Üçtərəfli Bəyannamə Azərbaycanın Qələbəsinin Beynəlxalq Hüquqi Sənəddə Strateji Təsbitidir

Üçtərəfli Bəyannamə Azərbaycanın Qələbəsinin Beynəlxalq Hüquqi Sənəddə Strateji Təsbitidir

Keçmiş SSRİ-nin dağılması və Soyuq Müharibənin bitməsindən sonra post-sovet və məkanlarda bir çox silahlı münaqişələr, separatist bölgələr və işğalçı rejimlər meydana gəldi. Bu günə qədər post-sovet məkanda yalnız iki dövlət öz suverenliyini separatist ərazilər üzərində bərpa etməyə müvaffəq olmuş və problemi öz gücləri hesabına həll etmişdirlər. Bu dövlətlər Rusiya Federasiyası və Azərvaycan Respublikasıdır. Rusiya Çeçenistanda, Azərbaycan isə Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və ətraf rayonlarda öz ərazi bütövlüyünü bərpa etmişdir.


Bu cür müqayisə və paralellər hətta Rusiyanın aparıcı beyin mərkəzlərinin ekspertləri tərəfindən aparılır və bu fakt etiraf edilir. Azərbaycanın Rusiya Federasiyası kimi nüvə super-dövlətilə müqayisəsi ölkəmizin qüdrətindən və prezidentin apardığı siyasətin müdrikliyindən xəbər verir. Çünki Azərbaycan mövcud olan imkanlardan çətin və həssas geosiyasi regionda maksimum səmərəli və ağıllı surətdə istifadə edir. Azərbaycan dövlətinin davranışı və xarici siyasəti sadəcə “sərt güc”ə və ya “yumşaq güc”ə deyil, bu iki konsepsiyanın sintezindən əmələ gətirdiyi “ağıllı güc” faktoruna əsaslanır. İkinci Qarabağ müharibəsi və Ermənistan-Azərbaycan-Rusiya 10 Noyabr Üçtərəfli Bəyannaməsi bunu bir daha təsdiq edir.


Üçtərəfli Bəyannamə Azərbaycanın qüdrətinin və ağıllı gücünün güzgüsüsdür. O bir tərəfdən mahiyyət etibarilə beynəlxalq hüquqa və BMT TŞ-nn qətnamələrinin icrasını təsbit edir, digər tərəfdən isə Azərbaycanın prinsipial mövqeyini, milli maraqlarını və 2-ci Qarabağ müharibəsindəki qələbəsini rəsmi, beynəlxalq sənəddə təsdiq edərək tanıyır.  Həmin sənəd bir çox meyarlara görə Ermənistanın kapitulyasiyası kimi xarakterizə edilir.Təsadüfi deyildir ki, Rusiya prezidenti Vladimir Putin bildirmişdir ki, Üçtərəfli Bəyannamədən imtina etmək Ermənistan üçün intihara bərabər olar. Bu sözlər Ermənistan ordusunun tam məhv edildiyini və onların məğlubedilməzliyi barədə yaradılmış mifin darmadağın olduğunu nümayiş etdirir.


Birinci Qarabağ müharibəsi zamanı Ermənistan döyüşdən qalib çıxmış və ərazilərimizin 20%-ni işğal etmişdir. Onun həmin müharibəni döyüş meydanında udmasına baxmayaraq, strateji baxımdan uduzmuşdur. Çünki həmin dövrdə işğala əsaslanan status-kvo formalaşmış və ATƏT-in Minsk Qrupunun da dırnaqarası fəaliyyəti sayəsində status-kvo 30 ilə yaxın müddətdə dəyişməmiş qalmışdır. Həmin status-kvo Ermənistanın maraq və mənafelətinə tamamilə uyğun idi. Lakin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğu üçün və Azərbaycan dövlətinin apardığı aktiv xarici siyasət və prezidentin elan etdiyi “hücum diplomatiyası” sayəsində heç vaxt 1-ci Qarabağ müharibəsinin nəticəsi beynəlxalq hüquqi sənədlərdə təsbit edilmədi. Bu Ermənistanın birinci strateji  məğlubiyyəti idi.


İkinci strateji məğlubiyyəti isə onun Azərbaycan tərəfindən bütün regional layihələrdən və nəqliyyat-kommunikasiya xətlərindən təcrid edilməsi idi ki, bu da onun yarımmüstəqil, vassal və ya kvozi-dövlət vəziyyətinə düşməsi idi.


 Nəhayət, üçüncü və həlledici strateji məğlubiyyəti isə Azərbaycanın demək olar ki, 2-ci Qarabağ müharibəsinin – Vətən müharibəsinin bitdiyi gündə müharibənin nəticələrinin və Azərbaycanın zəfərinin beynəlxalq sənəddə təsbit edilməsi və bu sənədə Ermənistanın özünün də imza atması oldu. Bu Ermənistan-Azərbaycan-Rusiya 10 Noyabr Üçtərəfli Bəyannaməsidir. Beləliklə, döyüş meydanındakı qəti qələbəmizin beynəlxalq hüquqi sənəddə - Üçtərəfli Bəyannamədə dərhal təsbit edilməsi geosiyasi səhnədə və beynəlxalq hüquqi müstəvidə ən böyük strateji uğurumuzdur.
 


Adil Əliyev,
Milli Məclis sədrinin müavini

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]