Qarabağ zonası "ağıllı şəhərlər", "ağıllı kəndlər" konsepsiyası olacaqdır

Qarabağ zonası "ağıllı şəhərlər", "ağıllı kəndlər" konsepsiyası olacaqdır

“Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası dünyanın bir çox ölkələrində tətbiq edilməkdədir. Bu konsepsiyalar Azərbaycanda, ümumilikdə dünyada baş verən texnoloji imkanlara, qlobal innovasiya yönümlü layihələrin tətbiqi üçün drayver olaraq çıxış edəcək.
Qeyd edək ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri bir çox ölkələrdə və şəhərlərdə icra olunur. Bunlara misal olaraq Sinqapur, London, Nyu-York və Amsterdam kimi şəhərləri misal gətirmək olar. Diqqət yetirildikdə görə biləcəyimiz nüanslardan biri odur ki, bu şəhərlər həm də turizm mərkəzlərindən biridir. Bu da o deməkdir ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri gələcəkdə Qarabağın gözəl guşələrinin dünyada daha da tanıdılmasına kömək edəcək.
“Bu gün dünya əhalisinin 54%-i şəhərlərdə məskunlaşıb və bu nisbətin 2050-ci ilədək 66%-ə çatacağı gözlənilir. Dünya əhalisinin artım tempini ölçərək demək olar ki, 2,5 mlrd. nəfərlik əhali şəhərlərə doğru köç edəcək. Bu minvalla onu demək olar ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin tətbiqi qaçılmazdır. Bu gün fəxr hissi ilə demək olar ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri Qarabağda, işğaldan azad olunmuş ərazilərdə realizə edilməkdədir və bu, bizim üçün qürur mənbəyidir”
30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilmiş, erməni xislətinə uyğun addımlar atılmış, hər tərəf dağıntı içərisində olmuşdur. Tarixi, dini abidələrimizi tamamilə  dağıdan, məscidlərimizdə donuz saxlayan ermənilər bu əməlləri ilə 30 il necə vəhşi ilə üz-üzə qaldığımızı dünyaya göstərirlər. Dövlət başçısı qeyd edilən görüşdə də diqqəti bu kimi erməni vəhşiliklərinə yönəldərək qeyd etmişdir ki, təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib: «Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir.»
Bu gün dünya güclərinin Zəfərimizin yaratdığı reallıqları qəbul etdiklərinin şahidiyik. Azərbaycan Vətən müharibəsində Qələbəsi ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi, tarixi torpaqlarımıza qovuşduq və bu gün bütün azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri geniş vüsət alıb. O da məlumdur ki,  bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd strategiyasına uyğun işlər həyata keçirilir.  “Ağıllı şəhər” və “ağıllı kənd»” layihələrindən bəhs edərkən “İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır” deyən ölkə Prezidenti  bunun öhdəsindən qısa müddətdə gələcəyimizi bildirir.  Bu layihələrlə  ölkəmizin  imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır.  Birinci “ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilir. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər. Dövlətimizin başçısı İlham Əliyev  xarici şirkət nümayəndələri ilə videoformatda keçirdiyi görüşdə bildirmişdir ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir.
Dövlət başçısı cənab İlham Əliyev  azad edilmiş torpaqlarda bütün bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunacağını bildirərək bu ərazilərin cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulayır. O da bildirilir ki,  əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunarkən təbiətə toxunulmasın, təbiətə ziyan vurulmasın. Ermənilər bizim təbiətimizə də qəsd etdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər, kəsib aparıb satdılar. Ölkə Prezidentinin   işğaldan azad edilmiş  rayonlara səfərləri və  bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması artıq yeni həyatın başlanmasına, Böyük Qayıdışın qısa zamanda gerçəkləşəcəyinə işarədir.
Dövlət başçısı İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşündə jurnalistin «Artıq 30 ildən çox müddət keçib. Aydındır ki, bu, ağlasığmaz ağrı, faciədir, lakin Siz haqlı olaraq dediniz, ən ağrılı odur ki, bu, hər bir konkret insanın üzərindən keçir. Onlar indi hansı fəallıqla geriyə qayıdırlar» sualına cavabında bildirmişdir ki, hələ ki, qayıtmağa yer yoxdur, çünki birincisi, hər şey dağıdılıb və ikincisi, hər yer minalanıb. Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda Rusiya Prezidenti  Vladimir Putinin çağırışlarına baxmayaraq Ermənistanın  baş naziri Nikol  Paşinyan onlarda mina xəritələrinin olmaması  barədə inadla danışırdı.  Bir neçə aydan sonra artıq etiraf etdilər ki,  belə xəritələr mövcuddur, lakin onları  bizə verməkdən imtina edirdilər: «Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər. Çünki insanlar 30 il gözləmişdilər, hamının qarşısını almaq, hər yolda blok-postlar qurmaq da mümkün deyildi. Yəni, dolayı yollar var, insanlar keçir, gedirlər, öz evlərinin heç olmasa xarabalığını axtarıb tapmaq istəyirlər və həlak olurlar. Minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq.» Dövlət başçısı müqayisə üçün  onu da deyib ki, biz Livanın ərazisinə bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur,  hər şey dağıdılıb: «Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni, misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub.»
«Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək» söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək: «Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq. Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar. Mən konkret müddət deyə bilmərəm, hətta onlarla görüşlərdə deyə bilmərəm, onları yanılda bilmərəm. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik.»
Qeyd etdiklərimiz fonunda bu ümumiləşdirməni apara bilərik ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi  gələcəklə bağlı hədəflərin təqdimatı olmaqla yanaşı, Azərbaycanın informasiya cəbhəsində qalibiyyətidir. Bu baxımdan ki, dövlət başçısı ermənilərin təxribatlarını, törətdikləri faciələri, vəhşilikləri əsaslı şəkildə açıqlayır, dünya güclərini erməni faşizminin tamamilə məhv edilməsi üçün birliyə, həmrəyliyə çağırır. Bu birlik, həmrəylik, ən əsası ədalətli yanaşma olsaydı, bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli 30 il uzanmaz, 44 günlük Vətən müharibəsi yaşanmazdı. Dünya gücləri tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, ikili standartlara əsaslanan siyasətin yaratdığı  problemlərdən, etimadsızlıq mühitindən nəticə çıxarmalıdır.

Fuad Hüseynzadə,
Binəqədi RİH yanında İctimai Şuranın katibi, jurnalist, “TƏRƏQQİ” medalı təltiftiçisi 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]