Tanrının sevgilisi

Tanrının sevgilisi

Tanrının sevgilisi 

 

(hekayə)

 

Həyatımda ilk yalanı 10 yaşım olanda danışmışam. Daha doğrusu, yazmışam...

 

Hər halda uşaqlığımda xatırladığım ilk yalandır. Özü də ayın tarixinə kimi yadımdadır, martın 7-də, bu günkü gün kimi yadımdadır.

 

...Sinifə girəndə gördüm ki, ilk sırada, düz müəllimin qabağında oturan Hunay ağlayır. Elə hıçqırırdı ki, mən də utandığımdan ona qoşuldum, gözlərim doldu:

 

-Nə olub, niyə ağlayırsan?
-Heş nə... Heş nə olmuyuf...

 

Gözlərinin yaşını sildi. İsrar etdim, nə olduğunu soruşdum:
-Belə zulum-zulum ağlıyırsansa, nəsə olub axı, sən gözyaşı burnunun ucunda olan ziy-ziy qızlardan döyülsən.
Hunay bir az özünü toxtadı:

 

-Hamının partasının üzərində gül var. Sinfin bütün oğlanları sevdikləri qızlara gül alıblar. Allahın Orxanı da – Orxan çəlimsiz, arıq və heç zaman dinib-danışmayan “lal”ımız idi – yanında oturan İşıla qapılarından dərdiyi çiçəkləri gətirib. Nə olar, mənim bir gözüm çəp olanda... Hamı mənə “bacı” deyir, heç sevgilim deyən yoxdur.

 

Hunayın son sözləri məni tutdu. Hələ onda anladım ki, sinifimizin bütün oğlanları içi mənqarışıq Hunayı – bu gözləri çəp qızı sevməkdən qorxuruq. Daha doğrusu, elə qorxduğumuz üçün ona bacı deyirik.
Tanrıköydə heç kimin ata-anası çəpgöz Hunayı oğluna almağa, özünə gəlin eləməyə rəva bilməyəcəkdi...

 

Hunayın gözünə uşaqlıqda atasının anasına atdığı bıçaq batmışdı. Kənddə - Tanrıköydə camaaat belə danışırdı. Sonradan sol gözü zədələnən uşağın gözündə qorxudan çəplik yaranmışdı. Bu da camaatın ağzında gəzən söz-sav idi.

 

...Yerimdə quruyub qalmışdım. Sabah 8 Mart idi, dərs olmayacaqdı. 9 mart üçün nəsə fikirləşməliydim. Mən də öz sevdiyim qızın – Ulduzun stolunun üstünə qərbristanlıqdan oğurladığım təzə güllər qoymuşdum. Elə etməliydim ki, Hunay üçün etdiyimi Ulduz bilməsin.

 

Qəfldən qeyri-ixtiyari dilləndim:

 

-Hunay, ağlama, bizim hamımızın sevgilisi bu sinifdəndir. Sənin sevgilinin olmamasının səbəbi nədir, heç bilirsən?
Hunay bilirəm – deyib bərkdən hönkürməyə başladı.
-Xeyr, bilmirsən – deyə əmiranə şəkildə dilləndim:

 

-Sənin sevgilin tanrıdır. Sən onun sevgilisisən. Ona görə də heç kim sənin oturduğun stolun üzərinə gül qoymağa cəsarət eləmədi, elə mən də...

 

Hunay susdu. Başını qaldırıb gözümün içinə baxdı. Udqundum. Amma öz yalanıma özümü də inandırmağa çalışdırdığımdan qızda da bir əminlik yarandı. Bir söz demədi. Susdu...

 

Martın 9-da səhər alaqaranlıqlı məktəbin çəpərindən tullanıb pəncərədən sinifə daxil oldum. Qonşunun həyətindən oğurladığım gülləri və əlimdəki kağızı Hunayın stolunun üzərinə qoyub yenidən evə qayıtdım. Hətta həmin gün qəsdən dərsə 15 dəqiqə gecikdim.

 

Sinifə girəndə müəllimə yatıb qaldığımı söylədikdən sonra gözucu Hunaya baxdım. Başı qarışıq idi. Gözləri gülə-gülə oğrun-oğrun bir dəstə gülün üzərinə yazılmış kağızdakı iki cümləni oxuyurdu:
-Salam, Hunay! Mənəm, Tanrı! Sevgilim, gec də olsa Sənin 8 Mart bayramını təbrik edirəm...


Tural Turan
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]