ICESCO-nun Elm və Texnologiyalar sektorunun müşaviri Dr.Məhəmməd Şərif BDU-da müzakirələr aparıb

ICESCO-nun Elm və Texnologiyalar sektorunun müşaviri Dr.Məhəmməd Şərif BDU-da müzakirələr aparıb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Elm və Texnologiyalar sektorunun müşaviri Dr.Məhəmməd Şərif arasında BDU-da keçirilmiş görüşdə mövcud əməkdaşlıq və perspektivlər müzakirə olunub, ICESCO-nun Azərbaycanla əməkdaşlığı çərçivəsində görüləcək işlərdə Bakı Dövlət Universitetinin yaxından iştirakı imkanlarına toxunulub.


Azərbaycanın ICESCO ilə yaxından əməkdaşlıq edən və bu əlaqələrə böyük önəm verən əsas üzv dövlətlərdən biri olduğunu diqqətə çatdıran rektor Elçin Babayev bildirib ki, bu nüfuzlu beynəlxalq təşkilatın digər üzv ölkələrlə təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar var. Bu əməkdaşlıq əlaqələri BDU-nun da elm və təhsil sahəsindəki uğurlarının artmasına yeni yol aça bilər.


Rektor Elçin Babayev qeyd edib ki, 29 sentyabr 2020-ci il tarixində ICESCO irs, mədəniyyət və təhsil ilə əlaqəli bir qurum olaraq Azərbaycan və Ermənistan arasındakı münaqişə ətrafında cərəyan edən son hadisələrdən, əhəmiyyətli sivil dəyərə malik arxeoloji və tarixi məkanların, o cümlədən bir sıra məscidlərin və müqəddəs tarixi yerlərə qarşı dağıntıların törədilməsindən narahatlığını bildirən bəyanatla çıxış etmişdir. Bu bəyanat ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. 13 yanvar 2021-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Prezident sıx əməkdaşlığa, daimi dəstəyə xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə Baş direktora təşəkkürünü bildirib.


ICESCO ilə əlaqələrin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında və canlanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindən danışan rektor Elçin Babayev, onun sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyəti, qayğıya ehtiyacı olan uşaqlara diqqəti, onların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsil və elm sahələrində, həmçinin İslam Dünyasında görülən işlərə böyük dəstəyi barədə qonağa məlumat verib.  


Görüş zamanı ICESCO-nun irəli sürdüyü təşəbbüs əsasında və mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaxından iştirakı ilə Bakı Dövlət Universitetində cari ilin oktyabr ayında keçiriləcək “Cihazqayırma və Tərsinə Mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” adlı beynəlxalq tədbirə hazırlıq işləri geniş müzakirə edilib.


ICESCO-nun Elm və Texnologiyalar sektorunun müşaviri Dr.Məhəmməd Şərif isə öz növbəsində Bakı Dövlət Universitetində qonaq olmaqdan məmnunluğunu bildirərək təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Qonaq ICESCO qarşısında duran vəzifələrdən birinin də İslam aləmində elmin, təhsilin, zəngin mədəni irsin qorunmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Bu baxımdan, təmsil etdiyi təşkilatın Azərbaycanla bağlı son illərdəki fəaliyyətini yüksək dəyərləndirən M. Şərif Azərbaycan-Ermənistan münaqişəsinə toxunaraq bildirib ki, adıçəkilən bəyanat ICESCO-nun Azərbaycana olan dəstəyinin təzahürüdür.


Son illər yeni müstəvidə inkişaf etməkdə olan Azərbaycan-ICESCO əməkdaşlığı çərçivəsində gələcəkdə də ölkəmizdə bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran qonaq qeyd edib ki, təmsil etdiyi təşkilat bu mühüm təşəbbüsün yüksək səviyyədə həyata keçirilməsi üçün lazım olan bütün işləri görəcəkdir. Artıq bir çox sahələrdə BDU ilə əlaqələrin yaradıldığını vurğulayan Məhəmməd Şərif münasibətlərin genişlənməsində qarşılıqlı müzakirələrin önəmini də qeyd edib.


Qonaq gələn ay baş tutacaq “Cihazqayırma və Tərsinə Mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” adlı beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə görə Universitetə minnətdarlığını ifadə edib.


Görüşdə Azərbaycanla ICESCO arasında elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən digər layihələr və bu layihələrdə Bakı Dövlət Universitetinin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]