Fransada yaşayan balaca azərbaycanlı şahmatçı qızın böyük uğurları -

Fransada yaşayan balaca azərbaycanlı şahmatçı qızın böyük uğurları

2004-cü ildə Po şəhərində anadan olmuş azərbaycanlı Səbinə Babayeva kiçikyaşlı olmasına baxmayaraq Fransada keçirilən şahmat turnirlərində uğurlar qazanmağa başlamışdır.
Səbinə hələ 4 yaşında ikən şahmat dünyasına böyük həvəs göstərməyə başlamışdır. Valideynləri, xüsusilə şahmat oyununa maraq göstərən atası Həbib Babayev ona qədim idman növü olan şahmatın sirlərini öyrətmişdir.
Səbinə Babayeva altı yaşına qədəm qoyarkən şahmat klubunda məşqlərdə iştirak etməyə başlamışdır. Müxtəlif məktəblər və klublar arasında keçirilən turnirlərdə Azərbaycan bayrağı altında çıxış edən balaca şahmatçı bir çox uğurlu çıxışlara imza atmış, iki il ərzində 10 kubok qazanmağa müvəffəq olmuşdur.
Balaca azərbaycanlı şahmatçı artıq iki dəfə departamentlər və regionlar arasındakı şahmat turnirində iştirak edərək yüksək nəticələr qazanmış və əldə etdiyi nəticələrə görə ilk üçlüyə daxil olmuşdur.
Səbinə ən böyük uğurunu 2012-ci ilin aprel ayında Fransanın Nim şəhərində 6-8 yaşlı uşaqlar arasında keçirilən şahmat turnirində qazanmışdır. 64 iştirakçı arasında keçirilən yarışda yüksək pillə uğrunda mübarizə aparan Səbinə 9 mümkün xaldan 7 xal toplayaraq 2-4-cü yerləri bölüşmüşdür.
Son oyununda Fransanın məşhur qrossmeysteri Kristian Bauerin qızını məğlub edən həmvətənimiz 2013-cü ildə keçiriləcək Fransa çempionatına vəsiqə qazanmışdır.
Göstərdiyi nəticələr və yarışlarda əldə etdiyi uğurlar kiçikyaşlı azərbaycanlı şahmatçıya ELO xallarının sayını artırmağa imkan vermişdir. Hazırda 1470 bal toplayan Səbinə öz yaşıdları arasında Fransada birinci şahmatçı hesab edilir.
Balaca şahmatçı Səbinə Babayevanın bu gün qazandığı uğurlar onun gələcəkdə tanınmış şahmatçı olacağına inam yaradır və biz bu yolda ona uğurlar diləyirik.
Səbinənin şahmat aləmdəki uğurları ilə www.echecs.asso.fr/Listejoueurs.aspx?Action=CAT=Ppof linginə daxil olmaqla tanış olmaq mümkündür.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !