Milli Məclisdə Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının üzvləri ilə görüş keçirilib - FOTO

Milli Məclisdə Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının üzvləri ilə görüş keçirilib - FOTO

Oktyabrın 14-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və qrupun üzvləri Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının nümayəndələri ilə görüşüblər.

 


Soltan Məmmədov Azərbaycanın 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində azad etməsindən bir il keçdiyini diqqətə çatdırıb. O, bu ərəfədə Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyası üzvlərinin Azərbaycana səfərinin vacibliyini qeyd edib.


Soltan Məmmədov Azərbaycan-Fransa əlaqələrinin mövcud vəziyyətindən söz açıb, bu münasibətlərin gələcək inkişafı üçün  konstruktiv ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyətindən danışıb.


Bölgədə yaranan yeni imkanlara toxunan Soltan Məmmədov azad edilmiş ərazilərdə Azərbaycanın apardığı quruculuq və bərpa işlərinə mane olan mina sahələri və onların təmizlənməsi problemindən bəhs edib. Bildirilib ki, son məlumata görə, Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində müharibə bitəndən indiyədək Azərbaycanın 150 hərbi və mülki şəxsi yaralanıb və ya həlak olub.


Vurğulanıb ki, əgər Ermənistan bütün mina xəritələrini Azərbaycana təqdim etsə, on minlərlə vətəndaşımızın həyatı və sağlamlığı təhlükədən xilas olar, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesi sürətlənər.


Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının prezidenti Jerar Şenel təmsil etdiyi komissiya haqqında, minalar və partlamamış döyüş sursatları problemi ilə bağlı Fransanın təcrübəsi barədə məlumat verib, bu sahədə Azərbaycanla əməkdaşlıq niyyətlərini açıqlayıb.


Görüşdə Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamal Cəfərov, Fransa Milli Assambleyasının üzvü Fabien Qutfarb,  Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının baş katibi İv Marek və Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxış ediblər.


Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr, eləcə də minadan zərərçəkənlərə yardımın istiqamətləri barədə danışılıb.


Tədbirdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nigar Arpadarai, Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı Elen Sebatun və digər rəsmi şəxslər iştirak ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]