Azərbaycandakı yas mərasimlərində süfrənin bircə arağı çatmır - Rasim Balayev

“Azərbaycandakı yas mərasimlərində süfrənin bircə arağı çatmır” - Rasim Balayev

“Azərbaycandakı yas mərasimlərində süfrənin bircə arağı çatmır” - Rasim Balayev


 

 

 

Bu gün ölkəmizdə yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir. Əgər ailənin bir üzvü dünyasını dəyişirsə, onun dəfni ilə yanaşı, yas məclisini “yola vermək” üçün müəyyən maddi vəsait tələb olunur. Bu isə çox vaxt hüzr sahibinin borca düşməsinə səbəb olur.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev deyib ki, yas mərasimlərimizdə yol verilən hədsiz israfçılıq acınacaqlı haldır:

“Yas mərasimlərində də əndazəni aşmışıq. Ehsanlarımız da bərbad vəziyyətdədir. Adamlar yığılır gəlir “ha-ha-hi” salırlar. Elə adam var imkanı yaxşıdır ehsanı verir, eləsi də var ki, imkanı yoxdur, borca girib ehsan verir. Kimsə öləndə camaat bilmir ölünün dərdini çəksin ya onun yasında verəcəyi ərzağın. Mən Türkiyədə də, İranda da yas məclislərində olmuşam, hər ikisi islam ölkəsidir, onlarda yaslar çox səliqəli keçir. Ehsanda çay, limon və halva olmalıdır, vəssalam. Bu nə deməkdir?! Vallah, elə yas yeri görmüşəm ki, süfrədə bir dənə spirtli içki çatmır. Dünyanın nə neməti varsa, yığıb tökürlər stolun üstünə, belə şey olmaz axı. Süfrəyə konfet, şokolad, banan qoyurlar təsəvvür edirsiniz?! Bu nişan deyil axı yasdır. Bəsdirin!”.

Aktyorun sözlərinə görə ölü üçün “ehsan vermək” ifadəsinin əsl mahiyyətinə varmaq lazımdır:

“Əgər sənin belə çox imkanın varsa, atanın, ananın ruhunu şad eləmək istəyirsənsə, get 3-4 imkansızın balasının təhsil haqqını ödə. Yaxud 2-3 qoyun kəsdir, şəhid ailələrinə payla. Bax, ehsan budur, yoxsa, harınlamış adamların gəlib süfrə başında bir-iki tikə nəsə yeməyi deyil. Belə şeylər o qədər artıb ki, artıq tanıdığım bir neçə şadlıq sarayı mərasim evinə çevrilib. Oğluma toy elədiyim “Tural” restoranı indi mərasim zalına, yasxanaya çevrilib. Vallah, islahat aparmaq lazımdır. Bir hadisə eşitmişəm, deməli, Naxçıvanın rəhbər şəxlərindən birinin yaxını vəfat edib, deyib ki, mən ehsan verə bilərəm, amma vermirəm, məsləhət görürəm ki, heç kəs də verməsin. Ancaq çay, limon, qənd və halva olsun. İnanın yasını yola vermək üçün borca düşən adamlar görmüşəm. Soruşanda ki, niyə belə edirsən? Deyir ki, “Ay Rasim, camaat deyəcək anasının qədrini bilmədi”. Hər kəs ayağını yorğanına görə uzatmalıdır. İsrafçılıq etmək olmaz. Quranda da israfçılıq haramdır, belə olmaz”

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]