YENİ DƏRS VƏSAİTİ: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ NƏŞRLƏRİ VƏ TƏDRİS PROSESLƏRİ

YENİ DƏRS VƏSAİTİ: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ NƏŞRLƏRİ VƏ TƏDRİS PROSESLƏRİ

YENİ DƏRS VƏSAİTİ: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ NƏŞRLƏRİ VƏ TƏDRİS PROSESLƏRİ 

 

Mehparə Məmmədova
Naxçıvan Dövlət Universitetinin
İqtisadiyyat və İdarəetmə fakültəsinin
Mühasibat uçotu və maliyyə kafedrasının müəllimi

Son illər bütün dünyada qloballaşma meyllərinin dərinləşməsi, beynəlxalq inteqrasiya proseslərinin intensivləşməsi, beynəlxalq ticarətdə xarici investisiyaların cəlb olunmasına üstünlük verilməsi ölkələrin milli iqtisadiyyatları qarşısında bir sıra tələblər qoyur.

 

Ölkəmizdə müstəqillik əldə etdikdən sonra hərtərəfli və davamlı iqtisadi inkişafın əldə olunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirildi. Xüsusilə, sənayenin qeyri-neft sektorunun inkişafı, əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması, idxaləvəzləyici və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, Azərbaycan məhsullarının dünya bazarlarına ixracı əsas prioritet kimi qarşıya qoyuldu. Son illərdə dövlət-sahibkar münasibətlərində hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması, güzəştli dövlət kreditlərinin əlçatanlığı, aqrar sektora subsidiya və güzəştlər vasitəsilə dövlət dəstəyinin göstərilməsi, qəbul olunmuş Dövlət Proqramlarının vaxtında və uğurlu icrası dinamik iqtisadi inkişaf üçün zəmin yaradaraq, Azərbaycanı Cənubi Qafqaz ölkələri arasında iqtisadiyyatına görə liderə çevirib. Bütün bunların nəticəsidir ki, bu gün ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i keçib.

 

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşmasını təmin edib.

 

Bu gün artıq ölkənin investisiya cəlediciliyinin yüksəldilməsi, yerli məhsullarımızın ixrac coğrafiyasının genişləndirilməsi və beləliklə də, dünya iqtisadiyyatına daha çox inteqrasiya edilməsi qarşıya qoyulan ən mühüm vəzifələrdir. Yeni qloballaşma meylləri yerli istehsalçı şirkətlər qarşısına yeni tələblər qoyur. Bu isə ilk növbədə beynəlxalq standartlara cavab verən istehsal prosesinin qurulması, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsini tələb. Yeni çağırışlar həm də yerli şirkətlərimizidən idarəetmədə, xüsusilə idarəetmə uçotunda yeni metodların tətbiqini tələb edir. Bütün bunları həyata keçirmək isə peşəkar kadrların üzərinə düşür.

 

Son illərə qədər daha çox qərb ədəbiyyatlarında rast gəldiyimiz “managment accounting”, “managerial accounting”, “cost accounting” terminlərinə rast gəlirdiksə, dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələrində bu fənn tədris olunurdusa, artıq bu gün beynəlxalq aləmlə ayaqlaşmaq və bu sahədə peşəkar kadrlar hazırlamaq məqsədilə ölkəmizin ali təhsil ocaqlarında idarəetmə uçotu fənni tədris olunur.

 

İqtisadi sahələrin fəaliyyət istiqamətləri müхtəlif olsa da, bütövlükdə təchizat, istehsal və satış, eləcə də digər proseslərdən ibarət olması şübhəsizdir. İdarəetmə uçotunun əsas məqsədi fərqli sahələrdə çalışan menecerlərə qısamüddətli və uzunmüddətli qərarlar qəbul etməyə yardım edəcək informasiyanı təqdim etməkdir. Zəruri informasiya olmadan nə sahibkarlıq fəaliyyətinin, nə də idarəetmənin məqsədlərini müəyyən etmək, vəziyyəti qiymətləndirmək, problemi təhlil etmək, qərar qəbul etmək və onun yerinə yetirilməsinə nəzarət etmək mümkün deyildir. Məhz bu səbədən idarəetmə uçotu müəssisələrin hədəflərinə çatmasında əvəzsiz rola malikdir. Qeyd olunanları əsas tutaraq, mühasibat araşdırmaları, onların yeni kəmiyyət və keyfiyyət göstəriciləri əsasında təşəkkülü, eyni zamanda, əhatəli elmi araşdırmalar dövriyyəsinə cəlb olunması həm də dünyanın yeni çağırışları müstəvisində olduqca əhəmiyyətli görünür.

 

Bu gün bütün dünyada aktual olan sahəyə diqqət gündən-günə artır. Belə olan halda Naxçıvan Muxtar Respublikasında, ana dilimizdə yeni elmi vəsaitlərin nəşr olunması özünün aktuallığı və yüksək elmi bazası ilə seçilməkdədir. Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasovun müəllifliyi ilə çap olunan “İdarəetmənin uçotu: beynəlxalq və milli uçot standartları (CAAP və İFRS əsasında)” adlı dərs vəsaitinin hazırlanması ölkəmizdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük töhfədir. Doqquz fəsildən və əlavələrdən ibarət olan dərs vəsaiti müəllifin peşəkar təhlilləri və əsaslandırmaları nəticəsində ərsəyə gəlib.

 

İdarəetmənin müxtəlif sahələrini əhatə edən dərs vəsaitinin “İdarəetmə uçotunun nəzəri metodoloji əsasları” adlanan birinci fəsil idarəetmənin uçotunun predmeti və metodu, mühüm vəzifələri, idarəetmə uçotunun strukturu, funksiyaları, uçot növlərinin qarşılıqlı əlaqəsi kimi mövzulara toxunub. Bundan başqa, həmin fəsildə müəllif idarəetmə və müasir idarəetmə uçotu, mütərəqqi idarəetmə uçotu akkountinqin tərkib hissələri, müəssisənin idarə olunmasında vahid mühasibat uçotunun qarşılıqlı əlaqəli və bir-birini şərtləndirən komponentləri-maliyyə və idarəetmə uçotunun prinsipial fərlərini ətraflı izah edib.

 

Optimal idarəetmə qərarlarının qəbul olunması üçün müəssisənin fəaliyyətinin bütün mərhələlərində yaranan məsrəfləri bilmək lazımdır. Məsrəflərin təhlili onların effektivliyini aydınlaşdırmağa, xərclərin həddini müəyyən etməyə, işlərin keyfiyyət göstəricilərini yoxlamağa, xərclərin tənzimlənməsi və nəzarət olunmasına, mənfəət səviyyəsi və istehsalın rentabelliyini planlaşdırmağa kömək edir. Məhz bu mənada, “Məsrəflər və onların təsnifatı” adlı ikinci fəsildə müəllif tərəfindən istehsal məsrəflərinin uçotu, məsuliyyət mərkəzləri və xərclərin təsnifatı, istehsal məsrəflərinin bölüşdürülməsi və uçotu kimi məsələlərə aydınlıq gətirilib.

 

“Məhsulun, işlərin və xidmətlərin maya dəyərinin kalkulyasiyasının əsasları” adlı üçüncü fəsildə məhsulun maya dəyərinin tərkibi və növləri, ehtiyatların maya dəyərinin hesablanması metodları, beynəlxalq təcrübədə satılan malların maya dəyərinin hesablanması, müəssisə və təşkilatlarda kalkulyasiya prinsipləri, metodları, uçotu və kalkulyasiya obyektlərini geniş şərh edib. Həmçinin, professor T.Abbasov istehsalın idarə olunmasında məhsulun maya dəyərinin kalkulyasiyasının düzgün hesablanmasının əhəmiyyətini vurğulayaraq, praktiki misallarla məhsulun vahidinin maya dəyərinin, istehsal olunmuş yarımfabrikatların dəyər qiymətlərinin, ümumistehsalat xərclərinin bölüşdürülməsinin hesablanmasını müxtəlif metodlarla izahını praktiki misallarla göstərib.

 

Dərslikdə müəllifin “Direkt kostinq və standart kostinq sistemi üzrə istehsalata məsrəflərin və məhsulun maya dəyərinin kalkulyasiya edilməsi” olaraq əsaslandırmış olduğu dördüncü fəsildə aydınlıq gətirilən məsələlər idarəetmə uçotunda direkt kostinq və Standart-kostinq sisteminin əhəmiyyəti və xüsusiyyətləri, Standart-kostinq sistemi üzrə maya dəyərinin kalkulyasiya olunması, uçotun normativ metodunun “Standart-kostinq” sistemindən əsas fərqlərdir.

 

Mühasibat (idarəetmə) uçotunun ən mühüm vəzifələrindən biri-müəssisənin rəhbərliyi və menecerləri tərəfindən düzgün idarəetmə qərarlarının qəbul olunmasıdır. İdarəetmə qərarlarının qəbulu prosesində ilkin uçot məlumatlarının emal edilməsi və ümumiləşdirilməsi üçün xeyli sayda metod və üsullar var. Dərs vəsaitinin “İdarəetmə qərarlarının qəbul edilməsi” adlı beşinci fəslində həmin metod və üsulların ətraflı izahı, əmtəəlik məhsulun satışı üçün nəzərdə tutulan məhsul çeşidinin planlaşdırılması, qiymətləndirmə üzrə və kapital qoyuluşları haqqında qərarların qəbul olunması, məhsul istehsalında və onun strukturunun müəyyən olunmasında limitləşdirici amillərin rolu kimi mühüm məsələlər öz əksini tapıb.

 

“Müəssisə və təşkilatlarda məsuliyyət mərkəzləri üzrə seqmentar hesabatın tərtibi” adlı altıncı fəsil seqmentar hesabatın mahiyyəti, əhəmiyyəti və tərtib olunması qaydaları, məsuliyyət mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsidə seqmentar hesabatın rolu, daxili seqmentar hesabatın tərtib edilməsi prinsipləri və şərtləri, maliyyə təhlilində istifadə olunan rentabellik göstəriciləri, eləcə də, müəssisə və təşkilatlarda məsuliyyət mərkəzinin fəaliyyətinə qiymət verilməsində qeyri-maliyyə meyarlarının rolu, məsuliyyət mərkəzlərinin fəaliyyətinin faktiki nəticələrinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi mövzularına geniş aydınlıq gətirilib. Müəllifin bölmələr üzrə göstərdiyi praktiki misallar mövzuları daha səlis öyrənməyə imkan verir.

 

 

Müəssisələrin uğurlu və davamlı fəaliyyətinin bünövrələrindən birini uçot siyasətinin düzgün seçilməsi təşkil edir. Uçot siyasətinin seçilməsi müəssisənin özünün spesifikliyindən, idarəetmənin təşkilinin xüsusiyyətlərindən, müəssisənin təsis sənədlərində əsk olunan normalardan və kommersiya fəaliyyətinin xüsusiyyətlərindən, müəssisənin cari və uzunmüddətli məqsədlərindən birbaşa asılıdır. Dərs vəsaitinin “Uçot siyasətinin formalaşması və açıqlanması” adlı yeddinci bölməsi müəssisənin uçot siyasəti, uçotda qiymətləndirmənin əsasları və idarəetmə uçotunun təşkilinin müəyyən olunması mövzularına həsr olunub.

 

Dərs vəsaitinin “Azərbaycanda uçotun qərb idaəetmə uçotuna uyğunlaşdırılmasının əsas istiqamətləri” adlı səkkizinci bölmədə Mühasibat Uçotunun Beynəlxalq Standartlara keçməsinin zəruriliyi və dünya ölkələrində mühasibat uçotunun aparılmasının müxtəlif modelləri ərtaflı izah olunub.

 

Qeyd olunduğu kimi, bu gün dünya ölkələri ilə iqtisadi münasibətlərin yüksək səviyyətə qurulması, ticari əlaqələrin genişləndirilməsi, beynəlxalq bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq, ixrac coğrafiyasını genişləndirmək bu istiqamətdə işlərin beynəlxalq standartlara uyğun aparılmasını tələb edir. Günün tələbinə uyğun olaraq bu standartlar müəssisə və təşkilatlarda mühasibat uçotunun təşkilinə və maliyyə hesabatlarının hazırlanmasına da tətbiq olunur. Kitabın sonuncu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Milli Mühasibat Uçotu Standartları” adlı doqquzuncu fəslində Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Milli Mühasibat Uçotu Standartlarının Konseptual əsasları, maliyyə hesabatının mahiyyəti, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının qısa şərhi, Milli Mühasibat Uçotu Standartlarının əsas məğzi və həmin Standartlar üzrə əsas anlayışların ətraflı izahı verlib.

 

Bundan başqa dərsliyin sonunda idarəetmə uçotuna dair terminoloji lüğət mövzuların daha aydın mənimsənilməsinə imkan verir.

 

Beləliklə, iqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasovun müəllifi olduğu “İdaəetmə uçotu” adlı dərs vəsaiti müəllim, tələbə və doktorantlarla yanaşı, eyni zamanda, müəssisələrin idarə heyətlərinin rəhbərləri və bu sahə ilə maraqlananlar üçün də çox faydalı olacaq.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]