Səbinə Xasayeva: Qətiyyətli, prinsipial və məqsədyönlü siyasətin uğurlu nəticəsi

Səbinə Xasayeva: Qətiyyətli, prinsipial və məqsədyönlü siyasətin uğurlu nəticəsi

Bütün müharibələr torpaqla bağlıdır. Ermənistanın Azərbaycandan ərazi iddiası da elan edilmədən başlayan müharibəyə səbəb oldu. Bu ölkə Azərbaycanın 20 faiz ərazisini işğal etdi. Nə BMT Təhlükəsizlik Şurasının müvafiq qərarları, nə də ATƏT-in Minsk qrupuna daxill olan dövlətlərin siyasi təsirləri, nüfuzu Ermənistanı işğalçılıq mövqeyindən çəkindirə bilmədi. Ermənistan bütün vasitələrlə sülh danışıqlarından yayınmağa, mövcud status-kvonu saxlamağa cəhd göstərdi, hətta Azərbaycandan əlavə torpaqlar işğal etmək istədi. Bu məqsədlə irimiqyaslı təxribatlar törətdi.


2020-ci ilin sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur...”


Ordu hissələrimiz düşmənin genişmiqyaslı hücumunun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı, bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi.


Azərbaycan Ordusu düşmənin quraşdırdığı, illərlə genişləndirdiyi, möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın etdi, döyüşə-döyüşə kəndlərimizi, şəhərlərimizi işğaldan azad etdi. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi gün Zəfər günü kimi tarixləşdi.


İşğaldan azad edilmiş ərazilərdə kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulacaq. Ancaq bu ərazilər minalardan və partlamamış sursatlardan tamamilə təmizlənməlidir. Yəni yaşayış üçün şərait yaradılmalıdır.


İşğaldan azad olunmuş ərazilərdə minalardan və partlamamış sursatlardan təmizləmə işlərini Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri yerinə yetirirlər. Olduqca əhəmiyyətli, məsuliyyətli bu iş, müəyyən mənada, Vətən müharibəsində qazanılmış Zəfərin davamıdır. Döyüşçülərimizin missiyasını Zəfərdən sonra minatəmizləyənlər, bu sahə üzrə ixtisaslaşmış qurumlar davam etdirirlər.


Prezident İlham Əliyev aprelin 20-də Hacıqabul rayonunda səfərdə olanda jurnalistin ona verdiyi suallardan birinə cavabında dedi: “İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək. Yeni avadanlıq alınır, Minatəmizləmə agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı sərəncam verilib. Çalışacağıq bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə nazirliyi təmizləyib”.


Göründüyü kimi, düşmən minalanmış ərazilərin təmizləməsi üçün müvafiq xəritəni vermək istəmirdi. Niyə? Məğlubiyyət onun təkcə hərbi potensialını, döyüş imkanlarını deyil, həm də siyasi nüfuzunu da zəiflətdi. Ermənilər Azərbaycana bu və ya digər səviyyədə təsiretmə imkanı kimi minalanmış ərazilərin xəritəsini verməkdən imtina edirdilər.


Ötən ay Kəlbəcərdə baş verən hadisə - 3 nəfərin (ikisi jurnalist) həlak olması Ermənistanın niyyətinin nədən ibarət olduğunu aydınlaşdırır. Azərbaycanın Baş Prokurorluğu BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərini minalamaqla humanitar normaları və prinsipləri pozmaqda günahlandırdı.


44 günlük Vətən müharibəsində düşməni darmadağın edən Azərbaycan Ordusunun qazandığı Zəfəri müvafiq təşkilatların, güc strukturlarının əməkdaşları davam etdirməkdədir. Onlar “gizlədilmiş ölümlərlə” böyük vətəndaşlıq məsuliyyəti ilə mübarizə aparırlar...


Vətən müharibəsində düşmənin onlarca hərbi qulluqçusu, döyüşlərdə iştirak edən mülki vətəndaşı müxtəlif vəziyyətlərdə əsir alınmışdı. İyunun 12-də 15 nəfər erməni əsiri işğaldan azad edilmiş Ağdam rayonunun ərazisində minalanmış sahələrin xəritəsi ilə dəyişdirildi.


Bu sahəyə yaxşı bələd olan hərbi ekspertlərə görə, Ermənistan kimi işğalçı bir dövlət məğlubiyyətdən sonra da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, kapitulyasiya aktını imzaladıqdan sonra da açıq düşmənçiliyini davam etdirmək istəyir. Hərbi gücü, iqtisadiyyatı darmadağın olmuş, xarici siyasəti nüfuzdan düşmüş Ermənistan indi nəyə, yaxud kimə ümidlidir?


“Qılınc və qalxan” romanında belə bir məqam var; almanların arasında SSRİ üçün işləyən İohan Vays (əslində, Aleksandr Belov) almanları çaşdırmaq üçün rus tankçısının planşetinə real olmayan minalı sahələrin xəritəsini yerləşdirir. Bu, sonrakı əməliyyatlarda, Sovet ordusu hissələrinin mühasirə şəraitindən çıxmasında olduqca mühüm əhəmiyyət kəsdb edir. Ermənilərin belə bir taktikadan istifadə edəcəyini güman etmək olarmı? Onlara necə inanasan? Ekspertlərin dediyi kimi, “təmiz” sahələri minalı, minalı sahələrin “təmiz” göstərilməsi yüzlərlə insanın ölümünə səbəb ola bilər. Amma o  da məlumdur ki, 97 min minanın zərərsizləşdirilməsi böyük proses olsa da, Vətən müharibəsini Zəfərlə tamamlayan Azərbaycan bu problemi də böyük dəqiqliklə, böyük məharətlə yerinə yetirəcəkdir. Nəzərə almaq lazımdır ki, həm də mütəxəssislərin dediyi kimi, “böyük hərbi əməliyyatlar getdiyi vaxtda hər şeyi xəritəyə daxil etmək mümkün olmur”. Bu amilə də nəzər yetirmək olduqca vacibdir.


Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə mina partlayışında 24 nəfər həlak olub, 85 nəfər ağır dərəcəli bədən xəsarəti alıb. Bunu dünya dövlətləri də bilir, müvafiq beynəlxalq qurumlar da.


Təbii ki, müharibə bəzən atəşin, döyüşlərin kəsilməsi ilə başa çatmır. Bu, işğalçı dövlətin işğala meyilliliyindən, əsası olmayan gümanlara ümidlənməsindən və s. asılıdır. Ermənistan məğlubiyyət acısını belə xülyaların xumarlığında yaşamaqdadır...


ANAMA-nın mütəxəssisləri işğaldan azad edilmiş ərazilərin minalardan tamamilə təmizlənməsinə illər lazım gələcəyini bildirirlər. Əhali kəndlərə, ev-eşiyinə qayıdacaq. Ancaq mal-qaranın örüş yerləri də, otlaqlar da, əkin yerləri də, meşə və dağ əraziləri də minalardan təmizlənməlidir. Bunu aydınlığı ilə dərk edən əhali bu istiqamətdə də dövlətin yaxın köməkçisi olduğunu təsdiqləyəcək. Vətən müahribəsində olduğu kimi...
 

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]