Şamaxı Astrofizika Rəsədxanasında şəhid və qazi övladları üçün Yay düşərgəsi keçirilib +FOTO=36

Şamaxı Astrofizika Rəsədxanasında şəhid və qazi övladları üçün “Yay düşərgəsi” keçirilib +FOTO=36

Şamaxı Astrofizika Rəsədxanasında şəhid və qazi övladları üçün “Yay düşərgəsi” keçirilib +FOTO=36

 

13-18 iyul tarixlərində Rəsədxana əməkdaşı Sərxan Bağırlının rəhbərlik etdiyi “ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi”nin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlığı çərçivəsində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "Yay Düşərgəsi" təşkil edilib. Düşərgədə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Füzuli, Yevlax, Beyləqan, Salyan, Neftçala və Sabirabaddan olan 40 nəfər şəhid və qazi övladı iştirak edib.

Təşəbbüsün məqsədi vətən əmanəti olan şəhid və qazi övladlarının yay tətilini səmərəli keçirməsi üçün onların əyləncəli və maarifləndirici mədəni istirahətinin təşkilidir.

Müxtəlif tədbirlər və ekskursiyalarla zəngin düşərgə çərçivəsində iştirakçılar ilk öncə peşəkar bələdçilərin müşaiyətilə Şamaxı Astrofizika Rəsədxanasının infrastrukturu ilə tanış olub. ŞAR-ın muzeyində olan şəhid və qazi övladlarına buradakı ekspanatlar haqqında ətraflı məlumat verilib. Müxtəlif meteorid nümunələri, 2 metrlik teleskopun ilkin idarəetmə qurğusu və digər eksponatlar iştirakçıların marağına səbəb olub.

Daha sonra ŞAR-ın konfrans zalında iştirakçılara elmi-popular seminar təşkil olunub. Tədbir çərçivəsində rəsədxana əməkdaşları Əminə Hümbətova “Günəş sistemi cisimləri”, Aynur Abdulkərimova isə “İnsan və kosmos” mövzusunda maraqlı məruzələrini iştirakçılara təqdim ediblər. Məruzələr azyaşlı qonaqlar tərəfindən maraqla qarşılanıb və onları maraqlandıran suallar cavablandırılıb.

Rəsədxana ekskursiyasında “ƏMANƏT”lərimiz ŞAR teleskopları ilə də tanış edilib. ŞAR-ın 2 metrlik, 60 və 70 santimetrlik teleskoplarında olan iştirakçılara bu qurğular haqqında ətraflı məlumat verilib, teleskopların iş prinsipi izah edilib. Nəzəri maarifləndirmədən əlavə olaraq düşərgə iştirakçıları ŞAR-ın 70 santimetrlik teleskopunda gecə müşahidəsində də iştirak ediblər.

6 günlük yay düşərgəsi çərçivəsində Şamaxının Dəmirçi kəndinə və Qəbələ rayonu Nohurgölə maraqlı ekskurisalar da təşkil edilib. Dəmirçi kəndində Arxeologiya muzeyində tarixi eksponatlarla tanış olan iştirakçılar, Qəbələdə təbiət qoynunda istirahət ediblər.

Düşərgə boyunca şəhid və qazi övladlarına Kamal Yaşarın iştirakı ilə qiraət saatları təşkil edilib. İnteraktiv formada təşkil edilən qiraət saatlarında həm mütaliə edilib, həm də iştirakçılara qaranlıq qalan məqamlar əlavə olaraq izahlı şərh edilib.

Şəhid və qazi övladları üçün təşkil edilmiş yay düşərgəsinin son günündə iştirakçılar sertifikatlarla təltif edilib.

Qeyd edək ki, ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi noyabr ayından fəaliyyət göstərir. Layihədə 120 nəfərlik müəllim, psixoloq, loqoped və digər sahə mütəxəssis heyəti ilə 200-dən çox şəhid və qazi övladlarına təmənnasız təhsil verilir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]