DALDAN ATILAN DAŞ TOPUĞA DƏYƏR

DALDAN ATILAN DAŞ TOPUĞA DƏYƏR

 DALDAN ATILAN DAŞ TOPUĞA DƏYƏR


Xəlvətcə qonşunun hininə girib toyuğun altından bir yumurtanı oğurlayan uşağı valideynləri vaxtında pis yoldan çəkindirməyəndə, arxadan atılan daş topuğa dəyir. Diqqətsiz ata-ana ayılıb gözünü açanda artıq gec olur, çox çalışsalar da, oğurluğu özünə peşə seçmiş övladı doğru yola qaytara bilmirlər...
Qəzet-Jurnal Ekspedisiyası adlanan qurum (QJE) “Azərbaycan” nəşriyyatı ərazisinin bir küncündə yerləşir. Dövlət müstəqilliyimizin ilk illərində həmin dövrün nüfuzlu nəşri olan “Səhər” qəzeti də abunəçilərə və köşklərə QJE vasitəsilə çatdırılırdı. Onlarca jurnalist, texniki işçi öz xərcini artıqlaması ilə ödəyən redaksiyadan maaş, mükafat, qonorar alırdı.
Sən demə redaksiyanın məhsulu hesabına başqaları da yaxşıca dolanırmış. QJE-nin bir qrup işçisi bəzi digər şəxslərlə əlbir olub hər gün “Səhər”in minlərlə nüsxəsini qanunsuz olaraq qəzet köşklərinin satıcılarına çatdırır, ay ərzində maaşlarından da çox qazanc əldə edirlərmiş.
Zaman keçdi, belə NÜMUNƏVİ işinə görə Qəzet-Jurnal Ekspedisiyasının birinci şəxsini böyüdüb “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi vəzifəsinə təyin etdilər. Sonra onu təmtəraqla mətbuatımızın başına qondurdular və külli-ixtiyarı da verdilər əlinə. On ildən çox Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru oldu. Hətta YAXŞI işinə görə sinəsini orden-medallar bəzədi!!!
Bəs axırı necə oldu?!
Bu günlərdə məhkəmənin hökmü ilə hər şeyə aydınlıq gətirildi. Keçmiş üzümçü, çeşidləyici, mühəndis, rəis, sədr və icraçı direktor milyonlarla vəsaiti mənimsədiyinə görə əmlakı müsadirə olunmaqla 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək həbsxanaya atıldı...
ŞƏKİLDƏ: 1992-ci il. “Azərbaycan” nəşriyyatını mühafizə edən polislər növbəti dəfə “Səhər”in qanunsuz yolla ərazidən çıxarılmasının qarşısını alırlar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]