Təhsil naziri və ADPU rəhbərliyi Universitetin "SABAH magistratura" və İkili Diplom proqramlarının tələbələri ilə görüş keçirib - FOTO

Təhsil naziri və ADPU rəhbərliyi Universitetin "SABAH magistratura" və İkili Diplom proqramlarının tələbələri ilə görüş keçirib - FOTO

Oktyabrın 4-də Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov  Universitetin “SABAH” magistratura proqramı və Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramının 2021/2022-ci tədris ilində qəbul olunan tələbələri ilə görüş keçiriblər. Görüşdə nazirliyin müvafiq strukturlarının rəhbərləri, ADPU-nun müvafiq prorektorları və şöbə müdirləri, tələbələr iştirak ediblər.


Magistrantlar üçün yaradılan tədris şəraiti ilə yerində tanış olan qonaqlar daha sonra tələbələrlə geniş görüş keçiriblər. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə reallaşan tədbirdə əvvəlcə ADPU-nun rektoru, prof. C.Cəfərova söz verilib.


Çıxış edən rektor Universitetin proqramlarının icrası üçün göstərilən dəstəyə və daimi diqqətə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirərək son illərdə icra olunan tədbirlər nəticəsində ali təhsil müəssisəsinin əldə etdiyi nailiyyətlərdən söz açıb. Natiq bildirib ki, keçən tədris ilində ADPU-dan bakalavr səviyyəsində 2119 nəfər məzun olmuş, onlardan 873 nəfəri  (41.5 %) magistraturaya Azərbaycanda, 29 nəfəri xaricdə (Türkiyə, Almaniya, Çin, İspaniya, İtaliya və Kanada) imtahan vermişdir. Həmçinin bu il ADPU-nun cari il məzunlarının 1306 nəfəri (61%) MİQ imtahalarına qatılıb ki, onlardan 1089 nəfəri (83%)  imtahanlarda müvəffəqiyyət əldə edib. 4-5 il öncə ilə müqayisədə bu bəzi ixtisaslarda 4-5, bəzilərində isə 7-8 dəfə yaxşılaşma deməkdir. Universitetdə Nazirliyin dəstəyi ilə Tvinninq layihəsi çərçivəsində 4 ixtisasın pilot layihəsi, Təhsil İnstitutu ilə 3 ixtisasın məzmun yenilənməsi, RİİB ilə inklüziv təhsil layihəsi çərçivəsində müəllimlərlə təlimlər, yeni xarici dərsliyin tərcüməsi və çapı, 2020-ci il yeni nəsil təhsil proqramlarında bütün ixtisaslarda inklüziv təhsil fənnin tədris planına daxil edilməsi, Nazirliyin dəstəyi ilə bir qrup müəllimin STEAM təlimi alması, müvafiq laboratoriyanın yaradılması, 7 müvafiq ixtisasda, ilk növbədə, STEAM dərslərinin tədris planına daxil edilməsi, ingilsi dili müəllimləri üçün ABŞ Səfirliyi və AMİM-lə birlikdə TKT təlimlərinin keçirilməsi və içtirakçıların bir çoxunun beynəlxalq sertifikatlaşdırılması, müəllimlərin işə qəbulunda seçki mexanizminin tətbiqi nəticəsində yeni nəsil müəllimlərin işə cəlb olunması və s. kimi işlər aparılmışdır. ADPU-da artıq  Azərbaycan bölməsi ilə yanaşı rus bölməsi 3 ixtisasdan 10-a qaldırılmış, bu tədris ilində bakalavr səviyyəsində iki ixtisasda ingilis bölməsi açılmışdır.


Magistratura səviyyəsində kadr hazırlığında yenilik olaraq SABAH magistartura (Təlim və tədrisin təşkili və metodikası), Təhsil menecmenti ikili diplom proqramı, həmçinin MBA təhsil sahəsi və Sosial iş ixtisası üzrə gənclərlə iş ixtisaslaşmaları yeni proqramlar olaraq açılmışdır.


Çıxış edən Təhsil naziri Emin Əmrullayev son illər ölkəmizdə təhsil sahəsində aparılan inkişaf siyasətindən, yerli və beynəlxalq səviyyədə icra olunan layihələrdən danışaraq təhsil sahəsində inkişafın olduqca zaman alan uzun bir proses olduğunu, həmçinin bu prosesin eyni anda təhsilin bütün pillələrində həyata keçirildiyi qeyd edib. Nazir çıxışında məsələyə təhlili yanaşmanın vacibliyini vurğulayaraq təhsilin məzmunu, keyfiyyət standartları, maddi-texniki bazası, o cümlədən qiymətləndirmə konsepsiyasında ciddi elmi tədqiqatlara əsaslanan təhlillər əsasında müvafiq layihələrin hazırlanması və icrasının olduqca önəmli olduğunu və bu sahədə müvafiq işlərin aparıldığını qeyd edib.


E.Əmrullayev həmçinin, onu da bildirib ki, təhsil sahəsində inkişafın ən önəmli halqalarından biri müəllim hazırlığı məsələsidir. Pedaqoji Universitet başda olmaqla əlaqədar ali təhsil müəssisələrində müəllim hazırlığı işinin XXI əsrin tələblərinə və müasir kompetensiyalara əsaslanaraq yeni səviyyədə təşkili istiqamətində ciddi iş aparılır. ADPU-da icra olunan Beynəlxalq İkili Diplom Proqramı, cari tədris ilindən icrasına başlanılan Təhsil menecmenti üzrə MBA, Təhsilin və təlimin təşkili üzrə SABAH magistratura proqramları da məhz bu hədəfə çatmağa yönəlib.


Görüşün əsas hissəsi ADPU-nun SABAH magistratura proqramının ilk tələbələri, həmçinin Corc Vaşinqton Universiteti ilə ikili Diplom Proqramının I və II kurs tələbələrinin iştirakı ilə qarşılıqlı müzakirə və diskussiyaya həsr edilib. Təhsil naziri Emin Əmrullayev gələcəyin mütəxəssislərinin təhsilin bütün seqmentləri ilə bağlı ən müxtəlif suallarını cavablandırıb, onlarla səmimi söhbət edib. Tələbələr görüşdən xoş təəssüratlarla ayrılıblar.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]