Professor Tərlan Məmmədov: Hazırladığımız peyvənd tək dozada kifayət edəcək təsir gücündədir – EKSKLÜZİV MÜSAHİBƏ

Professor Tərlan Məmmədov: “Hazırladığımız peyvənd tək dozada kifayət edəcək təsir gücündədir” – EKSKLÜZİV MÜSAHİBƏ

Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetində fəaliyyət göstərən azərbaycanlı professor, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən COVID-19-a qarşı peyvənd və sprey formasında dərman hazırlanıb.

 

Aztibb.az koronavirus əleyhinə yeni peyvəndin üstünlükləri, onun virusun yeni ştammına qarşı nə dərəcədə effektiv olması və digər suallara aydınlıq gətirmək üçün COVID-19-a qarşı peyvənd hazırlayan ilk azərbaycanlı alim Tərlan Məmmədovla eksklüziv müsahibəni sizə təqdim edir.

 

- Tərlan müəllim, öncə rəhbərlik etdiyiniz tədqiqatçılar qrupu ilə bu istiqamətdə birgə fəaliyyətinizdən danışardınız.

 

- Təxminən 1 il 3 ay öncə biz Akdeniz Universitetində bu istiqamətdə işlərə başladıq və COVID-19-a qarşı həm peyvəndlər, həm dərman, həm də COVID-19 xəstələrində antikor səviyyəsinin təyin edilməsi üçün kitlər hazırladıq. İndiyə kimi laboratoriyada görülməsi olan bütün işlər uğurla tamamlandı. Mühüm testlər artıq başa çatmışdır. Bəhs etdiyimiz peyvəndlərin heyvanlar üzərində testləri göstərdi ki, bu peyvəndlərin heyvanlara vurulması ilə onların qanında yüksək funksional antikorlar sintez edilir. Ən mühüm test olan virusu neytrallaşdırma testlərini Türkiyənin digər universitetləri ilə birgə tədqiqatlarla başa çatdırdıq. İşlərin davamını xüsusi laboratoriyalarda görmək tələb olunduğundan SARS-CoV-2 virusu neytrallaşdırma testləri türkiyəli professor Aykut Özdarendelinin laboratoriyasında aparıldı və bizim bu yöndə birgə işlərimiz var. Bir neçə ay öncə professor virusu neytrallaşdırma testləri həyata keçirdi və mənə zəng edərək virusu neytrallaşdırma fəallığı yüksək olan peyvəndin əldə olunduğunu bildirdi. Qeyd etmək istəyirəm ki, professor Aykut Özdarendeli Türkiyədə inaktiv vaksini hazırlayan elm adamıdır. İnaktiv vaksin Türkiyədə yeganə vaksindir ki, müəyyən sınaqlardan keçib ve 3-cü klinik sınaq mərhələsindədir. Professor Aykut Özdarendeli mənə zəng etdi, sevinclə bildirdi ki, bu peyvəndlər çox gözəl peyvəndlərdir və SARS-CoV-19 virusunu çox güclü bir şəkildə blok edə bilir. Bu, o deməkdir ki, bizim 1 il magistr və aspirantlardan ibarət komandamla çox gərgin işlərimiz hədər getmədi və nəticədə çox güvənilir və təsirli peyvənd hazırlamağa nail olduq. Yəni bu peyvəndlər insanlar üzərində testləri tamamladıqdan sonra bir güvənilir protein təməlli peyvənd kimi insanlara vurula bilər. Bu peyvəndlə əlaqəli elmi nəticələr nüfuzlu elmi jurnala gondərilib və “BioRxiv”də çap edilib.

 

Bir daha vurğulayım ki, artıq bütün işlər tamamlanıb. Yaşıl bitki əsaslı hər iki peyvənd heyvanlar üzərində və canlı virusla uğurlu nəticələr verib, artıq insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

 

Qeyd etdiyim kimi, biz həmçinin COVID-19 xəstələrini müalicə etmək üçün bir mühüm protein təməlli dərman da hazırladıq. Bu dərman virusun reseptoru olan anqiotensin çevirici fermenti 2, ACE2-dir. Biz bu fermenti bitki hüceyrələrində sintez etdik ve istehsal səviyyəsi (təxminən ~ 0.75 g / kg yarpaq biokütləsində), təmizlənmə verimi (təxminən ~ 0.50 g/kg yarpaq biokütləsində) və virusu zərərsizləşdirmə fəaliyyəti baxımından (1 mikroqram/ml) bu bitkidə hazırlanmış dərman başqa şirkətlər və univesitetlərin hazırladığı ACE2 ilə müqayisədə ən güclü oldu. Bu dərman SARS-CoV-2 virusunu neytrallaşdırma testləri Türkiyənin Ankara Universiteti Baytarlıq Tibb Fakültəsi Viroloji Bölümündə prof. dr. Aykut Ozkulun laboratoriyasında aparıldı. Bu dərman virusu neytrallaşdırma testlərinin nəticəsinə görə bu vaxta qədər dünyanın müxtəlif laboratoriyalarında hazırlanmış ACE2 preparatı içərisində ən güclü, təsirli bir dərman oldu. Gücünə görə, yəni SARS-CoV-2-ni bloklama gücü: 1 mikrogram/ml oldu. ACE2 ile əlaqəli tədqiqatların çap olunması üçün əlyazma “Nature” jurnalı olan “Scientific Reports” jurnalına göndərilib.




Günümüzdə virusla təsirli mübarizə üçün kifayət qədər dərman və peyvəndlər var. COVID-19-a qarşı hazırlanan yeni peyvənd və dərmanın üstünlüyü nədir?

 

- Ümumiyyətlə, zülal əsaslı peyvəndlər daha etibarlı hesab olunur. Bizim peyvəndin də digər peyvəndlərdən üstünlüyü zülal təməlli olmasıdır. Eyni zamanda orqanizmə daxil edilən zülalın miqdarı məlum olduğundan, dozalara nəzarət etmək də mümkündür. Bundan əlavə, zülal əsaslı peyvəndlərin üstünlüyü virusa qarşı yüksək anticisim sintez etmək qabliyyətinə malik olmasıdır. Bu növ peyvəndlər virus mutasiyalarına qarşı dayanıqlı olması ilə də üstünlüyünü qoruyur.

 

Qeyd edim ki, bu gün insanlar üçün istifadə edilən peyvəndlər inaktiv (SINOVAK), mRNA tipli peyvənd (Pfizer-BioNTech, Moderna), DNT tipli (AstraZeneca, Rusiyanin sputnik peyvəndi) peyvəndləridir. RNT peyvəndi sintetik RNT molekullarını insan hüceyrələrinə transfer edən yeni bir peyvənd növüdür. Bu peyvənd Amerikada ve İsraildə insanların çoxuna vurulan bir peyvənddir.

 

Xüsusilə vurğulayım ki, bizim peyvənd rekombinant DNT texnologiyası əsasında yaradılmış zülal (protein) təməlli bir peyvənddir. İnaktiv peyvənd kimi bu peyvəndin də etibarlılığı illərlə sınaqdan keçirilib. Biz virusun protein genini bitki hüceyrələrinə transfer edirik və o genlər bitki yarpaqlarına keçir. Beləliklə, bitkidə o genin məhsulu olan zülallar sintez olunur. Sonra yarpaqlar toplanır və xüsusi texnologiyalar vasitəsilə təmizlənərək peyvəndlər alınır. Bu, inqilabi bir texnologiyadır və bitki keçici ekspressiya sistemi texnologiyası adlanır. Nəyə görə keçicidir? Çünki burda gen bitki hüceyrələrinə daxil olduqda bitki genomuna nüfuz olunmur (yəni bitki genomuna girmir). Həmin o genin məhsulu olan peyvənd alınır.

 

Tarixən, elmə çoxdan məlum olan üsulla hazırlanan peyvəndlərin çatışmazlıqları çoxdur, virusa davamlılığı da aşağıdır. Bundan əlavə, bu gün bazarda olan əksər peyvəndlərin bir neçə dozada tətbiq olunması tələb olunur. Lakin bizim hazırladığımız peyvənd tək dozada kifayət edəcək təsir gücündədir.

 

Tədqiqat qrupumuz yeni peyvəndlə yanaşı, dərman peraparatı da hazırlayıb. Potensial müalicəvi əhəmiyyətli bu dərmanın virusu bloklamaq gücü testlər nəticəsində sübut olunub. Həm peyvəndimizin, həm də dərmanın effektivliyi yüksəkdir.

 

-Açıqlamanızda bildirmisiniz ki, xüsusi növ tütün bitkisində sintez edərək aldığınız zülal təbiətli dərman həm sprey, həm də inyeksiya formasında müalicədə istifadə edilə bilər. Yeni dərmanın qoruyucu immun reaksiyası ilə bağlı insanlar üzərində klinik araşdırma aparılıbmı?

 

- Virusun reseptoru olan ACE2-nin (angiotensin çevirici fermenti 2) bizim bədənimizdə önəmli rolu vardır. Bu ferment təzyiqin tənzimlənməsi, ağciyər və digər orqanların funksiyasında böyük əhəmiyyət daşıyır. Təsəvvür edin ki, virusun reseptoru həmin molekuldur. Virus bu reseptora bağlandığı üçün molekulu blok edir və orqanizmdə həmin fermentin azalması baş verir, nəticədə xəstəliklər yaranmağa başlayır. Mən bu fermentin rekombinant olaraq bitkilərdə müxtəlif formalarını aldım. Nəticədə aparılan testlər göstərdi ki, əldə olunan dərman SARS-COV-2 virusunu üstün məhvetmə gücünə malikdir.

 

2020-ci ilin mart ayında, artıq tədqiqatlara başladığımız ərəfədə ACE2 fermentinin orqanizmdə rolunu nəzərə alaraq, onun elə bir formasını hazırlamalıydıq ki, hüceyrəyə zərər vurmadan virusu blok edə bilsin. Tədqiqatlar nəticəsində bu fermentin çox miqdarda yaradılmasını təmin etdik, artıq onu bitkidən yüksək miqdarda ala bilirik. 1 kq bitkidən təxminən 0,5-0,6 qram, bəzən isə 1 qram əldə edirik. Xaricdən alınan bu fermentin 10 mikroqramı təxminən 300-400 dollara başa gəlir. Biz isə bunu öz texnologiyamız vasitəsilə qramlarla sintez edirik. Əsas məqsəd isə yüksək təsir gücünə malik keyfiyyətli və qiymət baxımından sərfəli dərman almaqdır. Dərmanın istifadəsinə gəldikdə isə deyə bilərəm ki, bu, həm birbaşa inyeksiya formasında, həm də sprey kimi tətbiq edilə bilər. Qeyd olunan istiqamətdə elmi nəticələrimiz dünyanın nüfuzlu “Nature” jurnalının “Scientific Reports” jurnalına göndərilib. “BioRxiv”də yayımlanıb (https://www.biorxiv.org/https://aztibb.az/az/content/10.1101/2021.05.17.444533v1.full.pdf).

 

- Dərman və peyvəndin yaxın zamanda kütləvi istehsalının başlanılmasına ümid edə bilərikmi?

 

- Bir alim olaraq, mən öhdəmə düşən mərhələni həyata keçirdim. Artıq laboratoriya səviyyəsində təsdiq olunmuş, COVID-19-a qarşı yüksək təsiretmə qabiliyyətli peyvənd və dərman əldə edilib. Bundan sonrakı mərhələ isə bazar qiymətləndirməsi məsələsidir. Ümid edirəm ki, Azərbaycanda peyvənd istehsalına maraq göstərən şirkətlər vardır və bu işdə maddi dəstək göstərə bilərlər.

 

Hazırladığımız dərmanla da bağlı önəmli testlər aparılıb. Nəticələrə görə, dərman yüksək göstəriciliyə sahibdir. Ümidvaram ki, istehsalı ilə də bağlı addımlar yaxın zamanlarda atılacaq.

 

 

- Məlumdur ki, virusun davamlı mutasiyaya uğraması daha effektiv peyvəndin yaradılmasını çətinləşdirir. Bu gün biotexnoloji inkişaf peyvənd sənayesinə necə təsir edir?

 

- Bundan öncəki müsahibələrimdə də vaksinlər və onların xarakteristikası barədə məlumat vermişəm. Bu gün tətbiq olunan vaksinlər barədə ictimaiyyətin məlumatı var. Bunların əksəriyyəti biotexnologiyalar vasitəsilə, digər qrup vaksinlər isə klassik üsulla hazırlanır. Məsələ ondadır ki, virus mutasiyaya uğradıqca hazırlanan peyvənd də yenidən işlənmə tələb edir.

 

Biz yeni texnologiya əsasında protein əsaslı peyvəndlər sintez edirik. Mutasiyaları nəzərə alaraq, yenisekvenslər yardırıq. Yeni peyvəndimizin üstünlüyü də ondadır ki, mutasiyalara qarşı daha effektivdir.

 

Qeyd edim ki, hazırda tanınan peyvəndlərin bir qismi üçüncü nəsil texnologiyaların iştirakı ilə hazırlanır.

 

- Peyvənddən sonra da koronavirusa yoluxub xəstəliyi ağır keçirənlər var. Bu məsələyə də münasibətinizi öyrənmək istərdik.

 

Koronavirusa təkrar tutulma mümkün haldır. Peyvənd bədənə vurulubsa, ona qarşı orqanizmdə antikor (antitel) sintez olunmalı və bu da virusu neytrallaşdırmalıdır. Antitel lazımi miqdarda sintez olunursa, xəstəliyə qarşı immunitet yaranır, əks halda yenidən xəstəliyə tutulma riski ortaya çıxır. Deməli, əgər peyvənd vurulduqdan sonra da antikor kifayət qədər sintez olunmayıbsa, xəstəlik təkrar yaşana bilir.

 

Ümumilikdə antitelin sintez olunması bədənin spesifik xüsusiyyətlərindən irəli gələn məsələdir. Digər yandan peyvəndin qoruyuculuq göstəricisi də şərtdir. Bir insanda peyvənddən sonra koronavirusa təkrar yoluxma varsa, daha güclü təsir edən peyvəndə müraciət etməlidir ki, antikor sintez oluna bilsin.

 

Bildiyimiz kimi, virusa yoluxub sağlandan sonra orqanizmdə antitellərin səviyyəsini müəyyən etmək üçün antitel testlərinin aparılması tələb olunur. Türkiyədə hazırda antikor testləri üçün kitlər istehsal edən heç bir şirkət yoxdur. Protein təməlli antigenlər bazasında biz COVID-19 xəstələrində və ümumiyyətlə insanlarda COVID-19-a qarşı antikor səviyyəsini təyin etmək üçün 3 kit hazırladıq. Bununla bağlı Türkiyənin Səhiyyə Nazirliyinə məlumat verdim. Bu təşəbbüs yüksək qiymətləndirildi və maddi olaraq istehsalı çox ucuz başa gələn bu kitlər 100 koronavirus xəstəsi üzərində yoxlanıldı. Xaricdə hazırlanan bahalı kitlə (EUROIMMUN, Lübeck, Germany kitl) eyni göstəriciləri olduğu müəyyən edildi. Hazırda isə kitlərin istehsalı ilə bağlı icazə alınması mərhələsindəyik.

 

Nərgiz QƏHRƏMANOVA, AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]