Adil Əliyev: "Ölkəmizin bütün sahələrdə inkişafının əsası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır" - FOTO

Adil Əliyev: "Ölkəmizin bütün sahələrdə inkişafının əsası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır" - FOTO

Sentyabrın 22-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən idmançılarımız Nəriman Abbasov, Rəsul Çunayev, məşqçi Şəhriyar Abbasov, habelə Vətən müharibəsi iştirakçısı olmuş və fəal gənclərlə pandemiya qaydalarına uyğun olaraq görüş keçirib.

 


Adil Əliyev görüş iştirakçılarını salamlayaraq, onlarla Milli Məclisdə görüşməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi nəticəsində hər il ölkəmizin gənclərinin istər elmi, istərsə də idman olimpiadalarında qazandıqları uğurlar hər kəsi qürurlandırır. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dönəmdə ilk dəfə olaraq gənclər və idman sahəsinə xüsusi diqqət yetirilib. Bu gün də ölkəmizdə idmanın gələcək inkişaf perspektivləri diqqət mərkəzində saxlanılır, idmanda kütləvilik təmin edilir.


1991-1993-cü illərdə dövlət idarəetməsində səriştəsiz rəhbərlərin atdığı addımlar nəticəsində bütün sahələrdə ölkəmiz ciddi böhranla üzləşdi, həmin dövrdə hakimiyyətdəkilərin apardıqları ciddi siyasi intriqaların, xəyanətlərin nəticəsində ərazilərimizin 20 faizə qədər hissəsi işğal edildi. Xalqımızın ən ağır günündə Ulu Öndərin 1993-cü ilin 15 iyun tarixində yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə tərəqqi başladı. Heydər Əliyevin gənclər və idman sahəsini daim diqqət mərkəzində saxlaması bu sahənin yenidən dirçəlməsi ilə nəticələndi. Hər zaman özü qədər inandığı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə Prezident təyin edilməsi idman sahəsinin daha da dinamik, hərtərəfli inkişafını təmin etdi.


Bu gün ölkəmizdə sağlam Azərbaycan gəncliyinin formalaşması Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlu nəticəsidir. Məhz bu gəncliyimizin təmsil olunduğu Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından həmişəlik azad edərək, bizə tarixi qələbəni yaşatdı.


Ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsində və qazanılmış bu tarixi qələbədə Azərbaycan gəncliyinin xüsusi rolu olmuşdur. Gənclərimiz həm döyüş meydanında şücaət göstərmiş, həm də erməni təcavüzünün dünyaya çatdırılmasında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. İdmançılarımız bundan sonra da qazandıqları qələbələrin, göstərdikləri yüksək nəticələrin davamlı olması üçün səylərini davam etdirməlidirlər. Təqdirəlayiqdir ki, bu gün ölkəmiz beynəlxalq yarışların yüksək səviyyədə təşkilatçılığı sahəsində dünyada idman brendi olaraq tanınır. Ölkəmizdə idmanla məşğul olmaq istəyənlər üçün geniş imkanlar var.


Görüş iştirakçıları səmimi görüşə görə təşəkkürlərini bildirərək, bu görüşü həm də təmsil etdikləri sahələrə göstərilən diqqətin nümunəsi kimi dəyərləndiriblər. Söhbət zamanı gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində hər bir gəncin, hər bir idmançının səfərbər olmasının vacibliyi vurğulanıb.
 Söhbət zamanı vitse-spiker Adil Əliyev idmançı Nəriman Abbasovun qazandığı qələbənin digər idmançılarımız üçün də stimul olacağını və onların da beynəlxalq yarışlarda hər zaman uğurla iştirak edəcəklərinə əminliyini bildirib.


Görüşün sonunda iştirakçılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanları təqdim edilib.


 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]