Adil Əliyev Beyləqanda şəhidlərin anım tədbirlərində iştirak edib - FOTO

Adil Əliyev Beyləqanda şəhidlərin anım tədbirlərində iştirak edib - FOTO

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri  Adil Əliyev və deputat Şahin İsmayılov oktyabrın 19-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə rayondakı Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin müqəddəs ruhlarına dualar oxuyublar.


Sonra Beyləqan rayonunun kənd və qəsəbələrində şəhidlər Əlizadə Toğrul Rafiq oğlu, Əliyev Elşən Novruz oğlu və Teymurov Mansur Elnur oğlunun xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib. Tədbirlərdə vitse-spiker Adil Əliyev məhz bu cür igid oğullar sayəsində əzəli torpaqlarımızın düşmən işğalından azad edildiyini və tariximizin şanlı səhifəsinin yazıldığını qeyd edib. O, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin ölkəmiz və bütün türk dünyası üçün əhəmiyyətindən danışıb. Deyib ki, Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik arenada qazandığı qələbə beynəlxalq aləmdə ölkəmizin nüfuzunu çox gücləndirib. Vitse-spiker vurğulayıb ki, təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyulmasına, qazanılan Qələbəyə görə hamımız Azərbaycanın qəhrəman övladlarına borcluyuq. Xalqımız heç zaman  Vətən müharibəsi şəhidlərini unutmayacaq, qazilərimizi hər zaman uca tutacaq. Qeyd edib ki, şəhid və qazi ailələri daim ölkə başçısının və Birinci xanım Mehriban Əliyevanın qayğısı ilə əhatə olunublar.


Tədbirlərdə Gənclər və idman komitəsi sədrinin müavini, Beyləqan rayonundan Milli Məclisə deputat seçilmiş Şahin İsmayılov çıxış edərək şəhidlərin müqəddəs xatirələrinin əziz tutulduğunu, Vətən müharibəsində Qələbə qazanmaqla ölkəmizin öz gücünü və qüdrətini dünyaya nümayiş etdirdiyini vurğulayıb.


Çıxışlarda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərindən də bəhs olunub.


Anım mərasimlərində Beyləqan şəhidlərinin təltif edildikləri medallar ailələrinə təqdim olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]