"Həyatımda çox şey yarımçıq olub əslində mənim" Fatimə Fətəliyeva ilə "Üzə-düz" - VİDEO

"Həyatımda çox şey yarımçıq olub əslində mənim" Fatimə Fətəliyeva ilə "Üzə-düz" - VİDEO

Fatimə Fətəliyeva: “Üzə-düz”, MTV Azərbaycan kanalı


“Səhnəyə ilk addımlarımı atanda mən bilirdim ki, mənimçün ailədə, nəslimdə problem olacaq. Gözlədiyim oldu, qarşılaşdım. Bütün bunlar ürəyimdə çatlar qoydu, bugünə qədər də o çatlar var. Baxmayaraq ki, qohumlarla münasibətim yaxşıdır amma çat olanda, o çatı yapışdırmaq mümkün deyil də. Bizi ümumiyyətlə, tanımadılar. Dedilər ki, niyə Fatimə, niyə rəqs, tanınmaq, efirlər. Sual vermədilər, axı niyə? Bəlkə dəstək olaq, bəlkə başqa bir iş görək. Mən Tibb Universitetində oxuyurdum, universitetin 4-cü kursundan həyatımızda elə hadisələr baş verdi ki, biz çökdük. Tibb Universitetindən istəmədən imtina etməli oldum. Əslində istəyərdim qadın həkimi olum. Bu mənim anamın da arzusu idi. Qardaşım da Tibb Universitetini bitirib! Həyatımda çox şey yarımçıq qalıb əslində mənim. Bunları yada salanda əsəbləşirəm amma deyirəm Allahın yazısıdır. Bu yazını heç kimi poza bilməz!”
 


“Bu gün qızımın həyatından çox rahatam. Onlardan danışanda kövrəlirəm. Oğlumda yox, min şükür. Amma Aydanı böyüdəndə çox əziyyətlər çəkdim. O mənim bacım, dostum oldu. Qızımın çox gözəl ailəsi var, kürəkənimdən də razıyam. Düzdür, aralarında hərdən inciklik olanda Aydana deyirəm ki, hər ailədə olur. Qızım yoldaşından bir neçə yaş kiçikdir, bir az kaprizləri ola bilər. Xoşbəxtəm ki, qızım bu yaşda məni nənə etdi. Mən özümü tam da xoşbəxt insan saymıram, saymamışam da, bu hiss an kimi ola bilər. Söhbət, pul, vardan getmir. Kiməsə bəxtəvərçilik yağdıran insanlardan da qaçıram. Bəxtəvər görünən insanın da öz dərdi var. Onun villası da olsa, o tam xoşbəxt ola bilməz!”
 


“Şou-biznesə gəldiyim gündən məni də söz-söhbətlərə qatıblar. Mən onlar üçün düşərli “muza” olmuşam.  Onlar məndən bic ola bilərlər. Taktikaları ola bilər. Düzgün olsam da, yenə də məni günahkar sayacaqlar. Ona görə də heç baş qoşmuram. Oksana Rəsulova ilə münasibətim çox yaxşıdır. Bilmirəm bizi niyə qalmaqala salmışdılar bir zamanlar. Mənim kimi çılğınlığı ola bilər amma insan kimi çox yaxşı qızdır. Insanın siması hər şeyi bildirir. Onun üzünə baxanda bilinir ki, üzündə nur var. Məndən inciməsinlər, şou-biznesdən heç kimə zəngləşib, görüşüb, dostluq etmirəm. Uzaq gəzirəm. Balaş rəhmətə gedəndə status yazmışdım. Allah ona rəhmət eləsin. Mənim onunla heç bir problemim olmayıb. Balaşı o xanımdan əvvəl tanıyırdım. O, mənim salonumda çalışdı. Çox gözəl birgə günlərimiz, xatirələrimiz var.  Içimdən gəldi o satatus yazdım, heç peşman da deyiləm. Mənə o barədə heç kim nəsə demədi ki, Fatimə bunu et. Allah onun balalarını saxlasın, yaxınlarına səbr versin”.
 


“İndi həyatım nə qədər yolunda olsa da, atama hər zaman ehtiyac duyuram. Bu gün də belə. Düşünürəm, hardasa məni izləyir. Tez-tez gedib məzarını ziyarət edirəm, ürəyimi açıb, onunla danışıram. Deyirəm kaş ki, o olaydı, bu problemimi həll edərdi. Evdə atanın nəfəsi gəlməlidir. Atanın öz yeri var, ananın öz yeri. Valideynin yerini heç kim sənə vermir. Onları seçmirlər. Onu itirəndə 19 yaşım var idi. Atama çox bağlı idim, o mənim sirdaşım idi. Xəstə olanda o qədər uşaqlaşmışdı ki, bizdən üzümüzə baxıb kömək istəyirdi. O rəhmətə gedəndə mən onun yanında ola bilmədim, mənə demədilər. Dedilər, get evə, halı pisləşib, səni gəlib götürəcəyik. Aldatdılar məni. Kirayə qalırdım, bütün işıqları söndürmüşdülər. Bilmədim, qaranlıqda qapını necə bağladım, şam yerə düşdü, uşağın barmağını dişlədim. Xəstəxanaya zəng edəndə, mənə kobud şəkildə dedilər ki, nə istəyirsən, apardılar! O səsi eşidəndə məni görəydiniz. Səsimə qonşular gəldi. Atamı itirəndən sonra həyatım tamam dəyişdi, sanki bir divarı, dayağımı itirdim. Çox çətinliklər gördüm amma bərkidim. Onu  indi uzaqdan görsəydim çox söz deyərdim. Kövrəlir... Çox ehtiyacım var ona...  ”

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]