Azərbaycan Dövlət Teatr Muzeyində Qanlı gecədən doğan hürriyyət adlı tədbir keçirildi (AZpress.AZ-İ.Rüstəm +FOTO=13)

Azərbaycan Dövlət Teatr Muzeyində “Qanlı gecədən doğan hürriyyət” adlı tədbir keçirildi (AZpress.AZ-İ.Rüstəm +FOTO=13)

Azərbaycan Dövlət Teatr Muzeyində “Qanlı gecədən doğan hürriyyət” adlı tədbir keçirildi (AZpress.AZ-İ.Rüstəm +FOTO=13)

 

Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi yaradan, yaddaşında çox dərin izlər buraxan hadisələr vardır. 20 Yanvar faciəsi də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən illər keçməsinə baxmayaraq “20 Yanvar” faciəsi xalqımızın yaddaşında həmişə təzədir. Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim hər birimizin vətəndaşlıq və vicdan borcudur. Məhz bu səbəbdən respublikamızda hər il 20 Yanvar Ümumxalq Hüzn Günündə faciənin ildönümünə həsr olunmuş tədbirlər keçirilir və Şəhidlər Xiyabanı ziyarət edilir.

 

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bu tarixi günü anmaq məqsədilə 14 yanvar 2022-ci il tarixində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Qanlı gecədən doğan hürriyyət” adlı tədbir keçirildi.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Ardınca vətən uğrunda canlarını qurban verən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin rəsmi hissəsində muzeyin əməkdaşı Suğra Ələkbərli məruzə ilə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələrdən, o cümlədən xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışdı.

 

Tədbirdə eyni zamanda Nəsimi Rayonu 20 Yanvar İctimai Birliyinin sədri Fətullayev Tahir, I və II Qarabağ müharibələrinin iştirakçısı qazi Hüseynov Valeh 20 Yanvar hadisələrinin canlı şahidləri kimi öz xatirələrini bölüşdülər. O dəhşətli gecədə millətimizin axan qanının hədər getmədiyini, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğuladılar.

 

Tədbir çərçivəsində qonaqlara muzey işçiləri tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olundu.

 

Tədbirin bədii hissəsində Rafiq Babayev adına 25 saylı onbirillik musiqi məktəbinin vokalisti və pianisti Əli Vahidov 20 Yanvar faciəsinə həsr etdiyi fortepiano üçün prelüdiyasını, Ələkbərov Tural isə bəstəkar Fikrət Əmirovun “12 miniatür” əsərindən bir hissə ifa etdi. Ardınca Şövqi Əmiraslan Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeiri ilə çıxış etdi. “Harmoniya” tədris mərkəzinin konsertmeysteri Əsmər Behbutova fortepianoda bəstəkar Faiq Sücəddinovun “Vətən balladası”nı, bəstəkar Con Uilyamsın “Şindlerin siyahısı” filminə bəstələdiyi musiqi parçasını səsləndirdi. Daha sonra tədbir iştirakçıları pianoda Əli Vahidovun müşayiətilə Şövqi Əmiraslanın ifasında bəstəkar Şahin Musaoğlunun “Cənab Leytenant” mahnısını, Rafiq Ağayevin ifasında isə bəstəkar Elvin Quliyevin “Qayıt vətənə” marşını dinlədilər.

 

Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak etdilər.

 

Tədbir COVİD-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olundu və həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edildi.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]