IDEA Ətraf Mühit Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzi açılmışdır -

IDEA Ətraf Mühit Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzi açılmışdır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzinin açılış mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, mərasimdə IDEA Ətraf Mühit Kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, dövlət və hökumət rəsmiləri, Akademiyanın rəhbərliyi və tələbələr iştirak etmişlər.
Leyla xanım Əliyeva resurs mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Resurs mərkəzi ilə tanış olan Leyla xanım Əliyevaya məlumat verildi ki, burada müasir texnologiyalar, zəruri elektron və elmi vasitələr istifadəyə verilmişdir. Mərkəz tələbələrin təhsil imkanlarını genişləndirməklə yanaşı, yaşadığımız planetin gələcəyi haqqında indidən düşünməyə, fikir mübadiləsi aparmağa və zəruri biliklər əldə etməyə imkan yaradacaqdır.
Diqqətə çatdırıldı ki, resurs mərkəzi gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə, yeni fəaliyyət istiqamətlərinin seçilməsinə, onların gələcək peşəkar həyata daha fərqli düşüncə ilə qədəm qoymasına mühüm töhfə verəcəkdir. İnsanlar kiçik yaşlarından ətraf mühitlə bağlı biliklərə yiyələnməli, özləri üçün davranış qaydaları müəyyənləşdirməlidirlər. Eyni zamanda, gənclərin ətraf mühitlə bağlı elmi tədqiqatlara cəlb edilməsi, müxtəlif treninqlərin təşkili, diskussiya xarakterli görüşlərin keçirilməsi, maarifləndirici işin aparılması mərkəzin qarşısında duran əsas vəzifələrdəndir. Yaşadığımız planet məhdud resurslara malikdir və biz onların optimal istifadə yollarını arayıb dünya ictimaiyyətinin bu məsələyə həssaslığının təmin edilməsinə öz töhfəmizi verməliyik.
IDEA Ətraf Mühit Kampaniyası mahiyyət etibarilə milli çərçivəni aşaraq qlobal xarakter almışdır. Ətraf mühit sərhəd tanımır. Milli sərhədlər çərçivəsində atılan hər hansı bir addım bəşəriyyətin gələcəyini hədəfə alır. Kampaniya xüsusi ictimai maraq doğuran “davamlı inkişaf” konsepsiyasını rəhbər tutaraq, inkişafla ətraf mühitin harmoniyasının təmin edilməsinin zəruriliyinin önə çəkilməsi haqqında həyəcan təbili çalır. İnsanların mövcud inkişaf xüsusiyyətləri gələcək nəsillərin öz ehtiyaclarını ödəmək imkanlarına zərər yetirməməlidir.
Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan Leyla xanım Əliyeva Akademiyanın kollektivinə uğurlar arzuladı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !