Rəhman Orxan: 4 oğul atası olan kənd müəlliminin qızıl toy u

Rəhman Orxan: 4 oğul atası olan kənd müəlliminin “qızıl toy”u

Rəhman Orxan: 4 oğul atası olan kənd müəlliminin “qızıl toy”u 

 

Ziyalı ömrü

 

Bütün ömrünü doğma kəndinə bağlamış Rüstəm Hüseynov 43 il Şəki rayonunun Qayabaşı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir

 

Bir müddət əvvəl doğmalar-dostlar, qonum-qonşular, doğma məktəbdə illərlə çiyin-çiyinə çalışdığı müəllim yoldaşları və Rüstəm müəllimin yaxında-uzaqda yaşayan keçmiş şagirdləri onun “qızıl toy”una toplaşmışdılar. Bu cür “toy” kənddə ilk dəfə idi ki keçirilirdi. Özü də restoranda, kafedə keçirilən toylardan fərqli olaraq Rüstəm müəllimin on illərlə özünün və oğlanlarının əli ilə, zəhmətilə yaratdığı bağlı-bağatlı, abadlığı ilə göz oxşayan həyətində, açıq havada, hər cür rəsmiyyətdən uzaq.
Tədbirin başlanğıcında Rüstəm müəllimin yarıciddi, yarızarafat qeyd etdiyi kimi, əgər 50 il əvvəl - 24 yaşında olarkən onun toyunu kəndin nüfuzlu ağsaqqallarından olmuş atası Məmməd kişi etmişdisə, “qızıl toy”unu o özü, həm də yubileyə gələnləri heç bir xərcə salmadan edib.

 

...Rüstəm Hüseynov çətin bir dövrdə - SSRİ-nin 1945-ci il qələbəsindən iki il sonra -1947-ci il martın 3-də, Novruz bayramı ərəfəsində dünyaya gəlib. Ailədə 3 qardaş, 2 bacı olublar. Rüstəm evin sonbeşyi olub. Hələ uşaqlıqdan gözünü açıb, ata-anasının mal-qara və əkinçiliklə məşğul olduğunu görən Rüstəm də böyük qardaşları Sabir və Sultan kimi əməyə-zəhmətə bağlı olub, dərslərindən boş vaxtlarda həmişə valideynlərinə kömək edib. Qoyun-quzu da otarıb, ot da çalıb, qışa tədarük üçün odun da doğrayıb. Ancaq atasının tövsiyə etdiyi kimi, başlıca vəzifəsi dərslərini yaxşı oxumaq olub. Xüsusilə ədəbiyyat fənnini çox sevdiyindən kəndin yuxarı başında, ya da geniş dərə boyu axan Əlican çayının sahilindəki dərə-təpə çəmənliklərində qoyun otararkən böyük maraqla oxuduğu ədəbiyyat dərsllikləri, “Koroğlu”, “Dədə Qorqud” dastanları, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Aşıq Ələsgərin, Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin kitabları əlindən düşməzdi. Gecələr evdə hamı yatandan sonra da yatağına uzansa da, sevimli ədəbiyyat müəllimi Qasım Abduləliyevin və kənd kitabxanasının maarifpərvər, qayğıkeş, mehriban müdiri Solmaz xanımın məsləhət gördükləri, hələ gündüzdən “iki günlüyə” adı ilə götürdüyü kitabları oxumaqdan doymazdı. Bəzən gecədən xeyli keçənədək oxuduğundan, yorularaq nə vaxt başının kitab üzərinə əyilərək yuxuya getdiyindən xəbəri belə olmazdı. Vaxt, imkan tapdıqca kəndə ara-sıra gətirilən filmlərə də yaşıdları ilə birgə maraqla baxardı. Qəhrəmanlıq filmləri olan “Koroğlu”, “Uzaq sahillərdə”, həmçinin “Arşın mal alan”, “Böyük dayaq”, eləcə də “Mosfilm”in çəkdiyi “İnsanın taleyi” filmləri ən çox sevdikləri filmlər idi. Həmin filmlərdəki obrazları canlandıran görkəmli sənətkarlar Rəşid Behbudovun, Leyla Bədirbəylinin, Ələsgər Ələkbərovun, Mirzağa Əliyevin, Lütfəli Abdullayevin, Nodar Şaşıkoğlunun, Sergey Bondarçukun oynadıqları rollar onu o qədər valeh etmişdi ki, könlündən aktyor olmaq keçirdi. 1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illik yubileyinə həsr edilmiş, Qasım müəllimin hazırladığı ədəbi-bədii gecədə dahi şairin satirik şeirlərinin motivləri əsasında hazırlanmış səhnəciklərdə 9-cu sinif şagirdi Rüstəmə də kənd tamaşaçıları tərəfindən sonralar alqışlarla qaşılanmış əsas rollardan birini verməsi onu sevindirmiş, aktyor olmaq həvəsini gücləndirmişdi. Bunu Qasım müəllimə deməyə ürək etməsə də, onun dərslərinə daha səylə hazılaşır, qəzəl və şeirləri digər şagirdlərdən fərqli olaraq ilhamla, ifadəli tərzdə, xüsusi intonasiya ilə söyləməyə çalışırdı.

 

Məhz aktyorluğa olan böyük həvəslə 1964-cü ildə doğma Qayabaşı kənd orta məktəbinin 11-ci sinfini bitirdikdən sonra sənədlərini tərəddüd etmədən Teatr institutuna vermişdi. Lakin... özünün dediyi kimi, xüsusi hazırlığı, peşəkar teatrla vaxtaşırı az-çox təması olmadan respublikanın adlı-sanlı sənətkarlarının qarşısında necə uğurla imtahan verə bilərdi ki? O günləri bir az təəssüflə, bir az da təbəssümlə, zarafatla xatırlayan Rüstəm müəllim bu gün özünün o vaxtkı uğursuzluğunu gülə-gülə yada salaraq deyir: “peşəkar teatr görməyən kənd uşağı elə böyük sənətkarların qarşısında necə qabiliyyət imtahanı verə bilərdi? Yalnız musiqi qabiliyyətindən “3” ala bildim, qalan üçündən isə - “2”.
Kəndə “üzüqara” qayıtmamaq üçün Bakıda qalıb, o vaxtkı leytenant Şmidt adına zavodda fəhlə işinə düzələn Rüstəm reallığı düzgün qiymətləndirərək, artıq aktyor olmaq xülyasından əl çəkib, tarixçi olmaq fikinə düşür və növbəti ildə sənədlərini Azərbaycan Dövlət Universitetinə (indiki BDU-ya) verir. İmtahanlara çox ciddi, gecə-gündüz hazırlaşır. Zəhməti hədər getmir, imtahanları uğurla verir, lakin bəxti gətirmir – rəqabət böyük olduğundan müsabiqədən keçə bilmir. Belə olduqda bu dəfə könlünün daha çox yatdığı müəllimliyi seçərək, 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna uğurla imtahan verərək, filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. Zavoddakı işi ağır olduğundan yaxınlıqdakı yanğınsöndürmə idarəsində işə düzəlir. O zamanlar instituta iş yerindən arayış vermək lazım gəldiyindən Rüstəm hər il yanğınsöndürmə idarəsindən arayış alır. IV kursa keçəndə fakültə dekanı İmran Babayev bir qədər kinayə ilə soruşur:

- Rüstəm, sən institutu bitirib, “pojarnik” olmaq istəyirsən, yoxsa dil-ədəbiyyat müəllimi?
- Əlbəttə, müəllim olmaq, - deyə Rüstəm çaşqın halda cavab verir.
- Onda zəhmət çək, ixtisasın üzrə işlə.

 

Gənc tələbə onun qarşısında belə tələb qoyulacağını gözləmirdi. Düşünürdü ki, müəllimliyə ali məktəbi bitirib, diplom aldıqdan sonra başlayar. Ancaq indi yalnız 3-cü kursu bitirmiş tələbəni Bakıda hansı məktəbdə işə götürərdilər? Çox düşünüb-daşındıqdan sonra gümanı gələn yer yenə doğma Qayabaşı məktəbi olur. Onsuz da institutu bitirdikdən sonra kəndə qayıtmağı nəzərdə tutmuşdu, ancaq dekan bu işi sürətləndirməli olmuşdu. İşdən üç günlük icazə alaraq, kəndə gəlib, məktəbin direktoru, çox maarifpərvər və qayğıkeş insan olan Cəmaləddin Camalovla görüşüb, vəziyyəti ona danışır. Təbii ki, Cəmaləddin müəllim məktəbin məzununa kömək etməyi vacib hesab edərək, onu yeni dərs ilindən işlə təmin etməyə söz verir. Və dünənki məzun - məktəbdə oxuyarkən dərslərini daim səylə, çalışqanlılıqla öyrənən, müəllimlərin sevimli, nümunəvi şagirdlərindən biri olan Rüstəm 1969-cu ilin sentyabrından doğma məktəbə müəllim kimi qayıdır.

 

Rüstəm müəllim ömrünün ən gözəl illərini keçirdiyi doğma məktəbdə ilk dəfə müəllim kimi sinfə girib, dərs dediyi günü bu gün də unutmur. O, 50 il əvvəl əlində jurnal sinfə daxil olarkən uşaqlar ehtiramla ayağa qalxıb, onu salamlayaraq, bir ağızdan “Xoş gəlmisiniz, Rüstəm müəllim! İlk dərs gününüz mübarək!” demişdilər. Belə qarşılanacağını gözləməyən gənc müəllim sevincini gizlətməyərək, Bakıda olduğu müddətdə böyümüş kənd uşaqları ilə daha yaxından tanış olub, ilk dərsinə başlamışdı. Şərtləri də belə olmuşdu ki, o, ədəbiyyatımızı və dilimizin incəliklərini şagirdlərə dərindən, yadda qalan şəkildə öyrətməyə çalışacaq, onlar isə dərsə həmişə hazırlıqlı gələcəklər.

 

İlk günlər öz fənlərinin fədaisi, dərin bilicisi olan sevimli müəllimləri Səfər İsmayılovun (tarix, coğrafiya), Qasım Abduləliyevin (Azərbaycan dili və ədəbiyyat), Nuru Gülməmmədovun (rus dili), Bəhman Hüseynovun (fizika, riyaziyyat), İsmayıl Ələkbərovun (fizika, riyaziyyat), Yusif Məsimovun (riyaziyyat) yanında özünü hələ də onların şagirdi kimi hiss edir, ona görə də ilk vaxtlar (və elə sonralar da uzun müddət) zəng vurulduqdan sonra müəllimlər otağından ən axırda çıxıb, dərs deyəcəyi sinfə yönələrdi. Sinfə daxil olduqda isə illərlə dərs oxuduğu, bilik-savad qazandığı otaqlar, divarlar, partalar, yazı taxtası onun xatirələrini təzələyir, onda qəribə bir nostalji duyğu yaradırdı. Tənəffüsdən sonra yenidən müəllimlər otağına qayıtdıqda sevimli pedaqoqlarını orda görüb, gizli bir fərəh, qürur hissi keçirirdi. Sevinirdi ki, nə yaxşı tale ona aktyor olmağı yox, müəllim olmağı qismət elədi və o, indi hər gün öz əziz müəllimlərinin yanındadır, onlarla yaxın təmasdadır. Bilik və istedadı, Azərbaycan və dünya ədəbiyyatını mükəmməl bilməsi ilə elə özü də böyük bir ədəbi məktəb olan Qasım müəllimin, bütün varlığı ilə büsbütün riyaziyyatçı, fizik olsa da, həm də ədəbiyyat, poeziya vurğunu olan Bəhman müəllimin hər gün onun yanında olması gənc müəllimi sanki daha da arxa-dayaqlı edir, mənəvi güc, ruh verirdi. Əslində Rüstəm müəllimin Qayabaşı məktəbinə gəlişi də həm müəllimlər, həm də şagirdlər arasında xoş bir ovqata səbəb olmuşdu. Hərdən Qasım müəllimin M.Füzulidən əruzun qaydaları ilə “Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanim” deməyi ilə Bəhman müəllimin də ona qoşulub, eyni avazla “Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmi?” söyləyib davam etməsi hamının əhvalını xoş edirdi.

 

Oxuduğu Pedaqoji İnstitutda növbəti imtahan sessiyasına gedərkən Qayabaşı məktəbində müəllim kimi çalışdığı barədə arayışı dekanatlığa təqdim edəndə İmran müəllim razılıqla demişdi: “Bax, bu başqa məsələ. Deməli, İnstitutumuzun pedaqoji kadr hazırlığı üzrə fəaliyyəti hədər getmir. Yoxsa bəziləri diplomu alıb, atır bir kənara, keçir başqa sahədə işləməyə”. Belə hallarla az rastlaşmayan dekan bütün səyi ilə çalışırdı ki, tələbələr öz ixtisasları üzə işləsinlər. Təsadüfi deyildi ki, tələbələrə gələcək müəllim, gənc həmkarı kimi baxan və qayğı göstərən, qiyabi oxumağın çətinliklərini, əyər-əskiklərini yaxşı bilən İmran müəllim Rüstəmgilin qrupuna dövlət imtahanlarına ciddi və səylə hazırlaşıb, qiyabiçi kimi vaxt edib çatdıra bilmədiklərini mükəmməl öyrənə bilmələri üçün əlavə bir il də vaxt vermişdi. Və Rüstəmgilin qrupuna güzəşt edilmədən, gündüz şöbələrində olduğu kimi yüksək tələbkarlıqla, çox ciddi imtahan götürülmüşdü. Əslində qiyabiçi olmasına baxmayaraq, tələbə Rüstəm dövlət imtahanlarında yüksək bilik nümayiş etdirərək, institutun tələbkar müəllimlərindən üç “4” və bir “5” ala bilmişdi.
Ali məktəbi bitirdikdən bir il sonra - 1973-cü ildə Rüstəm Hüseynov doğma məktəbdən, sevimli müəllimlərindən və şagirdlərindən ayrılmalı olmuşdu – Şəki rayonunun əslən Qayabaşı kəndindən olan hərbi komissarı Muxtar Xuduyevin imzası ilə ona hərbi xidmətə getmək üçün çağırış vərəqəsi gəlmişdi. Atası Məmməd kişi hərbi komissarla aralarında olan çoxillik hörmət-izzətdən, həmkəndli olmasından istifadə edib, Rüstəm üçün 2 illik möhlət ala bilərdi və onda onun hərbi xidmət yaşı başa çatar (o vaxtlar çağırışçılar 27 yaşdan sonra əsgər aparılmırdı) və əsgərliyə getməzdi. Ancaq nə Rüstəm özü, nə də atası belə bir fikirdə olmamışdı. Və illər keçdikdən sonra Rüstəm müəllim xüsusi məmnunluqla bildirir ki, nə yaxşı hərbi xidmətdən qalmayıb. Çünki onun bəxtinə Uzaq Şərqdə, Vladivostokda xidmət etmək düşmüşüdü.

 

- Yaxşı ki getdim əsgərliyə. Yoxsa mən qədim türk tayfalarımızın keçib gəldiyi o tarixi yerləri görə bilərdimmi? “Yeni su” mənasında olan nəhəng Yenisey çayını, hər qarışında türk xalqlarının izi olan Uzaq Sibir çöllərini görmək məndə böyük maraq və qürur hissi doğururdu, - deyir Rüstəm müəllim.
Nümunəvi əsgər olan Rüstəm Hüseynova çox məsul bir iş – motoatıcı polkun BMP batalyonunda pulemyotçu olmaq tapşırılmışdı. O yerlərdə Azərbaycanda görünməyən şaxta – mənfi 35 dərəcəyə qədər soyuq olsa da, sıravi əsgər R.Hüseynov buna mətanətlə dözür, xidməti borcunu ləyaqətlə yerinə yetirirdi. Elə buna görə də çox keçmədən “əlaçı əsgər” adına layiq görülmüşdü. Komandirləri də çevik və diribaş olan, hər bir tapşığı bacarıqla yerinə yetirən ali təhsilli Rüstəmin xətrini çox istəyir, onunla dostluq edirdilər. Məhz bu yaxınlıqdan istifadə edən azərbaycanlı döyüşçü bir dəfə komandirdən 1969-cu ildə SSRİ-Çin hərbi toqquşması zamanı çinlilərin hücumunun qarşısının şayiələrdə deyildiyi kimi həqiqətənmi lazer silahından istifadə etməklə alındığını soruşmuşdu. Ancaq komandir elə bir silahdan yox, o zaman ordunun arsenalına yenicə verilmiş unikal qrad qurğularından istifadə edildiyini bildirmişdi. 40 lüləsi olan qrad qurğusu o vaxt əvəzsiz bir silah sayılırdı. Polkda isə həmin qurğudan 7-si vardı. Məhz həmin silahdan atəş açıldıqda hər qrad mərmisi bir kvadrat kilometr ərazidə həm canlı qüvvəni, həm də hərbi texnikanı darmadağın edirmiş. Bunu isə çinlilər lazer silahı hesab etmiş, qorxu-təlaş ilə, çoxlu canlı qüvvə itirərək, geri çəkilməli, qaçmalı olmuşdular. Hər halda komandir Rüstəmi buna inandırmağa çalışmış, lazerdən istifadə edilmədiyini bildirmişdi.

 

Hərbi xidmətini başa vuran Rüstəm müəllim doğma Vətənə, Qayabaşıya artıq daha çox dünya görüşünə malik, doğma torpağa, elə-obaya daha böyük məhəbbətlə qayıtmışdı. Vətəndən uzaqlarda, tarixçilərə inansaq, vaxtilə türk tayfalarının yaşadığı çöllərdə keçən bir illik əsgər həyatı onda zəngin təəssürat oyatmışdı. Elə həmin təəssüratla da doğma Azərbaycana, türk ellərinə sevgisi daha da artmışdı.

 

Çox sonralar Rüstəm müəllimin 4 oğlunun hər biri Azərbaycan Milli Ordusunda xidmət etmişlər. Böyük oğlu Elçin 4 il yarım, digər oğlu Ramin isə 3 il yarım olmaqla hərbi xidmət keçmişlər. Digər iki oğlu da – Yalçın və Rahim də Vətən qarşısında övlad borclarını ləyaqətlə yerinə yetirmişlər. Ümumilikdə Rüstəm müəllimin oğulları Milli Orduda üst-üstə 12 ildən artıq xidmət etmişlər.

 

...Hələ əsgərliyə getməzdən əvvəl məktəbdə müəllimlərinin inamı və etimadı ilə ona tapşırılan dərs hissə müdiri vəzifəsini indi əvvəlki utancaqlıqla yox, maraqla, həvəslə yerinə yetirirdi. Bir-neçə il sonra onun doğma məktəbin direktoru olmaq şansı olsa da, vəzifəni yox, sıravi müəllimliyi üstün tutmuşdu. Yalnız çox böyük təkidlərdən sonra dərs hissə müdiri olmağa razılıq vermişdi. İllər keçdikcə daha çox pedaqoji təcrübə toplayan, kamilləşən Rüstəm müəllim dəfələrlə respublika miqyaslı elmi-praktik konfranslarda, olimpiadalarda iştirak etmiş, fəxri 2-ci yeri tutmuş, metodist müəllim adına və pul mükafatlarına layiq görülmüşdür. Ədəbiyyat müəllimi kimi poeziyaya, yaradıcılığa böyük meyli, həvəsi olan Rüstəm müəllim illərlə yazdığı şeirləri toplayaraq, “Oyanacaq xatirələr” adlı kitab da nəşr etdirmişdir. “XX və XXI əsrin yaradıcı və ziyalı insanları” adlı oçerklər kitabında isə respublikanın bu qabaqcıl təhsil işçisi ilə bağlı geniş məlumat da verilmişdir.

 

Bütün varlığı ilə vətənpərvər olan Rüstəm müəllimin ən böyük arzularından biri qədim yurdumuz Təbrizdə olmaq, ulu, dahi şairimiz Məhəmməd Şəhriyarın məqbərəsini ziyarət etmək olub. Fürsət düşən kimi - 2012-ci ildə bu imkandan istifadə edib, yüz illər əvvəl ikiyə bölünmüş Vətənə həsr edilmiş “Azərbaycan”, “Heydərbabaya salam!” kimi şedevrlər yaratmış böyük ustadın məzarını ziyarət etmiş, qəbri üstünə gül-çiçək düzmüşdü. Sonra daha bir fürsətdən istifadə edərək, dərdli Arazın üstündəki qədim Xudafərin körpülərini çayın o tayından qəmli-qəmli müşahidə etmiş, o vaxt hələ işğal altında olan yurd yerlərimizə ürək ağrısı ilə baxmışdı. Və bu gün böyük qürur hissi keçirir ki, müdrik Prezidentimiz, Ali Baş komandanımız İlham Əliyevin uzaqgörən siyasəti, strateji və taktiki manevrləri, üstünlükləri sayəsində Milli Ordumuz Qarabağımızı, müqəddəs Şuşamızı düşmən tapdağından həmişəlik azad edib.

 

...Bu gün Rüstəm müəllimin dərs dediyi, ədəbiyyatımızı və dilimizi sevə-sevə öyrətdiyi yüzlərlə keçmiş şagirdi ali təhsil alaraq, respublikanın müxtəlif yerlərində uğurla çalışırlar. Hətta Mingəçevirdə yaşayan məzunlarından biri – Zemfira Məhərrəmova respublikanın Əməkdar müəllimi adlna layiq görülmüşdür. Məzunların aralarında alimlik dərəcələri olanlar da vardır.

 

Xüsusilə qeyd etmək lazımdır ki, Rüstəm müəllim istedadlı pedaqoq olmaqla yanaşı həm də çox gözəl ailə başçısı, istəkli ata, sevimli babadır. Ömür-gün yoldaşı, elə özü ilə birgə məktəbdə çalışmış Sürmayə müəllimə ilə artıq 50 ildir ki, mehribanlıqla yaşayıb, Vətənə layiq övladlar, nəvələr böyüdüblər. Hazırda Bakıda yaşayan oğulları Elçin, Yalçın və Raminin hər birinin iki övladı var. Atasının yolunu davam etdirərək, Bakı Dövlət Universitetinin bakalavrını və magistraturasını uğurla bitirərək, artıq neçə ildir ki, doğma Qayabaşı məktəbində kənd uşaqlarına dərs deyən Rahimin isə üç övladı var.

 

Mənalı, gözəl ömür yaşayan Rüstəm müəllim xeyli müddətdir ki təqaüddə olsa da, işdən-gücdən qalmır, hər zaman oğlu Rahimlə birgə səliqə-sahmanda saxladığı həyətində özü əkdiyi ağaclara qulluq edir, mal-qaraya baxır, hərdən də kənd arasına çıxıb, ağsaqqallarla söhbət edir. Doğma məktəb üçün də çox darıxır, vaxt tapıb müəllimlər və şagirdlərlə görüşür. Orda isə Rüstəm müəllimi həmişə intizarla gözləyir, sevinclə qarşılayırlar. Budur kamil müəllim ömrünün qürur doğuran mənalı anları, zövq-səfa verən akkordları!

 

“Qızıl toy”unuz mübarək, Rüstəm müəllim və ailənin qayğıkeş xanımı, vəfalı ömür-gün yoldaşı Sürmayə müəllimə! Xoşbəxtliklə, 100 yaşayın!


Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Qayabaşı məktəbinin məzunu
və fəxri müəllimi.

 

 

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]