Adil Əliyev: "Şuşa Bəyannaməsi həm də regionun inkişafına xidmət edir"

Adil Əliyev: "Şuşa Bəyannaməsi həm də regionun inkişafına xidmət edir"

Şuşa Bəyannaməsinin imzalanması region üçün çox böyük geosiyasi hadisədir. Belə ki, 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış Bəyannamə Azərbaycan və Türkiyə arasında olan tarixi qardaşlığın, dostluğun və birliyin əyani təcəssümüdür. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək ölkələrimiz arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bəyannamə Ümummili Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsindən irəli gələrək xalqlarımızın birliyini, ortaq milli-mənəvi dəyərlərini əks etdirir.


Eyni zamanda, Bəyannamənin imzalanması ilə eyni vaxtda qardaş Türkiyə Respublikasının Şuşa şəhərində konsulluq yaratmaq qərarı Qarabağımız üçün yeni inkişaf perspektivləri vəd edir. Geniş anlamda bu inkişaf həm xalqımız, eləcə Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları üçün firavan gələcək vəd edir.


Bu gün hər kəs anlayır ki, Vətən müharibəsində Rəşadətli Ordumuzun Ermənistana vurduğu sarsıdıcı zərbə nəticəsində Ermənistanın bir dövlət olaraq tənəzzülü sürətlənmişdir. Müharibədə Şanlı Ordumuz tərəfindən qənimət olaraq ələ keçirilmiş, habelə məhv edilmiş Ermənistan ordusuna məxsus olan silahlar, texnikalar Ermənistanın ordusuyla yanaşı, iqtisadiyyatını da məhv etdi. Həmçinin, erməni xalqı bu gün Ermənistanda baş verənlərdən bezib və özləri də başa düşür ki, revanşist hislərə qapılmaq böyük itkilərlə nəticələnə bilər. Bunun  isə, öz növbəsində bir neçə əsas səbəbi var:


Birincisi, Ermənistanda baş verən iqtisadi böhran xalqın məişət şəraitini həddindən artıq ağırlaşdırmış və ölkədə baş verən səfalət, gündən-günə artan xarici borc və yoxsulluq nəticəsində insanların güzəranı həddindən artıq pisləşmiş və kasıblıq artmışdır.


İkincisi, Ermənistanın keçmiş siyasi rəhbərliyi - sabiq Prezident Levon Ter-Petrosyan, habelə digər yüksək vəzifəli sabiq məmurlar daxil olmaqla, həmçinin ictimai fəallar Qarabağın birmənalı şəkildə Azərbaycanın ərazisi olmasını qeyd edir və beynəlxalq hüququn aşkar şəkildə Azərbaycanın tərəfində olmasını etiraf edirlər.


Üçüncüsü, Ermənistanda sabitliyin olmaması hər gün baş verən küçə yürüşləri, mitinqlər və ən əsası, baş verənlərin Qarabağda yaşayan ermənilərin adı ilə bağlanması və baş verənlərdə onların günahkar görülməsi, cəmiyyətdə yaranmış qütbləşmə Qarabağda yaşayan ermənilərin inteqrasiya prosesini sürətləndirəcəkdir.


Dördüncüsü, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasının tərəfində olmasını qeyd edir, sadə erməni xalqı da bunu qəbul edir. Çünki müharibədə yaşadıqları tarixi məğlubiyyəti yenidən yaşamaq istəmirlər.


Lakin, ABŞ-da və ayrı-ayrı ölkələrdə olan və lobbiçilik fəaliyyəti ilə məşğul olan erməni diaspor təşkilatları hər vəchlə bu sülhün qarşısını almağa çalışır, inteqrasiya prosesini yubatmaqla revanşizm hissini alovlandırmağa çalışırlar. Baxmayaraq ki, yaranacaq sülhün hər zaman dəstəklənməsi lazımdır.


Məsələn, keçən ay ABŞ Senatının xarici əlaqələr komitəsində keçirilən 2022-ci maliyyə ili ilə bağlı dinləmələr zamanı bir neçə senator Dövlət Departamentini Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dayandırmaqla Azərbaycanın maraqlarına xidmət edildiyini qeyd etdilər. Qeyri-mütənasib və əsassız mövqe göstərən senatorlar 907-ci düzəlişin qüvvədə saxlanılmasını bildirsələr də, onların bu fikirlərinə, təbii ki, heç bir məhəl qoyulmadı. Baxmayaraq ki, görüşdən əvvəl Amerikanın Erməni Milli Komitəsinin (ANCA) rəhbəri çıxışında bildirmişdi ki, 907-ci düzəliş yenidən qüvvəyə minəcək və “amerikalıların ödədiyi vergidən 1 dolların belə silah alınıb Azərbaycana göndərilməsinə yol verilməyəcək.”  İrəli sürülən bu əsassız fikirlər təbii ki, qəbul edilə bilməzdi və qəbul edilmədi də. Sadəcə ziddiyyətli fikirlər bəzi erməni diaspor  təşkilatlarının sülhün qarşısında ən böyük əngəl olmasını bir daha göstərdi.


Bu gün Qarabağda böyük sürətlə abadlıq və bərpa işləri gedir. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında sürətlə aparılan quruculuq siyasəti tezliklə öz bəhrəsini verəcəkdir. Deyə bilərik ki, Qarabağa yeni nəfəs gəlir və artıq Şuşa şəhəri uzun illərdən sonra yenidən böyük tədbirlərə, festivallara ev sahibliyi edir. İnanırıq ki, tezliklə Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Bunun üçün isə, ilk növbədə regionda sülhün, sabitliyin bərqərar olması ən vacib amildir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]