GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ +YENİLƏNDİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ +YENİLƏNDİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ


#qayda  Daha 5 şadlıq sarayı qaydaları pozduğu üçün cərimələndi

 

Balakəndə polis əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində 5 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Sultan Palace” şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib.


Aşkarlanan qayda pozuntuları ilə bağlı obyekti işlədən Yaşar Xəlilov inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.


Keçirilən yoxlamalar zamanı rayon ərazisində yerləşən “Xəzər”, “Karvan”, “Anar” və “Grand Palace” şadlıq saraylarında da analoji qayda pozuntularına rast gəlinib. Həmin obyektlərin icarədarları və sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb, barələrində cərimə protokolları tərtib edilib.

 

==================================================================

 

#patı  Hacıqabulda “patı” satan şəxs saxlanıldı

 

Hacıqabul rayonunda "patı" satan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

 

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

===================================================================

 

#nişan  16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

 

Bu gün Astara rayonunun Rudəkənar kənd sakini, 2005-ci il təvəllüdlü Sumayyə Məmmədovanın özündən 14 yaş böyük bir şəxslə nişan mərasiminin keçiriləcəyi məlumatı yayılıb.


Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova APA-ya bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər.

 

Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.

 

Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.

 

==================================================================


#polis  Saatlıda toy edənlər cərimələndi

 

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Çolpı kənd sakini Elvin Hüseynovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 74 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

 

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

 

===============================================================


#Lənkəran Karantin qaydalarını pozan şadlıq sarayları cərimələnib

 

Lənkəranda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb, 14 nəfər cərimələnib, iki nəfər barəsində cinayət işi başlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

 

Belə ki, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

Həmin faktlarla bağlı 2 nəfər barəsində cinayət işi başlanılıb.

13 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsindən ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib və həmin şəxs 4 min manat məbləğində cərimələnib.

 

===============================================================

#narkotik  Şirvanda patı satan 3 nəfər saxlanıldı

 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan üç nəfər şəxs saxlanılıb.

 


Araşdırmalarla onların şəhər sakinləri Nurlan Qədirli, Pərviz Qəmbərov və Gülnar Ağayeva olduqları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

 

==================================================================

#kanal Yeniyetmə kanalda batdı

 

Göyçay rayonunun Ləkçıplaq kəndində Yuxarı Şirvan kanalında batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.

 

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

 

Məlumata görə, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

==================================================================


#qəza Hacıqabulda avtomobil qadını vurub öldürdü

 

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keşən hissədə qeydə alınıb.

 

"VAZ 2107" markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1963-cü il təvəllüdlü İsifova Sevda Ramazan qızını vurub. Ağır xəsarətlər alan piyada Şirvan xəstəxanasına çatdırılıb və aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

 

=================================================================

 

 #boğulma 15 yaşlı oğlan əmisi oğlunu xilas etmək istərkən özü boğuldu

 

Biləsuvarda 15 yaşlı yeniyetmə çayda boğulub.

 

Bədbəxt hadisə Biləsuvar şəhəri ərazisində, Bolqarçayda qeydə alınıb.

 

Şəhər sakini, 2006-cı il təvəllüdlü Fərid Seymur oğlu Məmmədov çayda çimərkən ondan yaşda kiçik olan əmisioğlunu boğulmaqdan xilas etsə də, özü boğulub.

 

Faktla bağlı araşdırma aparılır.

 

================================================================


#yağ  Yola yağ dağılması nəticəsində 6 avtomobil toqquşdu

 

Bakı-Qazax magistral yolunda avtoqəza baş verib.

 

Hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ilə Ələt qəsəbəsinin sərhədində qeydə alınıb.

 

Magistral yola yağ dağılması nəticəsində 6 avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan 3 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

 

=================================================================

 

 #toy 16 yaşlı qızı ərə verməyə hazırlaşırlar-Hüquq müdafiəçisindən ETİRAZ

 

Azərbaycanda daha bir azyaşlı qızın ərə verilməsinə hazırlıq görülür.

 

Bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə ictimailəşdirib.

 

Onun sözlərinə görə, bu gün Astara rayonu Rüdəkənar kəndində 16 yaşı hələ tamam olmayan Sumayə adlı qızın 30 yaşlı Lənkəran sakini İsmayılla nişan mərasiminin keçirilməsi barədə xəbər alıb.
K.Ağazadə sabah qız toyunun olacağını da qeyd edib.


“Qurban bayramında qoyun kəsərlər... Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər...”,- deyə Azərbaycan Uşaqlar Birliyinin sədri hadisəyə etiraz edib.

 

“Astara rayonu Rüdəkənar kəndinin sakini 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayəni Lənkəranda "pojarnik" işləyən 30 yaşlı İsmayıla nişanlayırlar!

 

Az sonra müsahibə verib deyəcəklər ki, vallah ad eləyirik, toyunu yaşı tamam olanda edəcəyik!”,- deyən hüquq müdafiəçisi etirazını bu formada ifadə edib.

 

K.Ağazadə nişan üçün hazırlanan tortun şəklini də sosial şəbəkədə paylaşıb. Və qeyd edib ki, azyaşlı qız kəndin icra nümayəndəsi ilə uzaq qohumdur. Bununla da o, icra nümayəndəsinin hadisəyə susqunluğunu qınayıb.


K.Ağazadə aidiyyəti qurumları məsələni diqqətə almağa çağırıb.

 

================================================================

 

#dəniz  Daha bir nəfər dənizdə batdı

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə, qeyri-çimərlik ərazidə bir nəfərin batması barədə məlumat verilib.

FHN-in mətbuat xidmətindən  bildiriblər ki, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

================================================================


#taksi Nazirlik önündə taksi piyadanı vurdu

 

Bakıda taksi sürücüsü yolu keçən piyadanı vurub.

 

Hadisə Daxili İşlər Nazirliyinin (DİN) binasının qarşısında baş verib.

 

Belə ki, piyada yolu keçmək istəyərkən taksi sürücüsü onu vurub.


Qeyd edək ki, qəza baş verən ərazidə piyada keçidi olsa da, piyada ondan istifadə etməyərək yolun üzəri ilə keçib.

 

 

=================================================================

 

#Ağdam  Ağdama getmək istəyən 3 nəfər saxlanıldı

 

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə almadan nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, iyulun 20-si saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində üç nəfər Ağcabədi rayon sakini işğaldan azad edilmiş və minalardan təmizlənməmiş Çıraqlı kəndi ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Polis şöbəsinə gətirilən həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb. Mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə həmin şəxslərə xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib.

 

================================================================


#həbs  Üç şadlıq evinin rəhbəri HƏBS EDİLDİ

Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları aidiyyəti qurumların əməkdaşları ilə birlikdə keçirdikləri müvafiq tədbirlər nəticəsində bəzi şadlıq saraylarında karantin rejimindən irli gələn qayda və tələblərin pozulması aşkar edilib. Belə ki, “Tural” və “Min Bir Gecə” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməyib. Həmin şadlıq saraylarının rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndəriliob. Məhkəmənin qərarı ilə həmin şəxslər 25 gün müddətə inzibati qaydada həbs edilib.


Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə “Gəncə Palas” şadlıq sarayının müvafiq portalda qeydiyyat aparmayaraq toy məclisi keçirməsi məlum olub. Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndəriliob. Məhkəmənin qərarı ilə həmin şəxslər 10 gün müddətə inzibati qaydada həbs edilib.

 

==================================================================


#cərimə Salyanda məclis təşkil edən qaydaları pozaraq cərimələndi

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 88 nəfərin iştirakı ilə məclis keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]