Lənkəran teatrında Haqqın 44 günü adlı tamaşaya ictimai baxış olub – AZpress.AZ, Ağaddin Babayev, (FOTO=12)

Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış olub – AZpress.AZ, Ağaddin Babayev, (FOTO=12)

Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış olub – AZpress.AZ, Ağaddin Babayev, (FOTO=12)

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar olaraq Lənkəran Dövlət Dram Teatrında hazırlanmış “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış keçirilib. AZpress.AZ xəbər verir ki, Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunan bu səhnə əsərinə yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı Qarabağ qaziləri də tamaşa ediblər.

 

Tamaşanın baş rejissoru Anar Babalının sözlərinə görə, bu səhnə əsəri qısa müddətdə hazırlanaraq ərsəyə gətirilib. Tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

 

Səhnə əsərində həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özünün yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğalda qalan torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından azad etdi.

 

Coşqu ilə qarşılanan tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

Əsas rolları teatrın gənc aktyor və aktrisalardan Gülər Kərimova, Səyyad Əliyev, Emil Rzayev, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbasova ifa ediblər.
Tamaşadan sonra keçirilən müzakirələrdə Qarabağ qaziləri belə bir tamaşanın hazırlanmasından məmnun qaldıqlarını bildirərək, yaradıcı kollektivə uğurlar diləyiblər.

 

Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, “Haqqın 44 günü” tamaşası "Şuşa ili" çərçivəsində respublikamızın bütün bölgələrində nümayiş etdiriləcək. 10 mart Milli Teatr Günündə isə Lənkəran teatrının səhnəsində tamaşanın premyerası keçiriləcək.

Ağaddin BABAYEV
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]