Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib - FOTO

Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib - FOTO

28 iyul 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədrinin ADA universitetində  Azərbaycanın xaricdəki səfirləri ilə görüşü baş tutub.

 


Görüşdə Azərbaycan Respublikasını müxtəlif ölkələrdə təmsil edən 23 səfir, Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, ADA Uninversitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və digər qonaqlar iştirak edib.


Görüşdə xüsusi qonaq qismində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov da iştirak edib.


Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Qarabağın uzun onilliklər ərzində davam edən erməni işğalına son qoyaraq, ölkəmizin ərazi bütövlüyünü təmin olunmasından və bu Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratmasından danışıb. R.Hacıyev sözlərinə Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, hazırki fəaliyyət istiqamətləri və ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva olduğu və bir müddət öncə ictimaiyyətə təqdim olunan “Karabakh.Center” (http://karabakh.center/) layihəsi haqqında ətraflı məlumat verərək davam edib.


Daha sonra dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və “Karabakh.Center” saytının təqdimat videosu nümayiş olunub.


Görüş zamanı Qarabağ Dirçəliş Fondunun beynəlxalq əməkdaşlıq imkanları, xarici ölkələrdə “Karabakh.Center” layihəsi və xüsusilə erməni işğalı nəticəsində ərazilərimizə dəymiş zərər haqqında təşviqat işlərinin təşkili müzakirə edilib.


Həmçinin, səfirlərin təmsil olunduğu ölkələrdə və xaricdə yaşayan fəallarla səmərəli əməkdaşlıq qurulması və diasporamızın Qarabağ üçün ianələrin köçürülməsinin imkanları haqqında fikir mübadiləsi aparılıb.


Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov qeyd edib ki, xaricdə təşviqat işlərinin aparılması üçün uyğun platformaları və təşkilatları qruplaşdırmaq və ölkədən kənarda yaşayan soydaşlarımızın ianə edərək işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən tədbirlərə qoşulmasını təmin etmək çox vacibdir. O, uzun illərdir xaricdə yaşayan və peşəkar formada fəaliyyət göstərən diplomatların təcrübələrindən və tövsiyələrindən faydalanmağın vacib olduğunu bildirib.


Fuad Muradov tarixdə münaqişə zəmnində dağıntıya məruz qalmış şəhərlərin təcrübələrinin öyrənilməsi və “şəhərlərin qardaşlaşması” məsələsinə toxunub.


Görüşün moderatoru, ADA Uninversitetinin prorektoru Fariz İsmayılzadə öz çıxışında ikinci Qarabağ müharibəsinə dair həqiqətlərin öyrənilməsinin, həmçinin Azərbaycana qarşı dünya mətbuatında tirajlanan saxtalaşdırılmış faktlara qarşı birgə səmərəli mübarizənin aparılmasının vacibliyini vurğulayıb.


Müzakirə zamanı müxtəlif ölkələlərdə Azərbaycan Respublikasını təmsil edən səfirlər təbliğat və təşviqat işləri ilə bağlı maraqlı məlumat və ideyalarla bölüşərək, ianələrin toplanması, bərpa və quruculuq işlərinə soydaşlarımzı və investorları cəlb etməyin zəruriliyini qeyd edərək, bu məqsədlə nəzərdə tutduqları bir sıra təkliflər irəli sürüblər.


Sonda, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev faydalı görüşün baş tutmasına dəstək verən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramova, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradova, ADA universitetinin rəhbərliyinə və iştirak edən səfirlərə öz minnətdarlığını bildirib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]