdir.

 

Məmməd ƏLIYEV, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru,Fəlsəfə elmləri doktoru, professor

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]