Misir Mərdanov – 75

Misir Mərdanov – 75

Misir Mərdanov – 75

 

 

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Hər bir ölkənin reytinqi başqa sahələrlə yanaşı, həmin ölkənin alimlərinin nüfuzlu elmmetrik bazalarına daxil olan jurnallarda çap olunmuş məqalələrinin və onlara olan istinadların sayı ilə müəyyənləşir”



AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Elmi tədqiqat işlərimizi uğurla davam etdirməklə Abel mükafatı kimi nüfuzlu mükafatlara namizəd göstərə bilərik”


AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Gənc tədqiqatçılar və yaşlı alimlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibət yaradılmalıdır”


AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Hazırda əsas məqsədimiz institutun üç jurnalının “Clarivate Analytics” in bazasında impakt faktor qazanmasına nail olmaqdır”


AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Elm sahəsində mühüm nəticələr əldə etmək üçün yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə böyük diqqət yetirilməlidir”

 

3 oktyabr 2021-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun anadan olmasının 75 ili tamam olub.
AMEA-nın müxbir üzvü Misir Mərdanov bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətləri nəzərə alınaraq və 75 illik yubileyi ilə əlaqədar AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.
Professor Misir Mərdanov zəngin elmi yaradıcılığı, çoxşaxəli və innovativ fəaliyyəti, yüksək insani keyfiyyətləri, idarəetmə bacarığı ilə sayılıb-seçilən ziyalılardandır. O, ömrünün müdriklik zirvəsindən dönüb arxaya baxanda fəxr etməyə, qürurlanmağa mənəvi haqqı olan insandır, çünki ömrünü ləyaqətlə yaşayıb, dövlətə və millətə sədaqətlə xidmət edib. Elmi fəaliyyəti ilə yanaşı, M.Mərdanov elmi kadrların hazırlanmasına, gənclərin elmə cəlb edilməsinə də mühüm töhfələr verib. Alimin ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib.
Professor M.Mərdanov müsahibə əsnasında fəaliyyətinin maraqlı məqamlarına toxunub, elmimizin inkişafı naminə göstərdiyi xidmətlər, əldə etdiyi nailiyyətlər və apardığı fundamental tədqiqatlar barədə ətraflı məlumat verib.

 

Misir müəllim, riyaziyyat sahəsində 150-yə yaxın elmi işin müəllifisiniz. Riyaziyyat elmində uğur qazanmağınızı kimə borclusunuz? Hansı riyaziyyatçı-alimi özünüzə müəllim hesab edirsiniz?

 

İlk növbədə, mənə riyaziyyat fənnini tədris etmiş müəllimlərimə borcluyam. Yeddi illik təhsilimi Ermənistanın Salah kənd məktəbində, orta təhsilimi isə Polad kənd orta məktəbində almışam. Riyaziyyata marağım orta məktəbdə riyaziyyat müəllimim olmuş Mürsəl Budaqov sayəsində yaranıb. M.Budaqov İrəvan Pedaqoji Universitetinin Riyaziyyat fakültəsində ali təhsil almış və Polad kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir.

 

Sonralar Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti, BDU) Riyaziyyat fakültəsində təhsil aldığım müddətdə riyaziyyatı dərindən mənimsəməyimdə və bu elmə marağın formalaşmasında, eləcə də namizədlik dissertasiyamın ərsəyə gəlməsində böyük əməyi olmuş müəllimlərim – AMEA-nın müxbir üzvü, professor Qoşqar Əhmədov, professor Kazım Həsənovun adını vurğulamaq istərdim. Riyaziyyat sahəsində əldə etdiyim uğurlara görə bu üç şəxsə borcluyam. Onların əziz xatirəsi mənim qəlbimdə yaşayacaqdır.

 

Rəhbərlik etdiyiniz Riyaziyyat və Mexanika İnstitutu əməkdaşların sayına görə AMEA-nın kiçik elmi müəssisəsi olsa da, keyfiyyət göstəricilərinə görə yüksəkdir. Bu, hansı amillərlə bağlıdır?

 

Bildiyiniz kimi, AMEA-nın ilk institutlarından biri olan Riyaziyyat və Mexanika İnstitutunun 2 il öncə 60 illiyi qeyd olundu. Bu illər ərzində quruma riyaziyyat sahəsində böyük uğurlara imza atmış şəxslər rəhbərlik edib. İnstitutun ilk direktoru Azərbaycanda müasir ali riyaziyyatın banisi, ölkəmizdə riyaziyyat üzrə ilk dəfə elmlər doktoru elmi dərəcəsini almış akademik Zahid Xəlilov olmuşdur. Zahid Xəlilov, həmçinin AMEA-nın prezidenti olmuş, SSRİ məkanında “Funksional analiz” adlı ilk kitabının müəllifi kimi böyük şöhrət qazanmışdır. Sonralar isə instituta riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış ilk azərbaycanlı İbrahim İbrahimov, AMEA-nın prezidenti olmuş akademik Fəraməz Maqsudov, AMEA-nın vitse-prezidenti olmuş, uzun müddət bu institutda fəaliyyət göstərmiş Akif Hacıyev, eləcə də AMEA-nın müxbir üzvü İlham Əliyev rəhbərlik etmişdir.

 

Riyaziyyat və Mexanika İnstitutunun indiki səviyyəsinə gəlib çatmasında adlarını qeyd etdiyim elm adamlarının əvəzsiz xidmətləri olmuşdur. Məhz bu şəxsiyyətlərin fəaliyyətləri sayəsində institut öz nüfuzunu qoruyub saxlaya bilmişdir.

 

Hesab edirəm ki, institutun elmi göstəricilərinin yüksək olmasının əsas səbəblərindən biri də hələ 1930-40-cı illərdən institutun əməkdaşlarının Rusiyanın Moskva Dövlət Universiteti, SSRİ Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutu, eləcə də Ukrayna və Belarusun elmi tədqiqat müəssisələri ilə sıx əlaqələrinin mövcud olması, orada aspirantura təhsili alması, o cümlədən bu elmi qurumların nümayəndələri ilə birgə açıq seminarların, beynəlxalq konfransların keçirilməsi ilə bağlıdır.

 

Riyaziyyat elminə bəxş etdiyiniz ən dəyərli əsəriniz?

 

1970-ci illərdən başlayaraq riyaziyyatın həmin dövr üçün yeni bir sahəsi olan optimal idarəetmənin riyazi üsulları istiqaməti üzrə elmi tədqiqatlara başlamışam. Qeyd edim ki, Azərbaycanda bu istiqamət üzrə ilk sistemli tədqiqatlara AMEA-nın müxbir üzvü Qoşqar Əhmədov başlamışdır. Məhz Q.Əhmədovun rəhbərliyi ilə 70-ci illərin əvvəlində SSRİ məkanında sözügedən istiqamət ilə bağlı ilk beynəlxalq elmi konfrans keçirilmişdir. Bundan sonra, ölkəmizdə optimal idarəetmənin riyazi üsulları istiqaməti daha da inkişaf etməyə başlamışdır. Bu istiqamətdə bir neçə ciddi elmi nəticələr əldə etmişəm. Namizədlik dissertasiyamı da optimal idarəetmənin riyazi üsulları üzrə hazırlanmış, “Məhdudiyyəti olan inteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” adlı dissertasiya işimi 1973-cü ildə müdafiə etmişəm. Namizədlik dissertasiyamda əsas yenilik idarəedici funksiyaya gecikmə daxil olan hala baxılmış və əvvəlki işlərdən fərqli olaraq gecikmələr üzərinə əlavə şərtlər qoyulmadan, eləcə də neytral tipli gecikən arqumentli tənliklərlə təsvir olunan optimal idarəetmə məsələsi üçün neytrallıq tənliyə xətti daxil olmadıqda Pontryaginin maksimum prinsipinin isbat olunması ilə bağlıdır.

 

1980-ci illərin əvvəllərində, dosent elmi adını aldıqdan sonra riyaziyyat sahəsində çox ciddi elmi nəticələr almışdım. Onlardan məxsusi idarəedicinin optimallığı ilə bağlı olan nəticə, “SSRİ Elmlər Akademiyasının məruzələri” jurnalında çap olunmuşdur. Həmin nəticə o zamanki sovetlər birliyində nüfuzlu alimlər tərəfindən yüksək qiymətləndirilmişdi.

 

Daha sonra isə müxtəlif məhdudiyyətləri olan optimal idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipinin yeni, daha səmərəli isbat metodunu təqdim etdim. Həmin metodun köməyi ilə bu sahədə daha ciddi elmi nəticələr aldım və həmin nəticələri nüfuzlu jurnallarda çap etdirdim.
Aldığım nəticələr əsasında 1989-cu ildə Kiyevdə Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunda “Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişəm.

 

1989-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrində, 1992-ci ildən BDU-nun tədris işləri üzrə prorektoru, 1996-cı ildən BDU-nun rektoru, 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifələrində işləmişəm, 2013-cü ildən isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışıram.

 

Etiraf edim ki, prorektor, rektor və təhsil naziri işlədiyim müddətdə elmi fəaliyyətlə məşğul olmaq üçün kifayət qədər vaxtım olmasa da, tədqiqatlarımı davam etdirirdim, məqalə və monoqrafiyalarım nəşr olunurdu. Lakin Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin olunduqdan sonra elmi fəaliyyətlə daha ciddi məşğul olmağa başladım. Ötən 8 il ərzində riyaziyyat üzrə ciddi elmi nəticələr almışam. Qeyd edim ki, təkcə 2021-ci il ərzində 4 kitabım işıq üzü görüb, 2 beynəlxalq konfransda çıxış etmişəm. Son iki il ərzində riyaziyyatın yalnız optimal idarəetmə istiqaməti üzrə deyil, digər istiqamətlərinə həsr olunmuş 20-yə yaxın məqaləm nəşr olunub.

 

Ümumilikdə, 600-dən çox elmi məqaləm çap edilib, onlardan 150-dən çoxu riyaziyyat sahəsinə aiddir. Eyni zamanda, təhsil sahəsində, Azərbaycanın görkəmli şəxsiyətlərinin həyat və yaradıcılığına həsr olunmuş çoxsaylı kitab və elmi işlərim işıq üzü görüb. Bununla yanaşı, çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifiyəm.

 

Rəhbərlik etdiyim institutda 4 ixtisas üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Bundan başqa, hər həftə əldə olunmuş elmi nəticələrə həsr olunan elmi seminarlar təşkil edilir. Xüsusi olaraq qeyd edim ki, elmi fəaliyyətimin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsinə, ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə fəaliyyətimə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağıma görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən AMEA-nın Fəxri fərmanı ilə təltif olunmağıma görə AMEA rəhbərinə öz təşəkkürümü ifadə edirəm. Bundan sonra da Azərbaycan elminin inkişafı yolunda bütün bilik və bacarıqlarımı sərf etməyə, aldığım nəticələri dünyanın tanınmış jurnallarında çap etdirərək elmimizi daha yüksək səviyyədə təmsil etməyə çalışacağam.

 

Bildiyimiz kimi, baş redaktoru olduğunuz “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı AMEA-da “Clarivate Analytics”in bazasına daxil olmuş ilk jurnallardan biridir. Akademiya institutlarının jurnallarının nüfuzlu beynəlxalq bazalara daxil olması üçün hansı göstəricilərə malik olması tələb olunur?

 

Təvazökarlıqdan uzaq olsa da, bildirim ki, bu elmi tədqiqat institutuna rəhbərlik etməyə başladığım müddətdən jurnalların elmi səviyyəsində nəzərəçarpacaq irəliləyiş əldə olunmuşdur.
AMEA-nın müxbir üzvü Bilal Bilalovun rəhbərlik etdiyi “Azərbaycan riyaziyyatı” jurnalı, eyni zamanda “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı “Clarivate Analytics”in bazasına daxildir. Bu jurnallarının hər ikisi, həmçinin “Scopus” bazasında impakt faktora malikdir. Bundan əlavə, “Akademiyanın əsərləri” seriyasının riyaziyyat jurnalı AMEA-nın müxbir üzvü Vaqif Quliyevin baş redaktorluğu ilə çap olunur. Hazırda əsas məqsədimiz odur ki, hər üç jurnal tezliklə “Clarivate Analytics” bazasında möhkəmlənsin və impakt faktor qazansın. İnstititun əməkdaşlarının gərgin əməyi sayəsində jurnalların bugünkü inkişafına nail olmuşuq. Jurnallarımız “Clarivate Analytics”ə daxil olduqdan sonra redaksiyaya daxil olan məqalələrin daha ciddi seçilərək nəşr olunması zərurəti yaranmışdır.
Yeri gəlmişkən, qeyd edim ki, institutda 4 jurnal çap olunur və bunlardan hər biri il ərzində iki dəfə olmaqla ingilis dilində işıq üzü görür.

 

Əlbəttə, “Clarivate Analytics” bazasına daxil olmaq çətin prosesdir. Əsas tələblər, ilk növbədə jurnalların elmi səviyyədə ingilis dilinə tərcümə olunaraq çap olunması, jurnalların təyin olunan vaxtda işıq üzü görməsi, jurnalın redaksiya heyətinə həm yerli, həm beynəlxalq səviyyədə yüksək elmi nəticələri ilə seçilən alimlərin daxil edilməsidir. Fikrimcə, qeyd etdiyim tələblərlə yanaşı, jurnalın baş redaktoru və məsul katibinin üzərinə daha böyük məsuliyyət düşür. Qeyd edim ki, jurnalımızın məsul katibi, institutun şöbə müdiri, riyaziyyat elmləri doktoru Vüqar İsmayılovun alimliyi, ingilis dili səviyyəsi və obyektiv fəaliyyətinin jurnalın “Clarivate Analytics”ə daxil olmasında böyük rolu olmuşdur. Bununla yanaşı, jurnalın redaksiya heyətinə daxil olan alimlərin Hirş indeksi, əsərlərinə olan istinadların sayı, kimi amillər də jurnalın beynəlxalq bazalara daxil olması baxımından əhəmiyyətlidir. Biz də bu kriteriyalara uyğun fəaliyyət göstərməyə çalışırıq. Ümid edirəm ki, yaxın zamanda hər 3 jurnalın “Clarivate Analytics” bazasında impakt faktor əldə etməsinə nail olacağıq.

 

Sizin fikrinizcə, Azərbaycan elmini daha da inkişaf etdirmək üçün nə kimi addımlar atılmalıdır?
Elm sahəsində yüksək nəticələr əldə etmək üçün ilk növbədə, kadr potenisalının artırılmasına və yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə böyük diqqət yetirilməlidir.

 

Gənclərin nüfuzlu jurnallarda məqalələrinin nəşr olunmasına, monoqrafiyalarının işıq üzü görməsinə, dünyanın müxtəlif ölkələrində keçirilən simpoziumlarda çıxışlar etməsinə, həmçinin ölkədə ildə bir neçə dəfə beynəlxalq konfransların keçirilməsinə xüsusi diqqət ayrılmalıdır. Etiraf edim ki, gənc kadrların elmə cəlb olunması istiqamətində problemlər var. Son illər əsasən qızların elmi fəaliyyətlə məşğul olmağa həvəs göstərdiyini müşahidə edirik. Bununla yanaşı, akademiyada fəaliyyət göstərən gənc alimlər də tədricən ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ali təhsil ocaqlarına üz tuturlar. Gəncləri elmə cəlb etmək üçün əməkhaqlarının artırılması ilə bağlı təkliflər irəli sürülməli, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müxtəlif proqramlar, layihələr təşkil olunmalıdır. Digər tərəfdən, hesab edirəm ki, AMEA-da hər il ilin ən məhsuldar və gənc aliminin, ən yaxşı məqalələrin, monoqrafiyaların müəyyən olunması üzrə müsabiqələrin keçirilməsi, beynəlxalq elmi bazalarda məqalələri çap olunan alim və tədqiqatçılarla bağlı stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi elmin inkişafında mühüm rol oynaya bilər.

 

Bir qədər haşiyəyə çıxaraq demək istəyirəm ki, ölkəmiz bir çox sahələrdə olduğu kimi, koronavirus pandemiyası dövründə də böyük uğurlar əldə etmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya ilə mübarizə çərçivəsində görülmüş tədbirlər nəticəsində ölkəmiz bu bəladan ən az zərərlərlə çıxmağa müvəffəq olmaqdadır.

 

Bundan əlavə, ötən il Azərbaycan üçün uğurlu illərdən biri olmuşdur. Bu yaxınlarda, daha dəqiq desək, noyabrın 8-də Azərbaycan xalqı Vətən müharibəsi nəticəsində 30 il ərzində işğal altında olan əzəli və əbədi torpaqlarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən azad olunmasının ildönümünü qeyd edəcək. Bir il ərzində bu ərazilərdə sürətli quruculuq və bərpa işləri aparılmışdır. Biz hər birimiz cənab Prezidentin apardığı müdrik daxili və xarici siyasəti dəstəkləyirik. Lazım gəldikdə Prezidentimizin ətrafında bir yumruq kimi birləşməyə hazırıq.

 

Riyaziyyat sahəsində ən nüfuzlu mükafatlardan biri hesab olunan, “riyaziyyatçıların Nobel mükafatı” adlandırılan Abel mükafatının laureatı olmaq üçün Azərbaycanlı alimlər tərəfindən hansı işlər görülməlidir?

 

Hazırda Azərbaycan elmi qonşu ölkələrə nisbətən yüksək templə inkişaf etməkdə davam edir. Əminəm ki, elmi tədqiqat işlərimizi uğurla davam etdirsək, ölkə alimlərinin əldə etdiyi mühüm nəticələr bu kimi nüfuzlu mükafatlara namizəd göstərilə bilər.

 

Riyaziyyat üzrə fəaliyyət göstərən gənc tədqiqatçıların elmi potensiallarını artırmaları üçün tövsiyələriniz nələrdir?

 

Bunun üçün respublikanın tanınmış alimləri gənc tədqiqatçılarla görüşlər keçirməli, dünya elmində baş verən hadisələrlə bağlı onları maarifləndirməli, riyaziyyatın müəyyən istiqamətləri üzrə əldə olunmuş nəticələr, aparılan tədqiqatlar barədə məlumatlandırmalı, eləcə də onları elmi tədqiqat aparmağa həvəsləndirməlidirlər. Gənclər və yaşlı alimlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibət yaradılmalıdır. Yalnız bu yolla biz yaşlı alimləri əvəz edəcək gənc nəsil yetişdirə bilərik.

 

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]