Faiq İsmayılov: Şuşanın bərpası necə aparılır: - Müzakirə

Faiq İsmayılov: Şuşanın bərpası necə aparılır: - Müzakirə

Faiq İsmayılov: Şuşanın bərpası necə aparılır: - Müzakirə

 

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhəri üzərində Azərbaycan Ordusunun qələbəsindən sonra Şuşa şəhərinin gələcək inkişafı ilə bağlı söylədiyi nitqin bir məqamı diqqət çəkir. O söyləmişdir: - Şuşanın tarixi gözəlliyini özünə qaytaracağıq.

 

Bu nə deməkdir? – Bu o deməkdir ki, Şuşa öz tarixi kökləri üzərində inkişaf etdiriləcək, milli-mədəni dəyərləri yenidən həyata qaytarılacaq, tarix və mədəniyyət abidələri bərpa ediləcək, dağıdılıb məhv edilən abidələr yenidən qurulacaq və Şuşa öz tarixi görkəmində dünyaya təqdim olunacaqdır. Bunun Azərbaycan Dövlətinə həm siyasi-mədəni və həm də böyük iqtisadı səmərəsi olacaqdır.

 

Məlumdur ki, son 100 ildə Şuşa şəhərinin tarixiliyinin məhv edilməsi istiqamətində düşünülmüş, planlı fəaliyyət həyata keçirilmişdir. Şuşa şəhərinin məhəllə sərhədləri dağıdılmış, dini abidələri və inanc yerləri məhv edilmiş, çoxəsirlik yaşayış evləri və inzibati binalar sökülərək yernində çoxmərtəbəli yaşayış binaları, mağazalar, barlar, restoranlar və digər sosial obyektlər inşa edilmiş, bəzi məhəllələri qismən, bəzi məhəllələri isə tamamilə sökülüb sıradan çıxarılmışdır. İstər Sovet dönəmində istərsədə 1992-ci il Ermənistan Silahlı Qüvvələrinin işğalından sonrakı 28 ildə Şuşa şəhərində Qarabağ memarlığının bütün inciləri kütləvi şəkildə məhv edilir, bir çox tarix və mədəniyyət abidələrimiz üzərindən asfalt yollar çəkilirdi.

 

Qarabağ memarlığına xas balkonlu evlər, birtağlı giriş qapıları, tağlı qapı və pəncərələr, mürəkkəb üslubda hazırlanan taxta şəbəkələr yavaş-yavaş öz yerlərini ikitaylı gen dəmir darvazalara, sadə və yöndəmsiz tikililərə verməyə başladı. Odurki hal-hazırda Şuşada barmaqla sayılacaq qədər tariximizin yaddaşı olan bina və qurğular qalıb. Şuşanın müasirləşdirilməsi onun iki min illik tarixinin üzərindən birdəfəlik xətt çəkmək deməkdir.

 

Bu səbəbdən cənab Prezidentin “Şuşanın tarixi gözəlliyini özünə qaytaracağıq” ifadəsi əbəs yerə deyilməyib. Yəni tarixən Şuşada mövcud olan tarixi və mədəni dəyərlərin hətta oxşarları belə dünyanın heç yerində rast gəlinmir. Beləki, Şuşanın qədim mənzillərində bir-birinə paralel yerləşdirilən buxarılar, qışda mənzilin isti saxlanmasına şərait yaradırdısa, yaz, yay, payız aylarında otaqların havasının dəyişməsinə, rütubətin yox edilməsinə xidmət edirdi. Belə mənzillərdə, heç bir texniki qurğunun köməyi olmadan, mütəmadi olaraq təbii yolla hava dəyişir, əgər uzun müddət evin qapıları bağlı qalardısa belə mənzildə rütubət hiss olunmazdı. Əgər biz Prezidentin təşəbbüslərinə əməl edəriksə, Şuşanı tarixi gözəlliyinə qovuşdurar və düşündüyümüzdən qat-qat çox turistlərin bu şəhərə gəlişinin şahidi olarıq.

 

Qarabağ üzərində möhtəşəm qələbəmizdən sonra şükürlər olsun ki Şuşada bərpa işlərinə artıq başlanmışdır. 12 Sentyabr 2021-ci il tarixdə Şuşaya qısamüddətli səfərim zamanı mən bunun şahidi oldum bir neçə yerdə bərpa işlərini qürurla izlədim, gördüklərim mənim bu istiqamətdə təkliflər verməyə zəmin yaratdı.

 

Bazarbaşı meydanı Şuşa şəhərinin mərkəzi hesab olunur. Bazarbaşı meydanı Şuşa şəhər İcra Hakimiyyətinin binası ilə Yuxarı Gövgərağa Məscidi arasındakı ərazidə olub. Bazar başı meydanın sol kənarı ilə alış-veriş üçün ticarət köşkləri olub. Meydanın mərkəzində bulaq olub. El arasında ona “Meydan bulağı” deyərdilər. Ticarət köşklərinin yerləşdiyi ərazi Sovet dövrü ləğv edilərək üç mərtəbəli yaşayış evləri inşa edilib. Erməni işğalı dövrü isə ehtiyac olmadığı halda Bazarbaşı meydanın mərkəzi hissəsi İcra Hakimiyyətinin binasından Yuxarı Gövhərağa Məscidinə qədər olan məsafə işğal dövrü asfaltla örtülmüş, bulaq sökülərək ləğv edilmişdir.
 

 

Bərpa zamanı bu ərazinin asfalt qatı götürülərək park salınmalı, meydanın mərkəzində isə “Meydan bulağı” mütləq əzəli görkəminə qaytarılmalıdır.

 

Yuxarı Gövhərağa Məscidinin bərpası normal qiymətləndirilə bilər. Lakin ətraf lanşaftının bərpası xüsusi diqqət və məsuliyyət tələb edir.

 


 

İşğal dövrü Məscid İranlı ustalar tərəfindən bərpa edilərkən, məscidin həyətindəki bulaq ləğv edilmişdi. Lakin bu kiçik vəffarənin olması sadəcə yaraşıq üçün deyil, Məscidə gələnlərin dəstəmaz alması üçün lazımdır. Bərpa zamanı bu vəffarə unudula bilməz, yenidən qurulmalıdır. Məscidin həyatında son 28 ildə baş verən olaylardan xəbər verən eksponatları yerləşdirilməsi də mühüm əhəmiyyət daşıyan amillərdən biri olmalıdır. Hadisələrin baş vetrdiyi anları əks etdirən fiqur, əşya, alət və digər qurğuların abidənin lanşaftında yerləşdirilməsi, ərazini daha baxımlı və maraqlı edər.

 

 

Bu cür tarixi əhəmiyyətinə görə maraqlı abidələrdən biri də Bül-bülün ev muzeyidir. Bül-bülün ev muzeyinin bərpası dövrü, bir çox təkliflərimiz oldu və onlar demək olarki hamılıqla maraqla qarşılanaraq, bərpa zamanı nəzərə alındı. Bu abidəyə yenidən qayıtmağımız onun lanşaftı ilə bağlıdır və dəyişiklik mütləq şəkildə yerinə yetirilməlidir.

 

Bül-bülün ev muzeyinin həyətinə onun büstləri qoyularkən, seçilmiş ərazinin əhəmiyyət dərəcəsi mütləq nəzərə alınmalı və insanların yaddaşında yaşaması üçün hafizələrdə necə qalacağı nəzərə alınmalı idi. Odur ki büstlərin biri-birinin yanında qoyulmasının heç bir effekti yoxdur. Biri-birindən kəskin fərli olan bu büstlər, biri-birindən aralı qoyulmalı, bu büstlər ətrafında qurulan ansambıllar və bu ansambılların əhatə etdikləri və tarixi hadisələr, bədii kompozisiya cəhətdən bir-birini tamamlayan komplekslər quraşdırılmalı izahata ehtiyacı olmayan ümumi məzmun və məna kəsb etməlidir.

 

 

Bül-bülün ev muzeyinin lanşaftı qurularkən oradakı kompazisiya həm elmi və həmdə maarifçilik istiqamətində, gələn ziyarətçinin diqqətini çəkməli, ziyarətçidə ərazidə baş vermiş hadisələri öyrənməyə maraq yaratmalıdır.

 

Mədəniyyət beşiyimiz Şuşa şəhərinin 350 hektarlıq qoruq ərazisinin bərpası bütövlükdə şəhəri açıq səma altında muzey kimi tanıtmalıdır. Burada baş verən erməni vandalizminin izləri isə ayrı-ayrı mülklərin, inzibati binaların, yaşayış evlərinin bərpası zamanı konservasiya edilib saxlanmalıdır.

 

Faiq İsmayılov
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]