Bir şəklin tarixçəsi: Heydər Əliyev, Ayaz Mütəllibov, Tamerlan Qarayevin iştirak etdiyi İCLAS- FOTO: S.Rasimindir

Bir şəklin tarixçəsi: Heydər Əliyev, Ayaz Mütəllibov, Tamerlan Qarayevin iştirak etdiyi İCLAS- FOTO: S.Rasimindir

Bir şəklin tarixçəsi: Heydər Əliyev, Ayaz Mütəllibov, Tamerlan Qarayevin iştirak etdiyi İCLAS- FOTO: S.Rasimindir

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 30 ili yaxınlaşır. Bu ilin 18 oktyabrında həmin möhtəşəm günü qeyd edəcəyik.

 

“Bir şəklin tarixçəsi” rubrikasında təqdim edilən bu fotoşəkil də 30 il öncə lentə alınıb. Fotoşəkli müstəqil Azərbaycanın ali qanunverici orqanın formalaşdığı tarixin başlanğıcı da hesab etmək olar.

 

Zaman 5 fevral 1991-ci il… Məkan Azərbaycanın o vaxtkı Ali Soveti…

 

Həmin gün Azərbaycan SSR-in XII çağırış Ali Sovetinin ilk iclası keçirilir.

 

Qeyd edək ki, Azərbaycan SSR-in XII çağırış Ali Sovetinə sonuncu seçkilər keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə, 1990-cı il sentyabrın 30-da keçirilmişdi. Ali Sovetə 340 deputat seçilmişdi.

 

İclasda prezident Ayaz Mütəllibov da iştirak edir. Sədarət kürsüsündə Ali Sovetin yenicə seçilmiş rəhbərliyi əyləşib: sədr Elmira Qafarova, müavinlər Telman Orucov (solda), Afiyəddin Cəlilov və Tamerlan Qarayev (sağda) əyləşib.

 

Tribunada isə Ali Sovetin deputatı Heydər Əliyev çıxış edir… O, Ali Sovetə Naxçıvan Muxtar Respublikasının (o vaxtkı Naxçıvan MSSR) Babək rayonundan deputat secilmişdi.


Bu iclasda Azərbaycan parlamenti tarixində ilk dəfə müxalifət təmsilçisi ali qanunverici orqanın rəhbərliyində yer aldı. Söhbət həmin vaxtlar Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olan və BDU-nun hüquq fakültəsinin dekan müavini işləyən Tamerlan Qarayevdən gedir.

 

Sədarət kürsüsündə əyləşən Afiyəddin Cəlilov (sağdan 2-ci) o vaxt Naxçıvan Ali Məclisinin sədri olduğundan o, həm də Ali Sovetin sədr müavini sayılırdı.

 

Bu iclasda parlament ölkə üçün çox vacib bir məsələni müzakirə edir. Və bu müzakirənin sonunda Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilir.

 

Ardınca Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilir.

 

1990-ci ildə formalaşdırılan həmin Ali Sovet Azərbaycanın keçmiş SSRİ tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral ayında fəaliyyətə başlamasından bir müddət sonra - 1991-ci ilin avqustunda Sovetlər Birliyi birdəfəlik çökdü. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası reallaşdı.

 

1991-ci il noyabrın 26-da isə müxalifət və müstəqil deputatların təkidi ilə Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.

 

Beləliklə, Azərbaycan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması barədə qərar qəbul edildi. Ali Sovetin 340 deputatı arasından 50 nəfər seçilməklə Milli Şura yaradıldı. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.

 

1992-ci il Xocalı soyqırımından sonra istefa verən prezident Ayaz Mütəllibovun ardınca Milli Şuranın sədri Elmira Qafarova da postunu tərk etdi (1992-ci ilin martında).

 

Milli Şura 1992-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi adlandırıldı.

 

1995-ci ilin noyabr ayında isə Azərbaycanın Milli Məclisinə ilk seçkilər keçirildi.


 A.Qorxmaz-Modern.az

 

FOTO: S.RASİMindir

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]