"Məsələ təkcə o qanlı hadisələri çəkməklə bitmirdi..." - Rasim Sadıxov

"Məsələ təkcə o qanlı hadisələri çəkməklə bitmirdi..." - Rasim Sadıxov

"Məsələ təkcə o qanlı hadisələri çəkməklə bitmirdi..." - Rasim Sadıxov 

 

TANINMIŞ FOTOMÜXBİR RASİM SADIXOV 1990-CI İLİN 20 YANVARINDA LENTİN YADDAŞINA KÖÇÜRDÜYÜ TARİXİ OLAYLARDAN DANIŞIR

 

 

Budəfəki müsahibim çəkdiyi şəkillər Azərbaycan foto və video salnaməsi üçün unikal bir xəzinə olan Rasim Sadıxovdur. O, hazırda Azpress.az video - foto agentliyinin və saytının rəhbəri - təsisçisi və baş redaktorudur.

 

20 Yanvar faciəsinin canlı şahidi olan R.Sadıxov həm də o tarixi hadisələri lentin yaddaşına köçürənlərdən biridir.

 

***

 

- Rasim müəllim, nə vaxtdan foto sənəti ilə məşğulsunuz və keçdiyiniz yol daha çox nə ilə qalıb yadınızda?

 

- Əslində bu sahədə ilk uğurumu, mükafatımı hələ 1969-cu ildə qazanmışam. Pioner-komsomol düşərgəsinə biletlə mükafatlandırılmışdım onda. Rəsmən, professional səviyyədə isə 1981-ci ildən Azərbaycan Televiziyasının Gənclik redaksiyasında işləməyə başlamışam. Redaktorum İlyas Tapdıq, rejissorum isə Rauf Mirzəyev idi. Çox gözəl insanlardı. Amma 1983-də televiziyadan kiçik nöqsana görə uzaqlaşmalı oldum. O vaxtlar şair, baş redaktor Nəriman Həsənzadə həmişə məni yanında görmək istəyirdi, deyərdi ki, təki səni işdən çıxarsınlar, gəl yanıma. Gəlib Nəriman müəllimə deyəndə ilk dəfə idi, işdən çıxdığıma bu qədər sevinən adam gördüm. 1983-1990-cı illərdə Nəriman müəllimin yanında, "Ədəbiyyat və incəsənət" qəzetində çalışdım. Foto və illustrasiya şöbəsi var idi orada və mən fəaliyyətimi bu qəzetdə davam etdirdim. O şöbənin rəhbəri olmuşam. 1990 - cı ildə "Azərbaycan " qəzeti yaradılan gündən artıq buraya fotomüxbir olaraq gəldim. Məni qəzetdən uzaqlaşdırdılar bir müddət. Amma çox çəkmədi. Ulu Öndər Heydər Əliyev Bakıya gəldikdən sonra Aparatda, müvafiq şöbədə çalışmağa başladım. Bu, Ulu Öndər dünyasını dəyişən günədək davam etdi. 2 il sonra mənə məsləhət gördülər ki, video-foto jurnalistikasını öyrədən məktəb, redaksiya aç. Açığı, bu mənim də ağlımda idi, foto-video agentliyi saytı yaratdım, ətrafıma da fotomüxbirləri topladım. 2006 - cı ildən bu saytın həm təsisçisiyəm, həm də baş redaktor. Paralel olaraq da müxtəlif yerlərdə ikinci dərəcəli işlərim olur.

 

- Dünyanı kiçik çərçivəyə sığdırmaq üçün insan əsas nəyə diqqət etməlidir?

 

- Dünyanı deməzdim, hansısa məqamlar ola bilər. Dünya o qədər rəngarəngdir ki, sadəcə müəyyən anları fotoya köçürə bilərsən. Bunun üçün də böyük sənətkar olmalısan, sözün həqiqi mənasında. Heç kimin görə bilmədiklərini görməlisən. Biz buna qartal gözü deyirik ki, o olmalıdır əsl peşakar fotoqrafda. Məqsədimiz də ən maraqlı anları tutub saxlamaqdır. Dünyanı bir çərçivəyə sığdırmaq da budur elə. Müəyyən anları bir-bir tutub çərçivəyə salırsan, o anlar donub qalır və onları əbədiləşdirirsən.

 

- Donub qalan kadrlardan söz düşmüşkən, 20 Yanvar faciəsinin canlı şahidi olmaqla bərabər, o anları kadrlara sığdıra bildiniz. Minlərlə foto və hər biri danışan şəkillər...

 

-3128 kadr idi. Bu o zamana görə çox idi. Çünki o vaxtlar texnika zəifdi, 36 kadrdan artıq çəkə bilməzdin. Çəkilişə gedəndə əlavə olaraq özümüzlə 10 - 15 lent götürərdik, hər birinə 36 şəkil sığardı. Biri bitəndə tez digərindən istifadə edərdik. Mən də o vaxt bacardığım qədər çox çəkirdim ki, bu tarix əbədiləşsin. Dünyaya çatmalı idi bu fotolar. 1988-ci ildə Meydan hərəkatından mən sırf bu yöndə fotolar çəkməyə başladım. Ona kimi isə şairləri, kənd təsərrüfatını və sairi çəkirdim, amma sonra hadisələr, həyat məni başqa yönə apardı, fotomüxbir kimi xeyli siyasiləşdim və sözün əsl mənasında, bu sahədə bişdim. O zamanlar fotomüxbir, demək olar, yox idi. Daha çox xaricilər vardı. Fotoqraf demirəm. Çünki fotoqraf və fotomüxbir tamam başqa sahələrdir. Mən şagirdlərimə də bunu deyirəm. Fotomüxbir şəkli elə çəkməlidir ki, şəkilaltı sözə ehtiyac qalmasın. Əgər nəsə yazıldısa, deməli, sən sadəcə fotoqrafsan, get şəkil çək, vəssalam. Bu sənət isə bir vəhdətdir - sözlə rəsmin vəhdəti. Məişət tələbatı üçün sadəcə fotoqrafiya kifayət edir, siyasət üçün bu bəs deyil. Meydan hərəkatı gedən dövrdən artıq o hadisələri çəkirdim. Hətta bir haşiyə çıxım ki, o vaxt hadisələr təzə - təzə başlananda əlinə kamera götürüb çəkiliş aparmaq qorxulu idi. Meydandakılar təzyiq edirdilər, elə bilirdilər, KQB üçün çəkiliş aparırıq. Amma tanıdıqca, yaxınlaşdıqca meydan özü mənə şərait yaratmağa başladı. Beləliklə, tribunadan Bakı bulvarına qədər gedib çıxa bilmişdim. Millət çöldə qalırdı, tonqal yandırıb qızınırdı. Yemək-içmək ora gəlirdi. Maraqlı fotolar çəkdim. O ki qaldı 20 Yanvar hadisəsinə, biz artıq 19-undan çəkilişlər edirdik. Sumqayıtda yaşadığım üçün başımıza nələr gələ biləcəyini təxmin edir, müşahidə aparırdım. Baxın (fotonu göstərərək tarixçəsini xatırladır), bu tanklar Biləcəriyə qədər olan yolda dayanırdılar.

 

- Ömrünüzün gənc çağları idi onda. Heçmi qandan, ölümdən qorxmurdunuz? Hansı hissləri keçirirdiniz?

 

- Qan görəndə ürəyi gedən adam idim mən. Amma görünür, şərait belə tələb edirdi. Siz təsəvvür edin ki, 19 yanvarda çəkilişi aparanda ağlıma belə gəlməzdi ki, 20-si o cür hadisələr baş verəcək. Və mən onda elə bu otağa gəldim. O vaxt "Ədəbiyyat və incəsənət" qəzetində fotolabaratoriyada işləyirdim. Nəriman Həsənzadə məni buraxmaq istəmirdi ki, işim onu yetərincə qane edir. Mən 19 yanvarda burada qaldım və axşam saat 8-9 radələrində televiziyada partlayış oldu. Pəncərədən baxdım ki, millət qışqıra-qışqıra Yasamal istiqamətindən axın şəklində gəlir. Maşınlar, tankların səsi, ağır hərbi texnikalar... Dəhşət idi. Atışma səsləri gəlirdi, hər kəs qorxduğu halda mən birbaşa çəkiliş etməyə hazırlaşırdım.

 

- Neçə yaşınız olardı onda?

 

- 1956-cı ildənəm. Hardasa 34-35 yaşım olardı. Onda, heyif ki, texnikalar axşam çəkilişləri üçün əlverişli deyildi. Səhərin açılmağını gözlədim ki, işə başlayım. Səhər açılan kimi kameraları götürdüm, o vaxtın kameraları da çox ağır idi. Lentləri də götürdüm və çıxdım. Düşünün, hər kəsin üzündə aqressiya, nifrət hissi. Onda mənə dedilər ki, sənin başın xarab olub, bu vəziyyətdə birinci səni öldürərlər. Çünki cinayəti tarixə həkk etmək üçün çıxırsan və sağ qalmağın mümkünsüzdür. Ağlıma batdı. Qayıdıb kameraları qoydum yerinə və əvvəlcədən vəziyyəti müşahidə etmək üçün çıxdım. Fotomüxbir öncədən yerləri müəyyən etməlidir ki, təyinatı hara olacaq və nəyi çəkəcək. Burada isə bunlarla bərabər olaraq vəziyyəti də öyrənməli idim. "Salyan kazarması" deyilən yerə qədər piyada düşdüm.


- Nələrlə rastlaşdınız, nələr gördünüz?

 

- Nələr görmədim ki! Meyitlər, dağıdılmış maşınlar, insanlar küçələrə tökülüşüb, artıq qorxu belə itmişdi adamlarda. Bu qorxulu, dəhşətli vəziyyətdə işimi düşünürdüm. O an bir gülləyə qurban gedə bilərdim, üstəlik, kameranı görsəydilər bir an da salamat qalmazdım. Kamera da ağır və böyük. Geri qayıdıb plan cızdım özüm üçün. Bir neçə nəfəri özümlə götürdüm, 50 də lent. Axı çəkiliş etdiyim zaman kimsə məni tuta, güllələyə bilərdi, o an bütün fəaliyyətim məhv olardı. Məsələ təkcə o qanlı hadisələri çəkməklə bitmirdi axı, əsas onu ünvana çatdırmaq vacib idi. Jurnalistikanın da əsas şərti odur ki, operativ məlumatı xalqa çatdırasan gərək. Özümlə apardığım adamlara dedim ki, sizə lentləri verəcəm, aparacaqsınız "Azərbaycan" Nəşriyyatına, verəcəksiniz İntiqama və mən ondan götürəcəm. Onda bizdə bir polis var idi - İntiqam, o fotoların bugünədək gəlib çıxmasının əsas səbəbkarlarından biri oldu. Axşamlar gəlib lenti götürür, bu otaqda o lentləri kimyəvi yolla yuyub çap edirdim. Buradan piyada cinayət yerinə gedib çəkilişləri apardığım vaxt ardımca gələn olsa, hara qaçıb gizlənə biləcəyimi də hesablayırdım. Kameramı gizlətməyə çalışır, öz qabında deyil bazar paketində götürürdüm ki, diqqət çəkməsin. Çəkiliş zamanı insanların münasibəti pis olurdu mənə, sorğu-suala tuturdular ki, niyə çəkirsən, kim üçün çəkirsən?! Onlara başa salmağa çalışırdım ki, bu, Azərbaycanın tarixidir, çəkilməlidir. Bəlkə biz olmadıq, amma sonrakı nəsil bu tarixi unutmasınlar gərək. Görsünlər ki, biz nələrdən keçmişik, başımıza nələr gəlib. Düzgün təbliğat aparmasaydım, düşmənlərdən öncə, elə özümüzünkülər bizi öldürərdi yerindəcə. İndi çoxları üçün bu asan gələ bilər bəlkə də, amma ölümlə üz-üzə dayanaraq bunları etmək asan bir iş deyildi. Biz 44 günlük Vətən müharibəsində bunlara hazır idik və şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu. Təbliğat işlərimiz düzgün aparıldı. Hər kəsin sözü, əməli bir oldu. O vaxt isə belə deyildi. Hadisələrdən sonra fotoqraf kimi kimlərsə çıxdılar ortaya. Amma heç biri də doğru-düzgün çəkiliş ortaya qoymadı, hətta Bakının digər yerlərindəki qırğınlardan bircə foto da üzə çıxarmadılar. Mən Yaşar Xəlilovdan başqa kimsəni görmədim 20 Yanvar günü. Biz bu hadisədən eyni halda keçdik. Bu yaxınlarda hörmətli deputatımız, akademik Rafael Hüseynovla bir araşdırma apardıq ki, məhz 20 Yanvar günü çəkiliş edən olubmu? Hansısa 6 nəfərin də adı açıqlandı. Amma onlardan bircə dənə şəkil istəsəniz, ortaya nəsə çıxmaz. Çünki çəkməyiblər. Gətirənlər də olur, amma ki, dəfn mərasimindən, yəni ayın 22-24-ündən. Ancaq onlar kimə lazımdır?! Elə fotolardan yüzlərlə çəkmişəm. Məhz qırğını çəkmək lazım idi. Axı izi itirmək üçün elə ayın 20-dən meyitlər yığışdırılırdı. Heç olmasa qan izlərini çəkərdilər... İnsanlar qanlar üzərinə güllər səpirdi...

 

- Rasim müəllim, o vaxtlar itib-batan fotolarınız oldumu?

 

- Təbii ki, oldu. O başqa bir günün mövzusudur ki, bir dəfə bir şəxs kitab çıxartdıracaqdı guya, məndən foto istədi və ona 80 eksklüziv foto verdim. O vaxtlar da rəngli fotoların dublikatı olmazdı. Neqativ ancaq bir ədəd olardı. Və düşünün, bir ədəd olan neqativdən 80 ədədini mən həmin adama verdim. Təxminən bir aydan sonra o adamı görüb şəkillərin aqibətini soruşduqda mənə həmin şəkilləri itirdiyini dedi. Elə qəzəbləndim ki, bəlkə o an öldürə bilərdim həmin adamı. "Narahat olma, - dedi mənə, - belə hadisələr yenə baş verəcək, onda yenilərini çəkərsən" və ona qarşı dərin bir nifrət oyandı içimdə. Halbuki o vaxt guya insan hüquqlarının müdafiəsilə məşğul olurdu həmin adam. İndi üstündən 30 ildən artıq vaxt keçib. Heç o şəkillərdə imzamın olmasını belə istəmirəm yeri gələrsə, amma bircə o fotolar bu gün ortalığa çıxaydı. Sırf kitaba salınsın, yayılsın deyə mən ən mühüm, eksklüziv kadrları vermişdim ona.

 

- 20 Yanvar hadisələrinin növbəti ildönümündəyik. Oxuculara, ictimaiyyətə bu barədə daha nə demək istəyərdiniz?

 

- 20 Yanvar bizim tariximizin ən qanlı, ancaq həm də ən əhəmiyyətli səhifələrindən biridir. Gərək bu hadisə, onun tariximizdəki rolu əsla unudulmasın, yoxsa nə zamansa təkrarlana bilər. Tarixin hər bir vacib anı əbədiləşdirilməlidir. Bizim sahənin insanlarının ilk vəzifəsi tarixin fotosalnaməsini yaratmaqdır. Bir halda ki, imkan ola-ola, tarixi anları yaddaşa həkk etmirsən, nəinki fotoqraf, fotomüxbir, heç əsl vətəndaş və insan da insan sayılmazsan. Qorxmadan, soyuqqanlılıqla bütün hadisələri çəkməlisən. Buna qiymət verilsə də, verilməsə də, sən gördüyünü çəkib dünyaya çatdırmalısan.

Şəlalə CAMAL

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]