"BDU Vətən müharibəsi dövründə" sənədli filmi təqdim olundu (VİDEO-FOTO)

"BDU Vətən müharibəsi dövründə" sənədli filmi təqdim olundu (VİDEO-FOTO)

Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasının (BDU TV) hazırladığı “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə” sənədli filminin  təqdimat mərasimi keçirilib.


Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün qorunması, bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi xalqımız dəmir yumruq kimi birləşərək, Xalq-Ordu birliyini nümayiş etdirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində möhtəşəm qələbə qazanıb, 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımız azad olunub. Vətən müharibəsində BDU-nun yüzlərlə tələbə və məzunu ordumuzun sıralarında qəhrəmancasına döyüşüb, 19 tələbə və məzunumuz şəhidlik zirvəsinə ucalıb. BDU kollektivi informasiya cəbhəsində fəal iştirak edib.


BDU-da 44 günlük Vətən müharibəsində şəhid, qazi tələbə və məzunlara diqqət, qayğı göstərilməsi istiqamətində Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına uyğun olaraq, Jurnalistika fakültəsinin Tədris tele-radio studiyası (BDU TV) “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə” sənədli filmini ərsəyə gətirib. Sənədli filmin hazırlanmasında əsas məqsəd BDU-nun şəhid məzunlarının əziz xatirəsini yaşatmaq, onların şərəfli döyüş yolunu yaddaşlara əbədi həkk etmək, tələbə gənclər arasında təbliğ etmək, eyni zamanda universitetin Vətən müharibəsi dövründəki fəaliyyətinə nəzər yetirməkdir.


Daha sonra sənədli film tədbir iştirakçılarına nümayiş olunub.


Filmin təqdimatından sonra BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Vətən müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Natiq informasiya müharibəsində, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında, sağlam, bilikli və vətənpərvər gənclərin yetişdirilməsində daim öz töhfəsini verən BDU-da həyata keçirilən layihələr, Azərbaycanın məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair beynəlxalq hesabat və Vətən müharibəsində medianın fəaliyyətinə həsr olunmuş layihələr  haqqında  məlumat verib. Filmin hazırlanmasında iştirak edən müəllim və tələbələrə təşəkkürünü bildirib.


Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli, dekan müavini Sevinc Əliyeva, BDU-nun məzunu Qarabağ qazisi Pərviz Aslanov çıxış edərək Universitet rəhbərliyinin və kollektivinin 44 günlük Vətən müharibəsindəki fəaliyyəti və film haqqında təəssüratlarını bölüşüblər.


Sonda Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev sənədli filmin hazırlanması prosesindən danışıb, filmin çəkilişində iştirak edən tələbələrə təşəkkür edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]