BDU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib

BDU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş onlayn tədbir keçirilib.  Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə öncə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
 

Giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarını salamlayıb, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. Ramin Səmədov vurğulayıb ki, quruluşunun 103-cü ildönümündə Silahlı Qüvvələr Gününü 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazanan Müzəffər Azərbaycan Ordusunun bayramı kimi qeyd edirik. O, bildirib ki, illər ötdükcə bu qələbənin şərəfinə dastanlar, romanlar, tarixi əsərlər yazılacaq, uzun əsrlər bu şanlı zəfərdən bəhs olunacaqdır.
 

Sonra Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu və tarixçi alim, BDU-nun dosenti Ələmdar Şahverdiyev  26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, formalaşma və inkişaf dövrü barədə ətraflı məlumatlar verilib. Xüsusi vurgulanıb ki, ölkəmizdə peşəkar ordu quruculuğunun əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərimizin davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü, ardıcıl siyasəti nəticəsində isə Azərbaycan ordusu bu gün regionun ən qüdrətli, dünyanın ən peşəkar ordularından birinə çevrilib. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin tarixi zəfərə imza atmasının, ərazi bütövlüyümüzün təmin edilməsinin xalqımızda böyük ruh yüksəkliyi və qürur hissi yaratdığı qeyd olunub.
 

26 iyun- Silahlı Qüvvələr Gününə həsr edilmiş mərasim tələbələr tərəfindən hazırlanmış bədii hissə ilə başa çatıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]