Energetika naziri Türkiyənin ölkəmizdəki yeni səfirini qəbul edib

Energetika naziri Türkiyənin ölkəmizdəki yeni səfirini qəbul edib

Energetika naziri Pərviz Şahbazov Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcını qəbul edib.
 

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək, bu istiqamətdə əlaqələrin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
 

Türkiyənin 44 günlük Vətən müharibəsi dövründə, həmçinin ona qədər Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı dəyişməz mövqeyi, davamlı mənəvi və siyasi dəstəyi Azərbaycan-Türkiyə  qardaşlığının və sarsılmaz birliyinin ən yüksək zirvədə olmasına bariz nümunə kimi qiymətləndirilib. Cari ilin 15 iyun tarixində Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətinə toxunulub, bu sənəddə energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib, “Şuşa Bəyannaməsi”nin bütün sahələrdə, o cümlədən energetika sahəsində dost, qardaş və tərəfdaş münasibətlərini daha da möhkəmləndirdiyi vurğulanıb.
 

Həmçinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi”, “TANAP” kimi qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub, Azərbaycanla Türkiyənin enerji əməkdaşlığının ikitərəfli və regional faydalarından bəhs edilib. Ənənəvi enerji sahələri ilə yanaşı bərpa olunan enerji mənbələri üzrə də ölkələrimiz arasında yüksək əməkdaşlıq perspektivlərinin olduğu bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, “yaşıl enerji” zonasının reallaşdırılması layihələri barədə məlumat verilib, bu çərçivədə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərinin maraq göstərməsi yüksək qiymətləndirilib.
 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]