Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşaya səfər ediblər - FOTO

Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşaya səfər ediblər - FOTO

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər ediblər.


Əvvəlcə qonaqlar Şuşadakı Saatlı məscidinə gəliblər. Onlara məlumat verilib ki, bu məscid Ermənistanın işğalı dövründə Qarabağdakı digər məscidlər, dini və mədəni abidələr kimi dağıdılıb. Hazırda məsciddə yenidənqurma və bərpa işləri aparılır.


Daha sonra spikerlər Şəhər meydanına gedərək, burada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Şuşa Bəyannaməsini imzaladıqları yerlə tanış olublar. Qeyd olunub ki, bu sənəd iki qardaş və dost ölkə olan Azərbaycanla Türkiyə arasında əməkdaşlığın bütün sahələrini əhatə etməklə münasibətlərimizi ən yüksək zirvəyə qaldırır.


Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri daha sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri önünə gəliblər. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qoyulub.


Sonra qonaqlar Xurşidbanu Natəvanın ermənilər tərəfindən dağıdılmış ev kompleksinə baxıblar. Məlumat verilib ki, lirik şeirlər müəllifi olan Xurşidbanunun evi Şuşa Ermənistan tərəfindən işğal olunana qədər şəhərin memarlıq baxımından özünəməxsus tikililərindən hesab olunurdu. Natəvanın evi şəhərin ən gözəl binalarından biri olub və tikililər içində xüsusilə seçilib. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Natəvanın evi ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdılıb.


Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər və parlament nümayəndə heyətləri Şuşa Qala divarları ilə tanışlıqdan sonra Aşağı və Yuxarı Gövhər Ağa Məscidlərini ziyarət ediblər.


Sonra parlament nümayəndə heyətləri Cıdır düzündə olublar. Burada 3 ölkənin parlament rəhbərləri xatirə şəkli çəkdiriblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]