Umayra Tağıyeva: 2022-ci ilin qışı hava sürprizləri ilə başlayır

Umayra Tağıyeva: 2022-ci ilin qışı hava sürprizləri ilə başlayır

Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı  təsir edəcək. Həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava  hadisəsi “arktika sıçrayışı” adlanır.


Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində  anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib.  


Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb. 


Qütb soyuqları ölkəmizin ərazisinə  çatacaqmı, sakinlərimizi nə gözləyir?


Sabah  hava nisbi sabit olacaq, bəzi ərazilərdə duman gözlənilir.
 

Lakin, həftənin 2-ci yarısında Şimalı Qafqazda  və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq. 


Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Bununla əlaqədar, 13-də səhər  Naxçıvan MR-da, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Yanvarın 15-də cənub-qərb küləyinin güclənəcəyi ilə əlagədar yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur.


Hamını Bakıda qarın düşməsi maraqlandırır.


Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək. Lakin, proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir.  


Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir. 


Ayın 13-ü axşam və 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi gözlənilir. Bu təsir effektini  qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində  yarana biləcək hisslə müqayisə edə bilərik. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]