Asif Rüstəmli : GİZLİ "İSTİQLAL"ÇILARDAN ƏBDÜL RƏHMAN DAİ

Asif Rüstəmli : GİZLİ "İSTİQLAL"ÇILARDAN ƏBDÜL RƏHMAN DAİ

 GİZLİ "İSTİQLAL"ÇILARDAN ƏBDÜL RƏHMAN DAİ


Yaradıcılığa Rusiya imperiyası dövründə başlayan, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində nəşr olunan kitablarının sevincini, həyatının xoşbəxt anlarını yaşayan Əbdül Rəhman Dai sovet rejimi zamanında gizli siyasi fəaliyyətinə görə 1923-cü ildə həbs olunmuş, repressiyalara məruz qalmış, vətəndən uzaqlarda dünyasını dəyişmişdir. O, Cümhuriyyət dövrü İstiqlal poeziyasının istedadlı nümayəndələrindən biri, eyni zamanda dövrünün tanınmış folklor tədqiqatçısı və mətbuat xadimi idi.
Əbdül Rəhman Dai (Əbdülov Rəhman Əbdül Rəhman oğlu) 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində Əbdül Rəhman və Gülsüm xanım Əbdülovların ailəsində dünyaya göz açmışdır. Rəhman ailənin yeganə oğul övladı idi və anadan olanda atasının 58, anasının isə 40 yaşı vardı. XX əsrin əvvəllərində Əbdülovlar Bülbülə kəndindən Bakıya köçmüş, Bondarnaya (indiki Şəmsi Bədəlbəyli) küçəsi, 92 sayli ünvanda yaşamışlar. Əbdülov Rəhman Əbdül Rəhman oğlu 1905-ci ildə Bakıda Ali-ibtidai məktəbin 1-ci sinfinə daxil olmuş, 1908-ci ildə yüksək qiymətlərlə bu ibtidai təhsil ocağını bitirmişdir. Bir müddət qoca atasına təsərrüfat işlərində kömək edən gənc Rəhman mətbəə sahəsində çalışmağa böyük həvəs göstərirdi. O 1914-cü ildə zəmanəsinin ziyalısı və xeyirxahı kimi tanınan Qasım bəy Qasımbəyovun redaktorluğu ilə nəşrə başlayan “Bəsirət” qəzeti ilə əməkdaşlıq edir, “Məktəb” elektrik mətbəəsində mürəttib peşəsinə yiyələnirdi. İlk yazı nümunələri “Bəsirət”, “Açıq söz” qəzetlərində işıq üzü görən Əbdül Rəhman Dainin uşaqların rəvan qiraəti üçün yazdığı “Rəhmli səyyah” (1915) adlı ilk nəsr kitabı 1917-ci ildə “Məktəb” elektrik mətbəəsində nəşr edilmişdir. Memuar səpkisində yazılmış ilk kitabı sadə və aydın üslubda qələmə alındığı üçün müəllifinə böyük uğur qazandırmışdır. Dainin “Fəhlənin nitqi” adlı nəzmlə yazdığı ikinci kitabı da 1917-ci ildə “Bakı” mətbəəsində çap olunmuşdur. Məsnəvi janrında qələmə alınan əsərin məzmunu fəhlənin dilindən “xozeyinə”, sahibkara ünvanlanan tələb və ittihamlardan ibarətdir. Kitabçada Rusiya imperiyasında 1917-ci ildə baş verən fevral və oktyabr inqilabının adı çəkilməsə də “şimal küləyi”nin gətirdiyi ab-hava əsərin ümumi ruhunda duyulmaqdadır.
Əbdül Rəhman Dai Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını böyük sevgi və sevinclə qarşıladı. İstiqlal duyğuları, azadlıq arzuları onun bədii yaradıcılığında da təcəssümünü tapırdı. Bu dövrdə onun üç kitabı işıq üzü gördü. Mürəttiblik fəaliyyətini Ağabala Quliyevin “Şura” mətbəəsində davam etdirən Dai 1918-ci ildə uşaqlar üçün yazdığı “Qurunun oduna yaş da yanar” adlı üçüncü kitabçasını oxucuların ixtiyarına verdi. Nəbi adlı uşağın nadincliyindən və ədəbsizliyindən bəhs edən bu əsər dilinin saflığı, poetikliyi və bədii mənzərənin inandırıcılığı ilə diqqəti cəlb edir.
Ə.R.Dai 1919-cu ilin əvvəllərində Kərbəlayi Vəli Mikayılovun dəvətilə onun rəhbərlik etdiyi “Hökumət” mətbəəsində naşirlik fəaliyyətinə başlayır və özünün iki kitabını burada nəşr etdirir. “Qanqal” Əbdül Rəhmanın ilk satirik şeirlər toplusudur. “Ay Baba!” müraciətilə başlayan satiralar çox güman ki, fədakar mətbuat xadimi Əlabbas Müznibin redaktorluğu ilə nəşr edilən “Babayi-Əmir” (1915-1916) gülgü dərgisinə ünvanlanmışdır. Dainin tənqidi poeziyasının formalaşmasında “Molla Nəsrəddin” ədəbi məktəbinin güclü təsiri özünü büruzə verməkdədir.
Əbdül Rəhman Dainin ədəbi fəaliyyətində tərtibçilik və naşirlik işi xüsusi əhəmiyyət kəsb edir. Onun toplayıb hazırladığı və çap etdirdiyi çoxcildli “Əsgəri nəğmələr”in birinci hissəsi 1919-cu ildə “Hökumət mətbəəsi”ndə çıxmış və bu gün də aktuallığını və bədii təravətini qoruyub saxlamaqdadır. Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olunduğu üçün kitabın ikinci hissəsi nəşr edilməmişdir.
27 aprel çevrilişindən sonra Ə.R.Dai bir müddət naşirlik fəaliyyətini dayandırmış, işsiz qalmışdır. Yalnız 1921-ci ilin baharında o, Əli Həsən Babayev və Əbdül Vahab Məmmədzadənin dəvətilə gizli fəaliyyətə başlayan “İstiqlal” qəzetinin nəşrinə cəlb olunmuşdur. Dai 1921-1923-cü illərdə 19 sayı məxfi şəraitdə çaplanan qəzetin əksər mətnlərinin mürəttibi, xüsusilə Azərbaycanın işğal günü - 27 aprel münasibətilə milli ruhda yazılan, sovet istilasını yamanlayan bəyannamələrin yığıcısı idi.
Əbdül Rəhman Dai 1923-cü ilin fevral ayında fəaliyyətə başlayan “Gənc işçi” qəzetinin məsul katibi vəzifəsinə irəli çəkilmiş, avqust ayında Süleyman Sani Axundov, Hüseyn Cavid, Seyid Hüseyn, Məmməd Əli Sidqi, Hənəfi Zeynallı, Məmməd Səid Ordubadi, Nemət Bəsir, Salman Mümtaz və b. iştirakilə yaradılan “Türk ədib, şair və ədəbiyyat həvəskarları” cəmiyyətinin katibi seçilmişdir. Onun xalq ədəbiyyatına dair tədqiqat xarakterli məqalələri, xüsusilə “El şairi Aşıq Cavad”, “El şairəsi Ağa Sənəm”, “El şairi Xələf”, “El şairi Dəli Mehdi”, “Bakı tarixində el şairləri”, eləcə də çoxsaylı şeirləri o dövrün “Kommunist”, “Gənc işçi”, “Yeni yol” qəzetlərdə, “Maarif və mədəniyyət” jurnalında dərc olunmuşdur. Onun “İki məktəbli” adlı mənzum pyesi M.Əzizbəyov adına kitabxanada həvəskarlar tərəfindən oynanılmışdır. Əbdül Rəhmanın “Kommunist” qəzetinin 12 oktyabr 1923-cü il tarixli ədəbiyyat səhifəsində çap etdirdiyi bir bayatısı diqqəti cəlb edir.
Şəftəliyəm kalam mən,
Dilim yoxdur, lalam mən,
Çərxi-fələk qoymadı
Arzu-kamım alam mən.
Çox keçmir ki, “çərxi fələk”, bolşevik rejimi gənc ədibi “arzu-kam” almağa, milli ədəbiyyata xidmət etməyə imkan vermir. Azərbaycan Fövqəladə Komisiyasının (Az.FK) hərbçiləri 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə vətənpərvər, hürriyyətçi, istiqlal fədailərnin böyük və fəal bir qrupunu həbs etdi. Qəfil həbslər zamanı sol müsavatçıların gizli nəşr etdiyi “İstiqlal” qəzetinin və bəzi məxfi kitabçaların çap olunduğu mətbəə aşkar edilmişdi. Kütləvi həbslər zamanı saxlanılan azadlıq mübarizlərindən Əbdül Vahab Məmmədzadə, Cəfər Cabbarlı, Rəhim bəy Vəkilov, Kərbəlayi Vəli Mikayılov, Novruz Ağayev, Qurban Musazadə, Ağa Səlim Rəhimov, Əli Abbas Əliyev, Əli Həsən Babayev, Nəsrulla İsrafilov, Məşədi İslamov, Salman Rəhimov, Hacı Baba Cəbiyev, Ağa Kərim Əliyev və b. dövrünün tanınmış ziyalıları, mətbuat nümayəndələri və vətənpərvər qüvvələr idi.
Əbdül Rəhman adları çəkilən məsləkdaşları ilə müqayisədə xeyli gec – 1923-cü ilin dekabrın 11-də ordersiz həbs olunub. Dainin ilk müstəntiqi məxfi və xüsusi şöbənin müdiri, sonralar Azərbaycan Ali Məhkəməsinin (1934-1937) və Nazirlər Sovetinin sədri (1937-1954) işləmiş Teymur Quliyev idi. İstintaq zamanı müttəhim təsdiqləyir ki, mətbəə müdiri Əli Həsən Babayevin dəvəti ilə Qurban Musazadənin (yazıçı Qılman İlkinin qardaşı – A.R.) evində “Müsavat” təşkilatının üzvü olmuş, gizli “İstiqlal” qəzetinin antisovet intibahnamələrinin çapında fəal iştirak etmişdir.
Rəhman Əbdül Rəhman oğlu Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ) Kollegiyası yanında Xüsusi Müşavirənin 25 aprel 1924-cü il tarixli qərarı ilə üç il müddətinə Ağ dənizdə yerləşən Solovetski həbs düşərgəsinə - “Buzlu cəhənnəm”ə sürgün edilir. Məhkumun anası ahıl yaşında yeganə oğlundan ayrı 3 il məşəqqətlər yaşayır. Lakin Əbdül Rəhmanın həbsindən üç il yarıma yaxın vaxt keçsə də onu azad etmək istəmirlər. Anası göz yaşları ilə yazılmış 29 may 1927-ci il tarixli məktubunu İ.V.Sitalinə göndərir. Dainin 83 yaşlı atası Əbdül Rəhman kişinin ağır yataq xəstəsi olduğu ərizədə vurğulansa da, daş qəlbli sovet məmurları şairə azadlıq vermək əvəzinə həbs müddətini əlavə üç il də uzadaraq onu Ural vilayətinin İşimski rayonunun Vikulov kəndinə göndərirlər.
Ural vilayətinin İşimski rayonunda əlavə üç illik sürgün müddətini başa vurduqdan sonra Əbdül Rəhman Dai Birləşmiş Dövlət Siyasi İdarəsinin Kollegiyası yanında Xüsusi Müşavirənin 1930-cu il 13 yanvar tarixli qərarı ilə Moskva, Leninqrad, Kiyev şəhərlərində və Zaqafqaziyada üç il yaşamaq hüququndan məhrum edilməklə DSİ-nin Aşqabad şöbəsinin sərəncamına göndərilməsi qərara alınmışdır.
Rəhman Əbdülov 1930-cu ildə Aşqabad şəhərinə inzibati sürgünə göndərilmişdir.
Azərbaycanın milli istiqlal ədəbiyyatına sanballı töhfələr vermiş Əbdül Rəhman Dai sovet rejimi tərəfindən vətənindən, ailəsindən didərgin, dərbədər salınmış, həyatı məhv edilmişdir. Ömrünün son 13 ilini ölüm düşərgələrində, “Buzlu cəhənnəm”lərdə keçirən Əbdülov Rəhman Əbdül Rəhman oğlu (Dai) 39 yaşında, 1937-ci ildə qanlı sovet repressiyasının qurbanı olmuşdur.
Yaradıcılığı. Əbdül Rəhman Dainin ədəbi-bədii irsi ədəbiyyatşünaslar, araş¬dırıcılar tərəfindən uzun illər tədqiq edilməmiş, əsərləri zamanın, mühitin dumanlığında görünməz olmuşdur. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra onun “Uşaq və Quş”, “Aslan və Qurd” şeirləri “Azərbaycan uşaq ədəbiyyatı antalogiyası”na (Bakı, “Öndər” nəşriyyatı, 2004, II cild) daxil olunsa da, bütövlükdə külliyyatı hazırlanıb müasir oxucuya çatdırılmamışdır.
Əbdül Rəhman Dai yaradıcılığa çox erkən başlamış, səkkiz il ərzində (1915-1923) dəyərli əsərlərinin bir qismini nəşr etdirməyə nail olmuşdur. Onun ilk qələm təcrübələri arasında lirik və satirik şeirlər üstünlük təşkil etsə də, 1915-ci ilin aprel ayında uşaqlar üçün yazdığı “Rəhmli Səyyah” didaktik hekayəsi gənc və istedadlı bir sənətkarın ədəbiyyata gəlişindən xəbər verirdi. Kitabın üz qabığında “Birinci əsər” yazılan bu nəsr nümunası çox aydın bir dil ilə qələmə alınmş və avtobioqrafik səciyyə daşıyır.
Hekayədə xeyirxahlıqla bədxahlıq, zəhmətsevərliliklə müftəxorluq, ziyalılıqla nadanlıq ziddiyyətli prosesdə verilmiş, dövrün qaranlıq mühitindən, sosial, mənəvi bürküsündən, dalanından yeganə xilas yolunu müəllif elmin və təhsilin inkişafında olduğunu nişan vermişdir.
“Fəhlənin nitqi” Əbdül Rəhman Dainin 1917-ci ildə nəşr olunan kiçikhəcmli, ikinci kitabıdır. İlk misralardan Rusiya inqilablarının ideoloji küləyi oxucunun çöhrəsinə çırpılır:
Görürəm halını yaman, xozein,
Səbəbin gəl eylə bəyan, xozein.
Gələcək günlərin üçün heç də sən,
Ağlayıb, eyləmə fəğan, xozeyin.
Əbdül Rəhmanın mənsub olduğu fəhlə sinfinin təəssübünü çəkməsi, mənafeyini müdafiə etməsi təbii və başadüşüləndir. Lakin fəhlənin sahibkarı ittiham etməsi, öz sinfini onlardan intiqam almağa çağırması məlum siyasi xətt tərəfdarlarının sifarişilə bu əsərin yazıldığı daha çox əminlik yaradır. Əsər satirik üslubda, məsnəvi şəklində yazılmış, zamanında ciddi əks-sədaya səbəb olmuşdur.
Ə.R.Dainin Cümhuriyyət dövrü yaradıcılığı daha məhsuldar olmuş, 23 ayda 3 kitabı işıq üzü görmüşdür. Onun uşaqlar üçün yazdığı digər nəzm parçası “Qurunun oduna yaş da yanar” (1918) adlanır. Şair bu kitabında da epik mənzərənin poetik imkanlarını məsnəvi biçimində təqdim etmiş, təhkiyə yolu ilə uşaqlar üçün oxunaqlı, didaktik əsər yarada bilmişdir. Müəllif əsərin süjetində vurğulayır ki, bir kənddə iki uşaq yaşayır – Nəbi və Səfər. Onlardan birinci çox nadinc, ədəbsiz, ziyankar, ikincisi isə çox tərbiyəli, ədəbli və zəhmətsevər idi. Bir gün Səfər yol ilə evə gedərkən Nəbi onu saxlayır və bağa gəzməyə dəvət edir. Nəbinin ciddi təkidindən sonra Səfər təkliflə razılaşır və ona qoşulub bağa gedir. Nəbi özgəsinin bağına girib əncir, üzüm dərməyə, ziyanlıq vurmağa və ucadan qışqırmağa başlayır. Bağban səsi eşidib hadisə yerinə gəlir və hər iki uşağı tutub yaxşıca kötəkləyir. Səfər təlaş içərisində evə - anasının yanına gəlir, meyvələrə toxunmadığı halda bağbanın onu günahsız yerə kötəkləməsini xəbər verir. Ana isə Səfərə öyüd verərək deyir:
Getməsəydin Nəbilə bağa əgər,
Vurmaz idi səni bağban bu qədər.
Bir məsəl var ki, deyibdir atalar:
“Qurunun atəşinə yaş da yanar!”
Özünə qarşı ədalətsizliklə, təhqirlə üzləşən Səfər macəranı anasına danışmaqla əslində valideyini tərəfindən müdafiə olunmaq, təsəlli almaq niyyəti güdür. Lakin ana hadisəyə bəsirət gözü ilə baxmağa üstünlük verir, Səfərin günahını Nəbiyə qoşulmasında görür. Ana öz doğma övladına anladır ki, oğruya yoldaş olmaq oğurluğa şərik çıxmağa bərabərdir.
Şairin Cümhuriyyət dövründə işıq üzü görən növbəti kitabı “Qanqal” (1919) satirik şeirlər toplusudur. “Molla Nəsrəddin” ədəbi məktəbinin satirik ənənələrinə sadiq qalan Dainin şeirlərində ictimai-siyasi, təlim-tərbiyə və ailə-məişət mövzuları mühüm yer tutur.
Onun siyasi motivdə yazdığı “Nikolay dayının usta Məmmədəli ilə molla Əbdül Həmidə yazdığı məktubu” adlı üçhissəli satirası ölkədə nüfuzunu və hakimiyyətini itirmiş üç rejim rəhbərlərinin sonrakı acı taleyindən bəhs olunan dövrün aktual felyeton incilərindən idi. Misralarında qəzəb, kin-küdurət kükrəyən satiranın ilk beytlərində deyilirdi:
Bilsəydim əgər ki, məni taxtdan salacaqlar,
Vallahi bütün aləmi viran eləyərdim.
Güllə ilə, xəncərlə hamu məxluqu birdən,
Tez öldürərək qanına qəltan eləyərdim.
Qars əhli kimi sağ qalanı çöllərə, sonra,
Avarə salıb, ac-susuz, üryan eləyərdim.
Hamu- şəhəri, kəndi iri bombalar ilə,
Yeksər dağıdıb, yer ilə yeksan eləyərdim.
Satiranın sərlövhəsində adları çəkilən tiranların hər biri fərqli dövlətin, rejimin sabiq rəhbəri olsalar da, xalqa münasibətdə eyni düşüncəni sərgiləyirlər. Qurmaq, yaratmaq, yaşatmaq əvəzinə “bütün aləmi viran”, şəhər və kəndləri “yer ilə yeksan”, insanları “qanına qəltan”, sağ qalan əhalini çöllərə “avarə salıb, ac-susuz, üryan elə”məyi Ə.R.Dai bu ağaların iş metodu, mənsub olduğu cəmiyyətə baxış tərzi kimi təqdim etmişdir. Onlar bir həqiqəti unutmuşlar ki, xalqı yaşatmayanı xalq yaşatmaz!
“Qanqal” toplusunda yer alan “Bir kişinin fəryadı”, “Cavanlara nəsihət”, “Ramazan sinəzəni”, “Yenə gəlir”, “Nəsihət”, “Ər-arvad”, “Öyüd”, “Qitə”, “Topbuz”, “Ordan-burdan” və b. satiralarında Ə.R.Dai “Molla Nəsrəddin” ideyalarına sadiq qaldığını, Sabir ənənələrinin layiqli davamçısı olduğunu təsdiqləmişdir.
Xalq Cümhuriyyəti dövründə Əbdül Rəhman Dainin istiqlal məfkurəsinə, milli dövlətçiliyə ən böyük xidmətlərindən biri onun “Əsgəri nəğmələr” adı ilə toplayıb 1919-cu ildə nəşr etdirdiyi ordu marşlarıdır. Bu kitabda toplanmış nəğmələrdə vətənə, xalqa sədaqət andı səsləndirilmiş, Azərbaycanın görkəmli sərkərdələri, hərbi xadimlərindən general Səməd bəy Mehmandarov, Həbib bəy Səlimov sevgi və sayğı ilə tərənnüm olunmuşdur. Əsgəri nəğmələrdən birində “Səməd paşa sərdarımız, qan axıdar xəncərimiz” misrasında komandanlıqla sıravi heyətin birliyindən yaranan gücə, qüdrətə inam ifadə olunursa, həmin şeirin digər beytində:
Düşmənləri qəhr edəriz,
Yurdlarını məhv edəriz,
Aslan kimi cəng edəriz,
Biz bir tabor aslanlarız!
- deyən gənc döyüşçülərin özünə inamı, düşmənlərə nifrəti qabarıq ifadə olunmuşdur.
Topluda vətənpərvərlik hissləri, millətsevərlik duyğuları böyük yanğı və coşğu ilə verilmişdir. “Marş”lardan birində yer almış “Canım fəda olsun Azərbaycana” misrasının ideya-emosional yükünü “Əsgəri nəğmələr”in aparıcı leytmotivi adlandırsaq zənnimcə səhv etmərik.
Əbdül Rəhman Cümhuriyyət dövrü mətbuat orqanlarında çap etdirdiyi lirik şeirlərində də yurdsevərlik, dövlətçilik duyğusu aşılayan mövzulara üstünlük vermişdir. Məlumdur ki, 1920-ci ilin Novruz bayramı gecəsi Xankəndində və Əsgəranda erməni bandaları Azərbaycan ordusunun qışlalarına xaincəsinə soxularaq çoxsaylı zabit və əsgərlərimizi qətlə yetirmişdilər. Səməd bəy Mehmandarovun komandanlığı altında az bir müddətdə üsyan yatırılmış, Qarabağ erməni bandalarından azad edilmişdir. Həmin dövrda Ə.R.Dainin döyüş meydanına yola düşən “Əsgərlərimizə” yazdığı şeir diqqətəlayiqdir:
Ey vətənin dilavər əsgərləri!
Ey vətənin aslanlanı, nərləri!
Şanlı, şücaətli, igid ərləri!
Tanrı sizə kömək olsun, yar olsun!
...Ey ucaya qaldıranlar bayrağı!
Hifz eyləyin bu müqəddəs torpağı!
Gedin, qovun, xainləri, alçağı!
Düşmənlərmiz vətəndən kənar olsun.
Ə.R.Dainin “Azərbaycan” qəzetində çap etdirdiyi “Əsgəranın alınması münasibətilə” (7 aprel 1920-ci il), “Qaçqınlar” (5 aprel 1920-ci il), “Çalışmaq” (20 aprel 1920-ci il), “Bir yaralı əsgərin dilindən” (21 aprel 1920-ci il) və b. şeirlərində dövrün, zamanın ən aktual problemlərinə şair, ziyalı münasibəti bildirilmiş, vətənə və dövlətçiliyə sevgi, sədaqət hissi aşılanmışdır.
Cümhuriyyətin süqutundan sonra Əbdül Rəhman Dai bir müddət işsiz qalır. Gizli “İstiqlal” qəzetindəki fəaliyyəti isə qoca ata-anasını dolandırmaq üçün yetərli deyildi. Onun “Kommunist”, “Gənc işçi”, “Maarif və mədəniyyət” və b. mətbuat orqanlarında çap etdirdiyi şeirləri, xalq yaradıcılığına dair məqalələri Dainin istedadlı və vətənpərvər bir aydın, yorulmaz qələm sahibi olduğunu təsdiqləyir. Dai bəzi lirik duyğularında narahatlığını dilə gətirir, sabahını görür, bədbinliyə qapılır. Keçirdiyi hissləri həmyaşıdları ilə bölüşməkdən çəkinmir. Onun “Maarif və mədəniyyət” jurnalında nəşr etdirdiyi “Bulunmaz” sərlövhəli lirik şeirində sovet rejiminin amansızlığı, qəddarlığı üstüörtülü şəkildə olsa da vurğulanır, yaxınlaşan təhlükəöncəsi yaşanan çarəsizlik hissi büruzə verilir.
Məgər mənim dərdim birmi, ikimi?
Öylə dərddir onun yoxdur həkimi.
Sağaltmağa bilməm çağırım kimi,
Dərman bulunsa da loğman bulunmaz!
Dai azadlıq və müstəqillik dərdinin dərmanını xalqda görürdü, arayırdı, millətin öz yarasına məlhəm tapacağına inanırdı. Lakin, bu dərdin loğmanları, siyasi liderləri rejim tərəfindən ya qətlə yetirilmiş, ya da vətəndən didərgin salınmışdır. Xalqın yeni bir lider yetirməsi prosesi uzun çəkə bilər, onu gözləməyə lirik qəhrəmanın nə səbri, nə də ömrü yetişməz. Şair dərddən, istiladan xilas olmağın yeganə yolunu kiminsə, hansı loğmanınsa vətənə çağrılmasında görür.
Əbdül Rəhman Dainin həbsdən əvvəl “Maarif və mədəniyyət” jurnalında çap etdirdiyi digər bir əsəri - “Qürbət ellərdə” adlı şeiri elə bil müəllifin düçar olacağı məşəqqətlərin öncədən qələmə alınmış bədii anonsudur:
Çıxmaqdadır ərşə ahım, fəğanım,
Qəribəm, kimsəyə yoxdur gümanım.
Yurdsuzam, nə evim var, nə məkanım,
Məcnun kimi çöllərdə qalmışam mən.
Qürbətdə yaşamaq sanki zindandır,
Pəjmürdə halıma səbəb hicrandır.
Könlüm el tənəsindən dolu qandır,
Ah, nə edim, dillərdə qalmışam mən!
Əbdül Rəhman on üç il qürbətdə, sovet rejiminin ölüm düşərgələrində, qapalı, soyuq zindanlarında ah-fəğan içərisində yaşadıqdan sonra 1937-ci ildə, 39 yaşında qırmızı terrorun qurbanı olmuşdur. Milli istiqlal poeziyamızın görkəmli nümayəndəsi, Cümhuriyyət şairi Ə.R.Dai özündən sonra zəngin ədəbi-bədii irs qoyub getmişdir. Onun mübarizələrlə dolu həyat və yaradıcılıq yolu milli istiqlal məfkurəsinə verdiyi sanballı töhfələri ilə qürur duyan çağdaş gəncliyimiz üçün örnəkdir.


Asif Rüstəmli


Şəkildə: 1. Ə.R.Dai "Rəhmli səyyah". Bakı, 1917
2. Ə.R.Dainin məhbəs anketi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]