Yadigar Cəfərli: "Ən vacib incəsənət növü kinodur"

Yadigar Cəfərli: "Ən vacib incəsənət növü kinodur"

Yadigar Cəfərli: "Ən vacib incəsənət növü kinodur"

 

Kino sahəsinə bir elə bələd deyiləm. Elə bu nabələdliklə də təxminən iki il yarım əvvəl gənc prodüsserlərdən birinə sual elədim ki, Azərbaycanda kinonun inkişafı üçün nə çatışmır. Cavab verdi ki, əvvəlcə əhali sayı. Sonra cavabının izahını verməyə başladı. Onun şərhindən belə başa düşdüm ki, əhali sayı çox olan ölkələrdə bilet alıb kinoteatrlara gedənlər çox olur. Beləliklə, yeni filmlərin qazancı xərcini rahatca çıxarır.

 

O vaxtdan fikirləşirdim ki, yeni bir Azərbaycan filmi çıxan kimi yaradıcı qrupa kiçicik fayda vermək üçün mütləq gedib baxacam. Sonra pandemiya düşdü araya, xeyli gözləməli oldum. Ötən aylardan Taleh Yüzbəyovun “Zəhər tuluğu” filminin treyleri gözümə dəyəndən sonra isə bir də onu gördüm ki, yeni ilin ilk günüdür, bilet üçün kassanın qarşısında növbədə dayanmışam və elə sıra mənə çatan o gözəl an orta yaşlı, bəstə boylu, lalə yanaqlı, büllur buxaqlı, qönçə dəhanlı bir xanım yanında beş-altı yeniyetmə ilə və əlində pul növbəsiz-zadsız basıb keçmək istəyir. Mən ona deyirəm ki, növbə mənim növbəm idi, o mənə deyir ki, bilet almıram, söz soruşuram. Mən onun bu mövqeyi ilə həmrəylik nümayiş etdirərək deyirəm, buyurun soruşun. O, tərs-tərs üzümə baxıb deyir, daha soruşası olmadım. Beləliklə, onlar bilet almaq üçün növbənin lap sonuna, mənsə əlimdə bilet zala adlayıram.

 

“Zəhər tuluğu” filmi eyni adlı silsilə videolardan yaxşı tanıdığınız Adilin bıçaqlandığı səhnədən başlanır. Onun həyatını xilas edə bilirlər. Bir neçə gün müalicə olunandan sonra elə xəstəxanadan çıxıb normal həyatına davam etmək istəyəndə buradan filmin əsas hissəsi başlanır. Xəstəxananın həyətində onların avtomobilinə qayınanasının və həyat yoldaşının əlindən birtəhər qaçıb qurtulmuş gənc hamilə xanım minir. Avtomobili tez sürüb buradan uzaqlaşmaları, onu və övladını abortdan xilas etmələri üçün yalvarır. Sonra nələr baş verir, buna imkan daxilində özünüz gedib baxsanız, daha maraqlı olar. Axşam baxdığı filmi səhər məktəbə gedən yolda başdan axıracan başqalarına danışan adamlardan uşaq vaxtından zəhləm gedir.

 

“Zəhər tuluğu” silsiləsinin əvvəlki epizodlarında olduğu kimi, bu filmdə də Taleh Yüzbəyov bir neçə sosial problemi eyni vaxtda qabardıb. Filmdəki bəzi məqamlar müəyyən suallar doğursa da, səhnələr təsirli, mesajlar aydındır. Bu yerdə V.İ.Lenindən sitat gətirməsəm, olmayacaq. Bilirsiniz ki, o, kinoya çox böyük önəm verib deyirdi ki, ən vacib incəsənət növü kinodur. İndi bunu Lenin deyəndə nə olar, adamın başının üstündə Allah var, insanın mənəvi tərbiyəsində kinonun rolu yenə müstəsnadır. “Zəhər tuluğu” filmi də insanın mənəvi saflığına xidmət məqsədilə çəkilmiş filmdir. Təkcə elə buna görə gedib bu filmə baxmağa dəyər. Bircə şərtlə ki, zaldan çıxanda düşüncələrində o filmdən həyatının davamına kiçicik bir müsbət dəyişiklik aparasan. Onda “Zəhər tuluğu”ndakı problemlərin də çoxu zamanla həllini tapacaq.
Orasını da deyim ki, filmdəki uğurlu aktyor oyunları, xarakterik surətlər ölkəmizdə yeni peşəkar aktyor nəslinin yetişdiyini göstərir. Bunu görmək çox sevindiricidir. Xoşuma gəlməyən yeganə cəhətsə bir neçə kadrda vulqar kəlmələrin işlənməsi oldu. Hələ ötən əsrin əvvəlləri idi, Firudin bəy Köçərli kimi tənqidçilərimiz xalq dilindəki adi kobud ifadələri əsərlərinə gətirən dramaturqlarımızı topa tuturdular ki, belə yanlışlarla ədəbi dilimizi korlamayın. Əfsus ki, filmlərimizdə qaba sözlərin işlənməsi meyli mərhum Ramiz Əzizbəylinin “Bəxt üzüyü”ndən də üzübəri davam edir. Yaxşı yadımdadır, Cahangir Mehdiyevin 2002-ci ildə çəkdiyi “Hacı Qara” filmində mərhum Siyavuş Aslanın dilindən səslənən söyüşləri eşidəndə şoka düşmüşdüm. Bu söyüşlərin heç biri pyesdə yoxdur. Ola da bilməzdi. Axı Mirzə Fətəli Axundov bu gözəl əsərləri ona görə yazıb ki, onun həmvətənləri ictimai yerdə danışanda bu cür vulqar ifadələri özlərinə rəva bilməsinlər.

 

Nə isə, ola bilər, “Zəhər tuluğu”nun yaradıcıları, bəzi dostlar demiş, “cool görünməkdən ötrü” danışıq dilinin lap aşağı səviyyəsinə enmək istəyiblər. Amma fikrimcə, belə ziyanlı enişlərə qətiyyən gərək yoxdur. Kinonun bir vacib missiyası da nitq mədəniyyəti üçün üstün normalar müəyyənləşdirməkdir.
Ümid edirəm ki, “Zəhər tuluğu”nun yaradıcı heyəti növbəti filmlərində bunu da nəzərə alacaqlar. Onlara gözəl bir film ortaya qoyduqlarına görə təbriklər və gələcək işlərində uğurlar!
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]