Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunan filmin təqdimatı olub -(AZpress.AZ, İ.Rüstəm, +FOTO=11)

Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunan filmin təqdimatı olub -(AZpress.AZ, İ.Rüstəm, +FOTO=11)

Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunan filmin təqdimatı olub  -(AZpress.AZ, İ.Rüstəm, +FOTO=11)

 

İyulun 12-də Beynəlxalq Muğam Mərkəzində “Portret 3293” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

 

Film general-mayor Polad Həşimovun xatirəsinə həsr olunub.

 

Layihənin rəhbəri və ideya müəllifi Nurana Babayeva deyib: “Ötən il xain düşmən tərəfindən Tovuz hadisələrinin törədilməsi və general-mayor Polad Həşimovun şəhid olması məni bir Azərbaycan gənci kimi çox sarsıtdı. 2020-ci ilin iyul ayından emalatxanamda generalın portretini işləməyə başladım. Polad Həşimovun portreti mənim bu janrdakı ilk işimdir. Eyni zamanda, ideyamı genişləndirərək “Portret 3293” sənədli filminin ərsəyə gəlməsinə nail olduq. 3293 rəqəmi Polad Həşimovun düşməndən aldığı postun adı, hadisələrin cərəyan etdiyi yer və dəniz səviyyəsindən 3293 metr yüksəklikdə olmasını əks etdirir. Zabit və əsgər heyəti həmin postu həm də Polad postu adlandırırdı. Qeyd edim ki, heç bir sponsorluq və maliyyə dəstəyini qəbul etmədən bu işi həyata keçirdim. Polad Həşimovun ailə üzvlərinin tövsiyələrini nəzərə alaraq layihəmi tamamladım. Filmin və portretin təqdimatı üçün etdiyim müraciətə Beynəlxalq Muğam Mərkəzi müsbət cavab verdi və layihəmin təşkilati məsələlərində mənə dəstək oldu. Bu vətənpərvərlik layihəsinin yüksək səviyyədə təqdimatına razılıq və dəstək verdiyi üçün Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

 

Çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib: “O insana yaxşı övlad, həyat yoldaşı deyirlər ki, valideynlərinə, ailəsinə qayğı ilə yanaşır. Ancaq elə sevgi var ki, heç düşünmədən sevdiklərimizi arxamızda qoyaraq yolunda canımızı fəda edirik. Bu uca sevginin adı ana Vətəndir. Polad Həşimov belə oğlanlardan idi. O, bütün sevdiklərindən öncə Vətəni seçib. O, tək Səmayə xanımın deyil, bütün analarımızın övladıdır. Mən bir general tanıyırdım ki, onun ən böyük arzusu ailəsi ilə deyil, Vətənlə bağlı idi. Onun Silahlı Qüvvələrin tərkibində çoxlu sayda əsgərləri var idi. Onlar Polad Həşimovdan çəkinmir, əksinə, ona hörmət edirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bununla həm generalımızın qisası alındı, həm də 30 ilə yaxın həsrətini çəkdiyimiz doğma Qarabağımıza qovuşduq”.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Səmayə xanım Polad Həşimovu itirsə də, yüzlərlə oğul qazanıb. Şəhidlik insanın həyatda çata biləcək ən uca məqamdır. Müharibə bitsə də, mübarizə davam edir. Bildirib ki, xarici ölkələrdə səfərdə olarkən üzərində bir damğa hiss edirdi. Ancaq Azərbaycanın Qələbəsi xalqın qamətini düzəldib. Azərbaycanın müharibədən yeni çıxdığını deyən C.Məmmədov vurğulayıb ki, illər keçəcək hamı bu günün əzəmətini görəcək. O, ötən il Tovuzda olarkən şəhid ailələri ilə görüşündən də danışıb, valideynlərdə nigaranlıq qəm-qüssə olmadığını diqqətə çatdırıb.

 

Sonra Polad Həşimovun anası Səmayə xanım çıxış edib. Poladın xarakterindən bəhs edən şəhidin anası bildirib: “Polad sözündən dönməyən mərhəmətli, iradəli, hərdən öz dünyasına qapılan bir uşaq idi. Foto çəkməyi sevərdi. Kənd uşaqlarının səkillərini çəkərdi. Çox cəsarətli idi, hər şeyi öyrənməyə çalışırdı. İdmanla məşğul olaraq, özü də bilmədən özünü bu həyata hazırlayırdı. Hərbi hissədə əsgərləri onu mənim komandirim deyə çağırardı”.

 

Sonra “Portret 3293” sənədli filmi nümayiş olunub.

 

Qeyd edək ki, Film “Chelebi Media Group” tərəfindən lentə alınıb. Çəkilişlər Azərbaycan Hərb Tarixi Muzeyi, ikinci Fəxri xiyaban, Sumqayıt şəhərində Polad Həşimovun evi və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.

 

 

Fotolar Rüstəm İsmayılovundur

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]