Təməl qidamız- Ana südü

Təməl qidamız- Ana südü

Təməl qidamız- Ana südü

 

Süd insan övladının daddığı ilk təamdır. Təməl qidamız sayılan ana südü yeni doğulan uşaqlar üçün ideal qidadır və nadir tərkibinə görə “təbiət fenomeni” kimi qiymətləndirilir.

 

Mütəxəssislər bildirirlər ki, heç bir əvəzedici qida ana südünün yerini tuta bilməz. Pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun sözlərinə görə, körpələrin ilk 6 ayda su da daxil olmaqla ana südündən başqa heç bir qida maddəsinə ehtiyacı yoxdur. İlk 3-5 gün ərzində ifraz olunan ağız südünün (kolostrum) isə körpələrin gələcək inkişafında xüsusi rolu var. Bu süd ən çox proteinlər və immunqlobulinlə zəngin olur, körpəni zərərli mikroorqanizmlərdən müdafiə edir. Ana südünü uşağın ilk peyvəndi də adlandırırlar.

 

Alimlər ana südünün tərkibində 400 komponent aşkar ediblər. Yeni doğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı hələ ki, mükəmməl şəkildə həzm edə bilmədiyi üçün ana südünün tərkibindəki fermentlər uşaq orqanizminə yağları, karbohidratları həzm etməyə kömək edir.

 

Ana südünün vacib komponentlərindən biri karbohidratlardır. Ana südündəki karbohidratların əsas hissəsini uşağın inkişafında böyük rol oynayan laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün də çox vacibdir. O həm də uşağın bağırsaqlarında lakto və bifidobakteriyaların əmələ gəlməsini stimullaşdırır ki, bu da bağırsaqlara düşən zərərli mikrobların inkişafına mane olur.

 

Ana südünün tərkibində əvəzsiz yağ turşuları, zülallar var ki, onlar da uşağın inkişafı üçün (xüsusilə beyinin və bağırsaqların) olduqca vacibdir.

 

Qidalı maddələrdən əlavə, ana südündə uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlər var.

 

 

Nə qədər süd?

 

 

Təxminən 10 min il əvvəl əcdadlarımız yetişdirdikləri heyvanların südündən də faydalana biləcəklərini kəşf ediblər və ana südündən kəsildikdən sonra uşaqların bu heyvanların südü ilə qidalandırılmasına keçiblər.

 

Yüksək qida dəyəri olan süd (inək, keçi, qoyun və s.) uşaqlar, bütün yaş qrupunda olanlar üçün kalsium ehtiyacının ödənilməsində istifadə ediləcək ən yaxşı mənbədir. Bu səbəbdən mütəxəssislər südün çoxsaylı faydalarından yararlanmaq üçün hər gün 2 stəkan, başqa sözlə, 400 milliqram süd içməyi məsləhət görürlər. Türkiyəli qidalanma və pəhriz üzrə mütəxəssis Olcay Barış südün sağlamlığa verdiyi töhfələrlə bağlı bildirir ki, bu qida güclü sümüklər üçün mükəmməl mənbədir. Hətta 1 litr südün tərkibində olan kalsium 10 kiloqram ətdə olan kalsiuma bərabərdir.

 

“Sağlam sümüklər üçün süd içmək mütləqdir” söyləyən həkim vurğulayır ki, süd beyin üçün də faydalıdır və beynin ehtiyac duyduğu enerjini təmin edir. Tərkibindəki yüksək protein səbəbi ilə bədən toxumalarının inkişafına kömək edən süd fokuslanma və yaddaş qabiliyyətini gücləndirir.

 

Yağsız və ya az yağlı süd bədənə daha çox kalsium verir. Kalsium qan təzyiqini də azaldır və ən əsası ürək-damar xəstəlikləri riskini yüzdə 15 faizə qədər azalda bilir. Yaşla birlikdə sümük sıxlığının azalmasının qarşısını almağın ən yaxşı yolu kalsium və D vitamini qəbul etməkdir. Kalsium qəbulu üçün gündə 2-3 porsiya (2-3 stəkan) süd qəbul etmək tövsiyə olunur.

 

Həkim xəbərdarlıq edir ki, ehtiyacdan çox süd içsək, həddindən artıq kalsium qəbulu dəmir çatışmazlığına səbəb olar ki, bu da anemiya yaradar.

 

 

Xərçəngdən uzaqlaşdıran bəyaz yol

 

 

Elmi araşdırmalar süddə olan kalsiumun bağırsaqdakı xərçəngə səbəb ola biləcək artıq turşuları məhv etdiyini, beləliklə, həzm sisteminin sağlam şəkildə işlədiyini sübut edib. Kaliforniya Universitetinin doktoru Sedrik Qarland tərəfindən aparılan araşdırma süd məhsulları istehlak edən insanların daha yaxşı bağırsaqlara sahib olduğunu göstərib. 20 il ərzində 2000 nəfəri müayinə edən Qarland gündə 2-3 stəkan süd içən insanlarda bağırsaq xərçənginə rast gəlinmədiyini bildirib.

 

Yapon tədqiqatçıları hər gün süd içməklə mədə xərçənginin qarşısının alına biləcəyini təsdiqləyiblər. New York Xərçəng Araşdırma Mərkəzində süd içən xəstələrin xərçəng hüceyrələrində müayinə aparan zaman hüceyrə inkişafında ləngimə olduğunu müşahidə ediblər. Con Hopkins Universitetinin elm adamları isə süd içən insanların xroniki bronxitlə tez-tez qarşılaşmadıqlarını ifadə ediblər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]