Qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb

Qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb

Ölkənin ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınlar xüsusi rol oynayır. Qadınların iqtisadiyyatda, özəl sektorun inkişafında və məşğulluğun təmin edilməsində rolu, mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın iyulun 23-də keçirilmiş növbəti forumu “Qadın sahibkarlığı: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunub. KOBİA-nın dəstəyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən qadın sahibkarlar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.


KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun qadın sahibkarlığı üzrə mövcud vəziyyətin və müvafiq təkliflərin öyrənilməsi, çətinliklərin və yeni çağırışlara uyğun addımların müəyyən edilməsi məqsədilə təşkil olunduğunu bildirib.


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artmasının, onların sahibkarlıq fəaliyyətində daha geniş təmsil olunmasının və məşğulluğunun təmin edilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, qadın sahibkarlığının inkişafı KOBİA-nın da fəaliyyət gündəliyində mühüm istiqamətlərdəndir. Aparılan təhlillər və sorğular göstərir ki, qadın sahibkarların biznes yönümlü bilik və bacarıqlarının artırılması vacibdir. 2021-ci ilin ikinci yarısından etibarən Agentliyin KOB inkişaf mərkəzlərinin fəaliyyət coğrafiyası genişlənir ki, bu digər regionlarda da qadınların biznes təlimlərə cəlb olunmasına imkan verəcəkdir. Satış bazarlarına çıxışın yaxşılaşdırılması məqsədilə KOBİA müxtəlf sərgilərdə qadın sahibkarların iştirakına xüsusi diqqət göstərir, həmçinin qadın sahibkarlar kobmarket.az portalından istifadə etməklə satış imkanlarını artıra bilərlər. Agentliyin biznesə yeni dəstək alətlərindən olan “Startap” şəhadətnaməsi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi mexanizmlərindən istifadə etməklə qadın sahibkarlar fəaliyyətlərini genişləndirə bilərlər.


Milli Məclisin deputatı Fatma Yıldırım çıxışında regionlarda qadın sahibkarlığın inkişafı, bu sahədə maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsi, müvafiq təşəbbüslərin və layihələrin icrasına dair fikirlərini bölüşüb, işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi prosesində də qadın sahibkarların aktiv iştirak edəcəyinə əminliyini qeyd edib.


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Sakinə Babayeva məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında qadınların artan rolu, rəhbərlik etdiyi assosiasiyanın gördüyü işlər və gələcək planları barədə fikirlərini bölüşüb, dövlət-özəl əməkdaşlığı platforması çərçivəsində təşkil edilən tədbirlərin qadın sahibkarların çətinliklərinin və gözləntilərinin öyrənilməsində əhəmiyyətli olduğunu bildirib.


Sonra Azərbaycanda qadın sahibkarlığın inkişafına dair fikir mübadiləsi aparılıb, qadın sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
 
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]