Azərbaycan Təhsil Şəbəkəsinin imkanları genişləndirilir

Azərbaycan Təhsil Şəbəkəsinin imkanları genişləndirilir

Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) hazırda 4299 təhsil müəssisəsi qoşulub və ölkə üzrə təhsil müəssisələrinin 92 faizi əhatə olunub. Hazırda 2021-ci ilin sonunadək şəbəkə çərçivəsində ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 təhsil müəssisənin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində işlər aparılır.


2020-ci ilədək ölkə üzrə 277 mindən çox şagirdi və 19 min müəllim heyətini əhatə edən 203 təhsil müəssisəsi artıq sürətli fiber-optik bağlantı ilə şəbəkəyə qoşulub.


Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində yaradılan imkanlar


Dayanıqlı intranet (lokal şəbəkə infrastrukturu) xidməti. ATŞ-nin ən böyük üstünlüklərindən biri də təkcə internetə çıxışın deyil, eləcə də müəssisədaxili və müəssisələrarası lokal şəbəkələrin – intranetin təmin edilməsindən ibarətdir. Bu isə o deməkdir ki, təhsil müəssisələrində internet trafik istifadə etmədən Təhsil Nazirliyinin Məlumat Mərkəzində yerləşən Azərbaycan dilli elektron təhsil resurslarından faydalanmaq, şəbəkə daxilində məlumatları operativ ötürmək və qəbul etmək mümkündür. ATŞ-nin nəinki təhsil müəssisələrini, təhsil idarələri və şöbələrini də əhatə etdiyi nəzərə alınsa, vahid intranet şəbəkəsinin mövcudluğu ümumilikdə ölkənin təhsil sistemi daxilində sənəd dövriyyəsinin elektronlaşdırılması və audio-vizual rabitənin effektiv təşkili baxımından da xüsusi əhəmiyyətə malikdir.  


Veb-süzgəcləmə xidməti.
ATŞ-ni səciyyələndirən başlıca xüsusiyyətlərdən biri də onun məhz təhsilalanların ehtiyacları üçün münasib olan internetə - təhlükəsiz internetə çıxış təmin etməsidir. Belə ki, ATŞ-nə qoşulmuş bütün təhsil müəssisələrində internet şəbəkəsindən istifadə olunarkən uşaq psixologiyasına mənfi təsir göstərə bilən istənilən zərərli, qeyri-etik və yolverilməz onlayn məzmun ATŞ-nin müvafiq proqram təminatı tərəfindən avtomatik qaydada bloklanır və məktəblərdə təhsil alan şagirdlər internetdən istifadə zamanı bu cür məlumatlarla bir qayda olaraq üzləşmirlər. ATŞ-nin internet-süzgəcləmə xidməti hazırda onlayn axtarış sistemlərində müxtəlif dillərdə 60-dək kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və şagirdlərin arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsini təmin etməyə imkan verir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.


Texniki dəstək xidməti. Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında yerləşən təhsil müəssisələrində şəbəkə və İKT avadanlıqlarına texniki dəstək xidmətləri göstərilir.


GEANT şəbəkəsinə çıxış. ATŞ milli təhsil sistemi üçün nəinki texniki və texnoloji, eləcə də elmi-intellektual müstəvidə geniş imkanlar təmin edir. Şəbəkənin potensialı  bu gün orta ümumtəhsil müəssisələri ilə yanaşı respublikanın ali təhsil müəssisələri üçün də innovativ elmi-tədqiqat imkanları yaradır. Belə ki, ölkə üzrə ali təhsil verən bütün universitetlər Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq şəbəkənin resursları üzərindən “GEANT” beynəlxalq akademik şəbəkəsinə çıxış əldə edə və bu şəbəkənin elmi araşdırma potensialından yararlana bilirlər. GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır.


Video konfrans və IP telefoniya xidməti. ATŞ çərçivəsində intranet üzərindən müəssisədaxili və müəssisələrarası sürətli rabitə – video konfrans və İP telefoniya xidmətləri təqdim edilir.  IP telefon rabitəsində məlumat rəqəmsal kanallar üzərindən ötürüldüyündən, telefon danışığının keyfiyyəti bir qayda olaraq daha yüksək olur. Video konfrans vasitəsi ilə isə əməkdaşlar bir biri ilə keyfiyyətli və kəsintisiz videobağlantı yarada və canlı müzakirələr apara bilirlər.


Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən  təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. İcrasına 2008-ci ildə başlanılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]