Beynəlxalq Muğam Mərkəzi Bakıdakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq edəcək +FOTO=8

Beynəlxalq Muğam Mərkəzi Bakıdakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq edəcək +FOTO=8

Beynəlxalq Muğam Mərkəzi Bakıdakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq edəcək 

 

Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Bakıdakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İyunun 18-də gerçəkləşən mərasimdən öncə BMM-in direktoru, Xalq artisti Murad Hüseynov təmsil etdiyi mədəniyyət ocağının fəaliyyəti və yaranma tarixi barədə qonağa məlumat verib. Bildirib ki, 2003-cü ildə UNESCO tərəfindən muğam sənəti “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsər”i elan edilib. Qeyri-maddi mədəni irslə bağlı Konvensiya qüvvəyə minəndən (2008) sonra tərtib edilən Reprezentativ siyahıya da ilk olaraq muğam sənətimiz salınıb. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında muğam sənətinə xüsusi münasibət mövcuddur. Azərbaycan muğamının dünyada daha geniş təbliği məqsədilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması əhəmiyyətli addımdır.

Görüşdə Beynəlxalq Muğam Mərkəzi ilə Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, musiqi təhsili müəssisələri arasında əlaqələrin genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da bu əməkdaşlığa töhfə verə biləcək layihələrin icrasına institut tərəfindən dəstək göstəriləcəyini bildirib.

Vurğulanıb ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus” və türkcənin “dünya dili” kimi təbliğ edilməsi ili elan olunub. Bu il həmçinin Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı”nın 100-cü, böyük sufi mütəfəkkiri Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ildönümüdür. Bu əlamətdar tarixlər də Türkiyədə və Azərbaycanda geniş şəkildə qeyd ediləcək.

Daha sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç imzalayıb.

İmzalanma mərasimindən sonra BMM-nin solistləri Əməkdar artistlər Sahib Paşazadə və Toğrul Əsədullayevin müşayiəti ilə xanəndə Elgiz Əliyevin ifasında muğam və xalq mahnılarından ibarət konsert proqramı təqdim edilib.

Diqqətə çatdıraq ki, bundan əvvəl Bakıdakı Yunus Əmrə İnstitutunun təklifi əsasında Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artist İlkin Əhmədov və Almaxanım Əhmədlinin ifa etdiyi, sözləri və musiqisi Kazım Karabəkir paşaya aid olan “Türk yılmaz marşı” maraqla qarşılanıb. Həmçinin mart ayında Beynəlxalq Muğam Mərkəzinin solistləri tərəfindən mərkəzin səhnəsində səslənən “İstiqlal Marşı” hər iki dövlətin qardaşlığını bir daha nümayiş etdirib. Bu ifa Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıranın şəxsi “Twitter” hesabından paylaşılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]