55-ə "əl yelləyən" ADAM: "İnsan bilmir ağlasın, yoxsa sevinsin"

55-ə "əl yelləyən" ADAM: "İnsan bilmir ağlasın, yoxsa sevinsin"

55-ə "əl yelləyən" ADAM: "İnsan bilmir ağlasın, yoxsa sevinsin"

 

 Rasim Mədəd: 

"Vaxtilə top-top oynadığım həyətimizdə qoşqulu hərbi top qoyulmuşdu"

 

"Atam, anam Qubadlıdan köçkün düşəndə ancaq mənim yarımçıq qalan işimi götürmüşdülər. Dedim, ay ana, bu nədi?
Gətirirdin, heç olmasa hazır işlərdən gətirəydin... Mənə dedi ki, özüm bu işi gətirdim, ona görə ki, sən qayıdıb onu tamamlayasan...

 

"Təklif gəldi ki, mənim çəkdiyim əsəri erməni rəssam tamamlayacaq, razılaşmadım. Dedim, erməni kimdi ki, mənim əsərimi tamamlaya. “Yaxınlaşma” istəyirsiniz, mənim başqa təklifim var..."

 

Ötən ilin söhbətidi. Dostumuz, həmkarımız Rasim Mədəd Vətəni Qubadlıya səfər etmişdi. Doğma kəndi ilə, 27 il əvvəl çıxdığı evlə görüşüb qucaqlaşmışdı. İstədik, o görüş barədə danışsın. Məlum məsələdi. Sözlə ifadəsi mümkünsüz olan hisslərdir və bu hissləri sözə çevirib danışmaq ağırdan da ağırdı. Yenə də cəhd etmək istəyirdik. Biz – Qarabağı diri gözlə görməyənlər (hələ ki) onu qarabağlı soydaşlarımızın danışıqları ilə “gəzirik”, haqqında eşitdiyimiz, ekranda gördüyümüz gözəlliyinə bir daha canlı söhbətlər vasitəsilə heyran qalırıq.

 

Yenidən, təkrar-təkrar aşiq oluruq. Çox olub belə müsahiblərimiz. Bu fikirdəydik ki, həmkar dostumuz, sabiq “7 Gün”çü, hazırda isə Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Rasim Mədəd – İsmayılov Rasim Mədəd oğlu - onlardan biri olsun. Amma alınmadı. Rasim müəllim dedi ki, “indi yox. Vaxtı deyil”. Səbəbini də belə izah etdi ki, Qubadlı və doğma kəndi Poladlı haqqında Azərbaycan Dövlət Televiziyasında veriliş hazırlanır. Çəkilişlərlə məşğuldur. “Çəkilişlər bitsin, redaksiyaya gələcəm”, dedi. O gün dünənmiş. Qismət yanvarın 11-nəymiş. Rasim müəllim gəldi və onunla Qubadlı seyrinə çıxdıq. Niyə məhz yanvarın 11-i? Səbəbsiz deyilmiş;

 

- İstəyirəm, bu müsahibə bir növ, hesabat xarakterli olsun...
(təklif maraqlı gəldi)

 

- Hansı mənada, Rasim müəllim?

 

- Sabah – yanvarın 12-si mənim həyatdan iki “5” aldığım gündür...

(etiraf edim, əvvəlcə anlamadım: necə yəni iki beş?!)

 

- Sabah 55 yaşım tamam olur...

 

- Aa... Nə yaxşı... İndi anladım... Olsun. Nə deyirik.

 

- Özüm belə istədim. O vaxt siz mənə müraciət edəndə, düşündüm ki, 55 yaşımın tamamında hesabat xarakterli müsahibə təşkil edərik. Həm də, özümə söz verdim ki, indiyədək heç kəsə, heç bir yerdə danışmadığımı “Şərq”ə danışacam. 28 ildir bunu ürəyimdə saxlayıram...

 

- Onda başlayaq. Vaxt yetişdi...

 

- ... Bir az uzaqdan başlayım... Emin müəllim (“7 Gün”ün baş redaktoru Emin Eminbəylini nəzərdə tutur), redaksiyada kimin ad günü olurdusa, zarafat edib deyirdi “sən bu yaşa necə gəlib çıxmısan?!”. Mən də Emin müəllimin sualını özümə verirəm ki, ay Rasim, 55 yaşa necə gəlib çıxmısan?!. Mən 10 yaşına kimi Qubadlının Poladlı kəndində yaşamışam. Kəndimiz rayon mərkəzindən uzaq olduğu üçün ailəmiz sonra Xudular kəndinə köçdü. Poladlı kəndi şahsevənlər tayfasının adıyla bağlıdı. Bu, tarixi məsələdir. Çox uzatmaq istəmirəm. XIX əsrin əvvəllərində şahsevənlərin bir qolu olan poladlılar 800 alaçıqdan ibarət olub. Onlardan bir hissəsi Azərbaycana – 4 alaçıq isə Bərgüşad mahalına (sonralar Qubadlı adlandı) köçüb, Dəmirçilər kəndində məskunlaşıblar. Bir müddət sonra isə Kosa dağın ətəklərində oturaq həyat tərzinə keçiblər və sairə. Poladlıların bir hissəsi Ağdama, Ağcabədiyə, Şamaxıya, Tərtərə... köçüb, ümumilikdə 6 bölgədə məskunlaşıblar. Bu yerlərin hamısında Poladlı adında kənd var.

 

- Sözünü kəsim, maraqlı gəldi, bu şahsevənlər tayfası Şah İsmayıla, Səfəvilərə bağlıdı?

 

- Bəli. Daha dəqiq, I Şah Abbas zamanına. Bu, uzun söhbətdi. Mən “Ruhumun Vətəni” kitabımda bu haqda geniş yazmışam. Tarixi faktlar əsasında. Toponimlər, dialekt, şivə sözlər... tayfalar, onlardan ayrılan qollar... hamısı barədə yazılıb. Əsas nəyi demək istəyirəm. Mən jurnalist yox, rəssam olmalıydım!..

 

(Həə, hesabatın nüvəsi, deyəsən budu. “Rəssam olmalıydım”, etirafını kədərli dedi Rasim müəllim. Elə bil kimsə onu rəssam olmağa qoymamışdı, önünü kəsmişdi. Söhbət boyunca bu məlum olacaqdı, kimdi o şəxs. Bəlkə də taleyin yazısıymış. Baş verən hadisələr, arzuları yarımçıq qoyan müharibə, işğal...)

 

Rasim Mədəd qısa fasilədən sonra davam etdi:

 

- Elə vurulmuşdum bu sənətə, elə bağlanmışdım... İlk rəsmim atamın aldığı “Əlifba” kitabındakı ceyran şəklini çəkmək olub. Ceyranın şəklini çəkmişdim. Qəşəng alınmışdı. O həvəslə də şəkil çəkməyə davam etdim. Təsəvvür edin ki, məktəbimizin dəhlizində divara mənim çəkdiyim rəsmlər vurulurdu. Yəni ilk sərgilərim orta məktəbdə oxuyarkən keçirilib. Məktəbdə mən rəssam kimi tanınırdım. Günlərin bir günü qapımızda bir maşın dayandı. Bir adam gəldi, dedi ki, onu rayonun birinci katibi göndərib, katib məni görmək istəyir. Rayonun katibi Zöhrab Məmmədov idi. Katib tapşırıb ki, əl işlərini də gətirsin. Mən də şəkilləri yığdım qovluğa, sevinə-sevinə mindim maşına, getdik “raykom”a. Uşaq idim, nə bilirdim, “raykom” kimdi, nə deməkdi. Üzbəüz əyləşmişdim, katiblə. Qovluğu aldı, çəkdiyim şəkillərə baxdı. Sizə deyim ki, o şəkillərin arasında Şuşanın da rəsmi vardı. Hansısa jurnalda görüb çəkmişdim. O şəkilləri indi də saxlayıram. Maraqlıdı ki, Şuşanın şəklinə baxandan sonra katib qalxdı ayağa, keçdi pəncərənin önünə, bir siqaret yandırdı və mənə elə gəldi ki, köks ötürdü...

 

- Bu, neçənci illər idi?

 

- 7, ya 8-ci sinifdə oxuyurdum. Təxminən 1982 olardı... Düşünürəm, bəlkə elə o vaxt da Şuşa, Qarabağ məsələsi varmış, o da rayonun katibi idi, bəlkə nələrsə bilirmiş, hansısa məlumatlar varmış... Nəysə, qayıtdı mənə ki, indi sən məndən nə istəyirsən? Əslində o məni çağırmışdı. Mən də uşaq düşüncəsiylə dedim ki, rəssam olmaq istəyirəm. Dedi, partiya komitəsi adından sənə göndəriş verək, Rəssamlıq məktəbinə imtahansız qəbul olunacaqsan. Amma bu şərtlə ki, təhsilini bitirdikdən sonra qayıdıb rayonumuzda işləyəsən. Beləcə, “raykom”un göndərişi əsasında gəldim Ə.Əzimzadə adına Dövlət Rəssamlıq məktəbinə. O vaxt bir neçə fəndən imtahan götürülürdü, ixtisasdan da həmçinin. Mən yalnız ixtisasdan imtahan verdim və qəbul olundum. Çox həvəslə oxuyurdum, sinif nümayəndəsi idim. Diplom işini də hamıdan tez bitirib təhvil vermişdim. Direktorumuz dedi ki, yoldaşlarına da kömək elə, onlar da tez bitirsinlər işlərini. Diplom müdafiəsində Mikayıl Abdullayev, Vidadi Nərimanbəyov – Toğrul Nərimanbəyovun qardaşı, başqa hansısa rəssam da vardı, onlar qiymət yazırdı. Nəysə, mənə “4” yazdılar. Amma kömək elədiyim tələbələr “5” aldı. Etiraz elədim ki, komissiya baxsın işimə. Direktorumuz mənə dedi ki, tutalım sənə “4”ü Vidadi müəllim yazıb. Nə o, nə də başqası yazılan qiyməti dəyişməyəcək. Komissiyanı qoy kənara. Gəl, səni Leninqrada təhsilini davam etdirməyə göndərək. Göndərişlə. İmtahansız qəbul olarsan. O vaxt Leninqradda – indiki Sankt-Peterburq – Rəssamlıq Akademiyası vardı. Repin adına. Deyəsən, sonra Rusiya Rəssamlıq Akademiyası oldu. Nəysə, görünür, məni ovundurmaq istəyirdi. İpə-sapa yatmadım. Cavanlıqdı da. İncimişdim... “4” qiyməti mənə yaman pis təsir etmişdi. Elə bil küsdüm rəssamlıqdan. Getdim, hərbi komissarlığa, ərizə yazdım ki, hərbi xidmətə getmək istəyirəm... Belə, rəssamlıqdan müvəqqəti uzaqlaşdım.

 

- Tələbəlik illərində yəqin xeyli rəsm əsərləriniz olub...

 

- Bəli... Üzeyir Hacıbəylinin 100 illiyinə “O olmasın bu olsun” komediyasına reproduksiya çəkmişdim. Vəcihə Səmədova adına Sərgi Salonunda nümayiş olunurdu. Sonra bildim ki, bu əsər Mədəniyyət Nazirliyinin Qızıl Fonduna daxil edilib. Moskvada Qış Olimpiya Oyunları keçiriləndə tələbə-rəssamların əl işlərindən ibarət sərgi üçün rəsm əsəri çəkmişdim, o əsər də Moskvada II yerə layiq görülmüşdü.

 

- Leninqrad (Sankt-Peterburq) məsələsi necə oldu, “yola gəlmədiniz”?

 

- Hərbi xidməti bitirdikdən sonra rayona qayıtdım, 3 il yaradıcılıqla məşğul oldum. Ora daxil olmaq üçün gərək rəsm əsərlərinin sərgisi keçirilmiş olsun. Sərgidə də azı 30 əsər olmalıdır. Buna çalışırdım. Artıq Bakıda işləyirdim, amma hər dəfə kəndə gedəndə, rəsmlə məşğul olurdum. Mənzərələr, qalaları... çəkirdim.


- Bakıda qəzetdə çalışırdınız?

 

- Jurnalistikaya gəlişim “Kino” qəzetindən başlayıb. Dostum var, Mehdi Mükərrəmoğlu. O, mənə dedi ki, “Kino” qəzeti üçün karikaturalar çəkə bilərsən? Belə başladım, qəzetdə çalışmağa. Karikaturaları Emin müəllim də görüb, sonra o, məni “7 Gün”ə dəvət etdi. Orda da həm karikaturalar çəkirdim, həm də məsul katib idim. Artıq Qarabağ münaqişəsi başlamışdı. Kənddə müdafiə batalyonuna yazılmışdım, kəndimizin müdafiəsinə qoşulmuşdum, həm də cəbhə bölgəsindən “7 Gün” üçün reportajlar yazırdım, material hazırlayırdım. Kəndimizdə sıldırım qayanın üzərində qala var. “Keşikçi qalası” da deyirdilər. (İşğaldan sonra həmin qala tamamilə dağıdılıb) O qalanın şəklini çəkirdim. Ümumiyyətlə, kəndimiz sıldırım qayaların əhatəsindədi. Kosa dağ, Alzabəyin yalı, Güney Qaya, Ala Qaya... Dağlar, qayalar silsilə kimi uzanır. Mən məhz bu dağ silsiləsini, qayanın başındakı qalanı çəkirdim... Avqustun 27-si məni təcili Bakıya çağırdılar. O işim yarımçıq qaldı. Bakıya gəldim. 1993-cü il avqustun 31-i ermənilər Qubadlını işğal etdi... Kəndimizlə bərabər sərgiyə hazırladığım 30-dan çox əsərim də işğal olundu... Mənim Akademiya sevdam da belə başa çatdı.

 

- Rəsmlərinizin hamısı qaldı Qubadlıda?

 

- Yox. Daha doğrusu, hamısı qaldı, bircə o yarımçıq işimdən savayı. Xəbər gəldi ki, atam, anam Bakıya gəlir, bir qohumumuzun maşınıyla. Emin müəllim də maşın verdi ki, get, ata-ananı qarşıla. Onları qarşılayanda gördüm anamın əlində bir tablo, bir də “etüdnik”... Baxdım, mənim yarımçıq qalan işimdi. Dedim, ay ana, bu nədi? Gətirirdin, heç olmasa hazır işlərdən gətirəydin... Mənə dedi ki, özüm bu işi gətirdim, ona görə ki, sən qayıdıb onu tamamlayasan... Onlar evdən heç nə götürməmişdilər. Anam ancaq bu yarımçıq əsəri götürmüşdü... Mən 28 il o “etüdnik”in qapağını açmadım. Rənglər ordaca qurudu, daşa döndü. Daş ürəklər kimi. Nə qədər çalışdım işləyim, tamamlayım, bacarmadım... Yarımçıq əsər evimizin divarında asılı qaldı.

 

- İşğal bitdi. Ananızın arzusunu inşəllah yerinə yetirərsiniz...

 

- İnşəllah.

 

- 28 il ərzində ümumiyyətlə, heç nə çəkmədiniz?

 

- Xırda-para işlər olurdu. Həvəsi öldürmək üçün. “7 Gün”də çalışmağa davam etdim. Jurnalistika kurslarına getdim. Guya ki, jurnalist oldum... “7 Gün”dən sonra bir müddət “3 Nöqtə” qəzetində işlədim. Belə deyim, “7 Gün”nün taleyindən bəhs edən “3837 gün” kitabım nəşr olundu. Bunlar hamısı fikrimi rəssamlıqdan yayındırmaq üçün idi. Televiziyada çalışdım. “Ruhumun Vətəni” kitabım çap olundu. Çox iş gördüm. Amma... rəssam ola bilmədim!..

 

- Niyə elə deyirsiniz, siz rəssamsınız da...

 

- Yox, peşəkar rəssam olmaq üçün gərək çox işləyəsən. 2000-ci illərdə bir qeyri-hökumət təşkilatından təklif gəldi ki, Azərbaycan rəssamı ilə erməni rəssamının birgə rəsm əsəri olsun. Belə ki, ya mənim çəkdiyim əsəri erməni rəssam tamamlayacaqdı, ya da mən onun hansısa əsərini. Guya xalqlar arasında mədəni yaxınlaşma, əməkdaşlıq, filan... Razılaşmadım. Dedim, erməni kimdi ki, mənim əsərimi tamamlaya. “Yaxınlaşma” istəyirsiniz, mənim başqa təklifim var. Aparın bizi Qubadlıya, mən orda yarımçıq əsərimi tamamlayım, erməni də istədiyi rəsmi çəksin. Mütəxəssislər rəy versin, kimin rəsmi yüksək qiymət alacaqsa, deməli o torpağın sahibi odur.

 

Mən qəti əminəm ki, dünyanın ən məşhur rəssamı olsun, yenə bizim rəssamlardan geri qalacaq. Çünki bizim rəssamlar Vətən torpağını çəkəcək, onlarsa, işğal etdikləri torpağı. Razılaşmadılar. Razılaşmazlar axı...

 

- Qubadlıya səfərinizdən də danışın...

 

- Gedənlər doğru deyir ki, orda yaşanan hissləri sözlə ifadə etmək mümkün deyil. Həqiqətən belədir. Bilirsiz, rayona gedənə qədər əmin idim ki, hər cığırı, dərəni tanıyacam. Evimizin yeri ovcumun içi kimi yadımdadır... Təsəvvür etməzsiniz, qardaşımın evini tapa bilmədim... Hər şey, hər yer o qədər dəyişib ki!.. Çayın kənarları da, meşə də, bulaqlar da. Cığırı tapa bilmirsən, hər yer dağılıb, itib-batıb otun içində. Üstündə əyləşib rəsm çəkdiyim böyük qaya parçası da yoxdu. Yerə batıb, göyə çıxıb, bilmirəm... Vaxtilə top-top oynadığım həyətimizdə qoşqulu hərbi top qoyulmuşdu... Sizə bir şey deyim, kəndi kənd edən onun insanlarıdı. Mal-qarası, bağı-bağçası, çəpəridi. Bunlar yoxdursa, kənd, kənd deyil. Çox ağır hisslərdi. Adam bilmir, ağlasın, yoxsa sevinsin. 5 saatlıq yol idi. Elə bil, 1 saata çatdıq Qubadlıya. Yol getdikcə, təəccüb, heyrət məni bürüyürdü ki, bizim əsgərlər bu yolları necə keçib? Çiyinlərində 50 kiloluq yüklə elə hey irəli gediblər, dayanmayıblar. İnsan ayağı dəyməyən yerlərdə səngər qazıblar. İnsan qəribə hisslər keçirir. Düşünürsən ki, indi sənin keçdiyin yollardan əsgərlərimiz keçib. Bu torpaqlar şəhidlərimizin qanı bahasına azad edilib... Ancaq yolboyu aparılan quruculuq işləri insana böyük təsəlli verir...

 

Yola çıxanda çox tələsirdim ki, Lələtəpəni görüm. Horadizdən Lələtəpəyə çox geniş bir ərazidir. Aprel döyüşlərində ordumuz böyük bir ərazini nəzarətə götürübmüş deməli. Mənə yuxu kimi gəlirdi. İstəyirəm, bir dəfə də gedim, sərbəst, arxayın. Əyləşim bir daş üstündə, düşünüm, xəyala dalım...

 

- Dediyiniz filmin çəkilişləri də həmin səfər zamanı oldu?

 

- Dövlət Televiziyasında “Vətənimiz Azərbaycan” layihəsi var. Müxtəlif bölgələrdə çəkilişlər aparılır. Təklif etdim ki, bu dəfə Qubadlıya gedək. Kəndimizdə 18 ev vardı. Həmin ailələrin üzvlərini tapdım. Onları da özümüzlə apardıq. Hərəsi öz həyətində əyləşib danışdı...

 

- Yaşlı insanlardı?

 

- Yaşlılar az qalıb. Birinin 95, birinin 85 yaşı var. Onları aparmağa risk etmədik, həyəcan keçirərlər, nəsə baş verər...

 

- Deyirsiz, öz evinizi gördünüz. Necə idi?

 

- Divarlar da qalmayıb. Bünövrə güclə hiss olunur... Vaxtilə sərgilər keçirdiyim məktəbin yeri də heç bilinmirdi. (fikrə dalır...) Həyətimizdə atamın düzəltdiyi səhəngi tapdım. Atam dəmirçi idi...

 

- Bayaq ananızın yarımçıq qalmış rəsm əsərinizi gətirdiyini danışırdınız. Rasim müəllim, fikir vermişəm, köçkün düşmüş insanlarımızın hamısında doğma torpağa qayıdacaqlarına əminlik olub. Məsələn, evdən çıxanda fikirləşiblər, hansısa əşyanı götürməyək, onsuz da qayıdacağıq...

 

- Bəli, elədi. Siz də bilirsiniz, torpaqlarımızı işğaldan azad edənlər 27-28 il əvvəl o torpaqlardan körpə, uşaq yaşlarında çıxanlar, hətta dünyaya hələ gəlməmiş körpələr oldu. Mənim qardaşım oğlu 5-6 yaşlarında idi deyəsən, qadınları, uşaqları kənddən çıxarırdılar, (ermənilər həmişə rayonu atəş altında saxlayırdı) qaçıb gizlənmişdi ki, getmirəm. Sonra onu tapdıq, ağlayırdı ki, getmək istəmirəm. Deyirdi, məni aparsanız da, qayıdıb gələcəm. Bura yaxşıdı... İnanılası deyil; həmin o uşaq tankın belində Qubadlıya daxil oldu!...

 

- Adını qeyd edək?

 

- Xəyal Mədədzadə. Kapitandı. Prezidentin sərəncamı ilə Füzulinin, Qubadlının, Şuşanın işğaldan azad olunmasına görə medallarla təltif edildi... Bir də nəyi demək istəyirəm, atam, anam torpaqlarımızın azadlığını görmədilər. Hər ikisi vəfat edib. Bakıda dəfn ediliblər. Məzarlarının üzərində hər il gül əkirdim, çox tez solur o güllər. Qubadlıya gedəndə, kəndimizdən torpaq gətirdim, atam Mədədin, anam Mələyin məzarları üzərinə səpdim. İnanmayacaqsız, növbəti dəfə qəbiristanlığa gedəndə gördüm güllər açıb, pərvazlanıblar. Torpaq gülə-çiçəyə nəfəs verib. Canlanıblar. Vətən torpağı nələrə qadirmiş...
(sonra fasilə verib, “ hesabatımı verdim”, dedi. Biz də 55 yaşının tamam olması münasibətilə Rasim Mədədi təbrik etdik)
- 55 fərqli rəqəmdi. Həyat insana yalnız bir dəfə iki “5” yazır. Bu, daha heç vaxt təkrarlanmır...

 

- İki “5” təkrarlanmayacaq, əvəzində iki “6” ola bilər, iki “7” olar... Allah can sağlığı versin. İnşəllah, qismət olar, 66-da, 77-də də müsahibələr verərsiniz. Yarımçıq rəsminizi də tamamlayacaqsınız, yəqin.

 

- Şübhəsiz!.. Arzum var ki, o əsəri tamamladıqdan sonra cənab Ali Baş Komandana, Prezidentə təqdim edim.

Sherg.az

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]