Pakistanda Azərbaycan Respublikasının Anım Günü qeyd olunub - FOTO

Pakistanda Azərbaycan Respublikasının Anım Günü qeyd olunub - FOTO

27 sentyabr 2021-ci il tarixində Azərbaycanın Pakistandakı Səfirliyində Azərbaycan Respublikasının Anım Günü münasibətilə rəsmi tədbir keçirilib.


Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancraninin ali qonaq qismində iştirak etdiyi rəsmi tədbirə bu ölkənin müdafiə istehsalı naziri Zubeyda Cəlal, Pakistan Senatı sədrinin müavini Mirzə Məhəmməd Afridi, Senatda və Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq Qruplarının rəhbərləri Məhəmməd Talha Mahmud və Murtaza Cavid Abbasi, senatorlar, millət vəkilləri, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri, KİV nümayəndələri, eləcə də xarici ölkələrin Pakistandakı bir sıra səfirləri təşrif buyurublar.


Azərbaycan və Pakistan dövlət himnlərinin səsləndirilməsindən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 44 günlük Vətən Müharibəsini, ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevin xalqa müraciətlərini, eləcə də Azərbaycan xalqının qələbə sevincini özündə əks etdirən videoçarx nümayiş etdirilib.


Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov öz açılış nitqi ilə qonaqları salamlayıb və ölkəmizdə 27 sentyabr tarixinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Anım Günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq, İkinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Azərbaycan əsgər və zabitlərini dərin hörmət və ehtiramla yad etdiyini bildirib. Səfir bir il bundan öncə bu gün, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladığını, bu cavab tədbirlərinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildiyini bildirib. 44 günlük Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyduğunu bildirən X.Fərhadov, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa edildiyini və ölkəmizin təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyini xüsusi vurğulayıb. Səfir, Azərbaycanın ərazilərinin işğalına son qoymasının bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxardığını bildirərək, bu qeyri-qanuni fəaliyyətlərə kütləvi şəkildə minaların basdırılması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, o cümlədən məscid və müqəddəs yerlərin təhqir olunması, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntularının daxil olduğunu qeyd edib. O, hazırda Azərbaycan Hökumətinin, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirdiyini, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşü üçün ardıcıl addımlar atdığını və bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər gördüyünü iştirakçıların diqqətinə çatdırıb. Hökumətimizin bərpa və yenidənqurma işlərindən ətraflı bəhs edən səfir, Fizuli beynəlxalq hava limanının qısa zamanda istifadəyə verildiyini xüsusi vurğulayıb. Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyininin dost və qardaş ölkələr tərəfindən dəstəkləndiyini ifadə edən X.Fərhadov, qardaş Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyinin ilk gündən hiss edildiyini bildirib. O, Pakistan Senatının, Milli Assambleyasının Ermənistanın Azərbaycana qarşı təcavüzünü, işğalçılıq siyasətini pisləyən, ölkəmizin haqlı mövqeyini dəstəkləyən qətnamələr qəbul etdiyini xüsusi qeyd edərək, Vətən müharibəsi zamanı ölkəmizə göstərilmiş dəstəyə görə Pakistan hökumətinə, Senatına, Milli Assambleyasına və xalqına dərin təşəkkürünü ifadə edib. Səfir öz çıxışında Azərbaycanın BMT Təhlüksəzilik Şurasının qətnamələrinə uyğun olaraq Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyini də diqqətə çatdırıb.


Tədbirdə çıxış edən ali qonaq, Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Azərbaycan və Pakistan arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açıb və Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib. O, iki qardaş ölkənin həm ikitərəfli həm də beynəlxalq müstəvidə hər zaman bir-birini dəstəklədiyini bildirərək, son zamanlarda Azərbaycan-Pakistan arasında baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluğunu ifadə edib. Senatın sədri 44 günlük Vətən müharibəsinin başlanmasının birinci ildönümünün qeyd olunduğunu söyləyib və Pakistanın, Azərbaycan Respublikasının Anım Gününü öz Anım Günü kimi qeyd etdiyini diqqətə çatdıraraq bu ölkənin hər zaman qardaş Azərbaycanın yanında olacağını bildirib. İkinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Azərbaycan əsgər və zabitlərini dərin hörmət və ehtiramla yad etdiyini bildirən Məhəmməd Sadiq Sancrani öz torpaqlarını Ermənistan işğalından azad etməsi münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Senatın sədri, Pakistanın, Ermənistanın təcavüzünü və işğalçılıq siyasətini bir daha qəti şəkildə pislədiyini bəyan edərək, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və ölkəmizin yanında olduğunu diqqətə çatdırıb. O, işğaldan azad olunmuş ərazilərdə Pakistanın yenidənqurma və bərpa işlərində Azərbaycanla sıx əməkdaşlıq edəcəyini də vurğulayıb. M.S. Sancrani Azərbaycanın Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəklədiyini xüsusi bildirərək bu dəstəyi yüksək qiymətləndirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevə və igid Azərbaycan xalqına xoş arzularını çatdıran Senatın sədri, xalqlarımızın və regionumuzun rifahı üçün Azərbaycan və Pakistanın bundan sonra da birlikdə çalışacağını əminliklə ifadə edib.


Tədbirdə çıxış edən Türkiyə Respublikasının Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycan Respublikasının 20% torpaqlarının 30 il boyunca Ermənistan tərəfindən işğal altında saxlanıldığını qeyd edib və beynəlxalq ictimaiyyətin bu haqsızlığa göz yumduğunu təəssüf hissi ilə ifadə edib. 44 Günlük Müharibədən bəhs edən səfir, BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən yerinə yetirildiyini vurğulayıb, Türkiyə və Pakistanın hər zaman qardaş Azərbaycan xalqının yanında olacağını diqqətə çatdıraraq qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib.


Tədbir boyu Azərbaycanın Vətən müharibəsini, ölkə başçımızın bu dövrdəki çıxışlarını, Azərbaycan xalqının 3 qardaş ölkənin bayraqları ilə qələbə sevincini qeyd etməsini, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərini, eləcə də Şuşada keçirilmiş mədəni tədbirləri əks etdirən  müxtəlif videoçarxlar nümayiş etdirilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]