GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

 

#itkin Yeniyetmə itkin düşüb

Şəmkirdə itkin düşən şəxs axtarılır.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

M. Vəliyevin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (070) 306-45-46 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

======================================================

 

#pasport   “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı

 

Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmayıb.

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib. Şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların “COVID-19” pasportları yoxlanılıb. Lənkəranda son iki gün ərzində 378 şəxs “COVID-19” pasportu olmadığına görə toy məclislərinə buraxılmayıb.

 

Şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.

 

====================================================


#ov  Qanunsuz balıq ovu edənlər cəzalandırıldı

 

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Xəzər dənizi sahilində, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Əkbər Sadıqov, Qazax rayon sakinləri - Aydın Mehdiyev və Namiq Zeynalov olduğu məlum olub.

 

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

 

Eyni zamanda Zaqatala rayonunun Car kəndi yaxınlığında ova cəhd edən kənd sakini Elçin Şabanov saxlanılaraq cərimələnib.

 

===================================================

 

#narkotik  Qiymətli əşyaları oğurlayan narkotik alverçiləri tutuldu

 

Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və nəqliyyat vasitələrinin salonlarında olan digər qiymətli əşyaları oğurlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən xəbərə görə, Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Soltanov tutulub. Araşdırma zamanı onun bu ilin əvvəlindən saxlanılan günə qədər Binəqədi rayonu ərazisində 13 avtomobildən oğurluq etdiyi məlum olub. Orxan Soltanovun törətdiyi oğurluqların bəziləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digr bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Samir Ağabalayev də saxlanılıb.

 

Onun üzərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin, metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib. Bu şəxs ifadəsində Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

 

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Orxan Soltanov və Samir Ağabalayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

==================================================


#toy  Karantin qaydalarını pozanlar cərimələndi

 

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə fərdi evlərdən təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Ləkiçıplaq kənd sakinləri Bəylər Həmidov və Altay Qasımov, Cəyirli kənd sakini Zahir Həsrətov, eləcə də Ulaşlı Şıxlı kənd sakini Zaur İsmayılova məxsus fərdi yaşayış evlərində keçirilən toy mərasimlərində iştirak edən qonaqların 50 nəfərdən artıq olduğu müəyyən edilib.

 

Həmin toy sahibləri inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

 

====================================================


#şəhid  Şəhidin bank kartından 4 min manata yaxın pul oğurlandı

 

İyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

 

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]