Asif Rüstəmli: AZƏRBAYCAN ORDUSU NƏ VAXT YARANIB?

Asif Rüstəmli: AZƏRBAYCAN ORDUSU NƏ VAXT YARANIB?

 AZƏRBAYCAN ORDUSU NƏ VAXT YARANIB?


Xalqımız Qarabağ qələbəsindən sonra müzəffər Azərbaycan ordusunun ildönümünü böyük ruh yüksəkliyi, fərəh hissi ilə qarşılayır, hərbi qurumumuzun yaranma tarixinə maraq və diqqət hər zaman olduğundan daha prioritet məsələ sayılır.
Öncə onu vurğulayaq ki, Silahlı qüvvələrin yaranma tarixi kimi qeyd edilən 26 iyun 1918-ci ildə Cümhuriyyət Hökumətinin qərarı ilə ordu təsis edilməmiş, yalnız mövcud qurumun adı dəyişdirilmiş: - "Müsəlman Korpusu" - "Əlahiddə Azərbaycan Korpusu" adlandırılmışdır. Bu tarixə qədər isə ordu yaradıcılığı istiqamətində mühüm addımlar atılmışdır.
Məlim məsələdir ki, Cümhuriyyətə qədər rəsmi sənədlərdə azərbaycanlı, Azərbaycan türkləri əvəzinə müsəlman, Qafqaz müsəlmanları sözlərindən istifadə edilirdi. 1917-ci ildə Rusiya imperiyası çökdükdən sonra Tiflisdə Zaqafqaziya Komissarlığı yaranır. Bu Komissarlıqda Fətəli xan Xoyski öz xalqını Zaqafqaziya Müsəlmanları Mərkəzi Komitəsinin sədri statusunda təmsil edir. O 1917-ci il noyabr ayının əvvəllərində Zaqafqaziya Komissarlığının rəhbəri Y.P.Gegeçkoriyə milli ordunun yaradılması barədə müraciət edir. Noyabrın 15-də Zaqafqaziya Komissarlığı "Müsəlman Kol (nizami-A.R.) ordusu"nun yaradılması haqqında qərar qəbul edir və işin icrası Fətəli xan Xoyskiyə həvalə olunur.
Zaqafqaziya Komissarlığının "Müsəlman Kol (nizami-A.R.) ordusu" haqqında11 dekabr 1917-ci ildəqəbul etdiyi 7 bəndlik qətnamədə deyilirdi:
1. Zaqafqaziya müsəlmanlarının əsgərliyə alınması könüllü sifətilə olunmalıdır.
2. Müsəlman Əsgərlərinin toplanmasını Mərkəzi Zaqafqaziya Müsəlman Komitəsinə tapşırmalı, məzkur komitə kifayət qədər də silah daşımağa müstəid adamlar verməlidir.
3. Toplanmış könüllülər müayinəyi-tibbiyyədən sonra əsgəri hissələrə təqsim edilməlidirlər.
4. Əsgəri hissələrə təqsim edilmiş müsəlman əsgərləri əsgərlik xidmətini yerinə yetirməkdən ötəri ümumi qayda və əsas üzrə əsgərlər sinfində qalmalıdırlar.
5. Komandanlar, ərkani-hərb məmurları və ümumiyyətlə bütün zabitlər Zaqafqaziyanın yerli müsəlmanlarından olmalıdır. Bunlar kifayət etmədikdə başqa millətlər də üzv oluna bilərlər.
6. Kol ordunun təşkili və hissələrinin tərtibi barəsində olacaq bütün məxaric... dövlət xəzinəsi öhdəsinə qoşmalıdır.
7. Bu kol ordu təşkil olunduqdan sonra Zaqafqaziya müsəlmanlarının saldat pulu (əsgəri naloq) verməkdən azad edildikləri həqqində bir əmrnamə verilməlidir."
Fətəli xan Xoyski "Müsəlman Kol (nizami-A.R.) ordusu"nun yaradılmasını əfsanəvi artilleriya generalı Əliağa Şıxlinskiyə həvalə edir. O 1917-ci ilin dekabr ayının sonunda Gəncə şəhərinə gələrək burada Qərargah yaradır. Ə.Şıxlinski "Xatirələrim"də yazırdı:
"Öz xalqımın, baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım... Dekabrın otuz birində mən öz qərargahımın ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik."
Müsəlman Kol Ordusu (rus dilində "Мусульманский корпус") 1918-ci ilin yanvarında Şəmkirin Dəllər dəmir yol stansiyası yaxınlığında silahlı erməni və rus əsgərlərinin tərksilah edilməsində, mart ayında Gəncə şəhərində erməni bandalarının zərərsizləşdirilməsində uğurla sınaqdan çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra, 26 iyun 1918-ci ildə Gəncə şəhərində Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Hökumətin qərarı ilə Müsəlman Kol (nizami) Ordusu - Əlahiddə Azərbaycan Ordusu adlandırılmışdır.


1920-ci ilin Mart ayında üsyan etmiş erməniləri Əsgəranda, Xankəndində məğlub edərək yürüşü Şuşada qələbə ilə başa çatdıran Azərbaycan ordusunun çağdaş xələfləri ötən il 44 gün ərzində babalarının zəfər yürüşünü uğurla təkrarlamışlar. Azərbaycan Ordusuna eşq olsun!


Bakı, 26.06.2021


Şəkildə: 1. General Əliağa Şıxlinski. 2. Azərbaycan Cümhuriyyəti Hökumətinin qərarı (rus dilində).

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]